Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün765
DünənDünən2847
Bu həftəBu həftə765
Bu ayBu ay58926
Bu günə qədərBu günə qədər7486260

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstan vətəndaşları Azərbaycanla münasibətləri yaxşı qiymətləndirir

Beynəlxalq Respublika İnstitutu (IRI) Gürcüstanda keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sorğunun beynəlxalq münasibətlərə dair bölməsində rəyi soruşulanlar bir sıra dövlətlərlə münasibətləri qiymətləndiriblər. Sorğuda iştirak edənlərin 82%-i Azərbaycanla münasibətləri yaxşı, 12%-i nə yaxşı, nə pis, 2%-i isə pis qiymətləndirib. 4%-i isə suala cavab verməkdə çətinlik çəkib.


Respondetnlərin 90%-i Avropa İttifaqı, 88%-i ABŞ, 83%-i Ukrayna, 75%-i Türkiyə, 68%-i Ermənistanla münasibətlərin yaxşı olduğunu hesab edib.
 

"Gürcüstanın əsas siyasi tərəfdaşı kimdir" sualına rəyi soruşulanların 53%-i ABŞ, digər 53%-i Aİ, 22%-i Ukrayna, 19%-i Azərbaycan deyə cavab verib. Respondentlərin 85%-i Rusiyanı Gürcüstan üçün siyahi təhlükə hesab edib.
 

Gürcüstanın əsas iqtisadi tərəfdaşı ilə bağlı sualı respondentlərin 37%-i ABŞ, 36%-i Aİ, 23%-i Azərbaycan, 22%-i Türkiyə, 18%-i Ukrayna deyə cavablandırıb. Rəyi soruşulanların 68%-i Rusiyanı Gürcüstan üçün əsas iqtisadi təhlükə adlandırıb.

IRI sorğunu bu ilin 10-22 aprel tarixində 1500 Gürcüstan vətəndaşı arasında keçirib.

Gürcüstanda Azərbaycan dilli məktəbin şagirdləri etiraz aksiyası keçirib

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların sıx yaşadığı Yormuğanlı kəndində etiraz aksiyası keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənd məktəbinin şagirdləri və onların valideynlərinin iştirak etdiyi aksiyada gürcü dili və ədəbiyyatı müəlliməsi Tea Qurgenidzenin işdən azad edilməsinə etiraz olunub.


T.Qurgenidze Yormuğanlı kəndinin mərkəzində çadır qurub və gürcü dili dərslərini orada keçirməyi planlaşdırır. Müəllimə bir neçə ay öncə şagirdlərdən biri ilə kobud rəftarına görə Saqareco rayonunun Resurs Mərkəzi tərəfindən işdən azad olunub. Kənd məktəbinin şagirdləri və onların valideynləri isə bu ittihamı əsassız hesab edərək, müəllimənin işə bərpa olunmasını tələb edirlər.  Analoji tələblə etiraz aksiyası bu ilin mart ayında da keçirilib.   

Tbilisidə Azərbaycanın Respublika günü qeyd olunur

Tbilisidə 28 May – Azərbaycanın Respublika günü qeyd olunur.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanda Azərbaycanlı iş adamları Birliyinin (AZEBİ) üzvləri və ictimaiyyət nümayəndələri Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Bu gün səfirlik tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu indiki "Gənclər sarayı"nın binasında Respublika günü və AXC-nin 100 illiyinə həsr olunmuş rəsmi qəbul təşkil olunacaq.  Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Dövlət bayrağı Azərbaycanın bütün sərhədləri boyunca

Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətindən  verilən məlumata görə, ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunub. 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqları­mızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağı­mızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.

 

Alimlər xərçəngdən qaçınmağın yolunu açıqladı

Düzgün qidalanma və sağlam həyat tərzi bədxassəli şişlərin qarşını almağa kömək edir.

Bu haqda Ümumdünya xərçəng tədqiqatları fondunun yeni hesabatında deyilir.

Alimlər piylənmənin 12 müxtəlif onkoloji xəstəliyin inkişafına təkan verdiyini ortaya çıxarıb. Araşdırmanın nəticələrinə görə,  bədənin artıq çəkisi qaraciyər, yumurtalıq, mədə, prostat vəzi, ağız boşluğu, udlaq, bağırsaq, süd vəzisi, sidik kisəsi, böyrək, qida borusu, mədəaltı vəzi və analıqda xərçəngə yol aça bilir.

Hesabatda bədxassəli şişlərdən qaçınmağa kömək edəcək bir sıra tövsiyələr verilib. Tədqiqatçıların sözlərinə görə, bunun üçün insan yüksək fiziki fəallığı qorumalıdır, meyvə-tərəvəz, taxıl və paxla məhsullarından ibarət pəhriz saxlamalıdır.

Alimlər yağlı yeməklərin, o cümlədən, “fastfudun”, yarımfabrikatların, qırmızı ətin və şəkərin qəbulunu maksimum dərəcədə azaltmağı vacib sayır. Mütəxəssislər eyni zamanda spirtli içkilərdən və qida əlavələrindən uzaq durmağı tövsiyə edir.

Güclü külək 60 kəndi işıqsız qoyub

Ötən gecədən başlayaraq səhərədək İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən leysan yağışı yağıb.

Dalga tv APA-ya istinadla xəbər verir ki, yağışdan sonra əmələ gələn sel suları və külək təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Təbii fəlakət zamanı İsmayıllı şəhərində və kəndlərdə sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları, elektrik dirəkləri aşıb, meyvə-tərəvəz və taxıl tələf olub. Rayonda elektrik naqilləri qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb.  Ümumilikdə rayonun 60 kəndinə elektrik enerjisinin verilişi dayanıb. Həmçinin, 7 kəndi təbii qazla təmin edən magistral qaz borusunun Ax-Ox çayı üzərindən keçən hissəsi selin təsiri nəticəsində qırılıb, əhalinin qaz təchizatı dayanıb. Hal-hazırda rayonda güclü yağış yağdığı üçün qaz xəttini bərpa etmək mümkün olmur.

Bundan əlavə, ötən gecə çobanlar iri və xırdabuynuzlu heyvanları Girdiman çayından keçirərkən qəflətən gələn güclü sel nəticəsində heyvanların bir qismi tələf olub. Dörd çoban, “QAZ-66” markalı minik maşını və 600-ə yaxın qoyun və inək çayın ortasındakı boş torpaq sahəsində köməksiz vəziyyətdə qalıb. Gecə saatlarında İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin ərazi nəzarətə götürülüb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib, hazırda insanların və mal-qaranın xilas edilməsi ilə bağlı işlər aparılır. Təbii fəlakət zamanı rayona dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir.

Araşdırma aparılır.

Yaddaşı gücləndirən və evdə yetişdirə biləcəyiniz 6 BİTKİ

Evdə asanlıqla yetişdirə biləcəyiniz bir çox bitki beyinə və yaddaşa müsbət təsir edir. Dalga tv bu bitkilərdən bəzilərinin siyahısını oxucuları ilə bölüşür.

Nanə

Nanənin təkcə qoxusu beyin funksiyasına və zehinə müsbət təsir edir. Evinizdə təzə və quru nanə yarpaqları asa bilərsiniz. İş masasına bir bardaq nanə çayı qoya bilərsiniz. Bundan başqa nanə salat, duzlu yeməklər və şirniyyata da əlavə edilir.

Adaçayı
Adaçayı Altsheymer xəstəliyinin müalicəsində və yaddaşın gücləndirilməsində təsirlidir. Bu bitkini çay kimi dəmləyib gündəlik içmək mümkündür. Otağa quru və ya yaş adaçayı yarpaqları qoyun. Qoxusu yaddaş funksiyalarını inkişaf etdirir.

Sarıkök

Müntəzəm olaraq sarıkök istifadə etmək orqanizmə çox faydalıdır. Məsələn, yüksəlmiş enerji səviyyəsi, sakitçilik və stress səviyəsinə təsir edir. Sarıkökü təzə-tər istifadə etmək lazımdır. Sarıkökü qara istiot ilə qarışdırıb qəbul etmək qana müsbət təsir edir. Bundan başqa yağlı yeməklərlə də istifadə etmək məsləhətdir.

Kəkotu
Kəkotu beyindəki anti oksidan səviyyəsini, omega-3 yağını artırır. Ən xoşladığınız qidalara və yeməklərə kəkotu əlavə edin. Eyni zamanda bitki çayı kimi də dəmləyib içmək, qara çaya əlavə edib içmək də olar.

Zəncəfil
Zəncəfil yaddaş funksiyası və diqqəti inkişaf etdirir. Bundan başqa Parkinson xəstəliyi kimi qocalığa xas xəstəlik risklərini də azaldır. Çay və ya qaynanmış suya zəncəfil əlavə edin. Bundan başqa şorba və şirniyyatda da geniş istifadə edilir.

Lobya
Kifayət qədər lobya qəbul etmək yaşlandıqca ortaya çıxan əqli geriləmənin qarşısını alır. Tam yetişməmiş lobyanı doğrayıb, duzlayıb yemək olar. Quru lobyadan isə şorba, salat və digər yeməklər hazırlamaq mümkündür.

Gürcü cüdoçular federasiya rəhbərinin kabinetini mismarladı

Cüdo üzrə Gürcüstan yığmasının üzvləri federasiya prezidenti David Kevxişvilinin istefasını tələb ediblər və tətilə başlayıblar. 

Cüdoçular Kevxişvili kabinetində olmadığı zaman onun kreslosunu zibilliyə atıblar, qapısına isə mismar vurublar.

"Kevxişvilinin Gürcüstanda cüdonun inkişafına mənfi təsir edən fəaliyyətinə görə onun istefasını tələb edirik. 

Təəssüf  ki, müvafiq dövlət qurumları heç bir reaksiya göstərməyiblər. Biz lazımi nəticə əldə olunmayanadək etirazımızı davam etdirəcəyik", - Gürcüstan yığmasının kapitanı Varlam Liparteliani deyib. 

Cüdoçular federasiya prezidentini cüdonun inkişafı, eləcə də, iri turnirlərdə qələbə qazanmış idmançılara mükafat üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə ittiham ediblər. 

İdmançıların sözlərinə görə, funksioner təcrübəli məşqçiləri işdən azad edib və onların yerinə öz dostlarını gətirib. 

Kevxişvili bəyan edib ki, istefa vermək niyyətində deyil və idmançıların təzyiqlərinə uymayacaq. 

Aprel ayında Gürcüstanın cüdo yığması IX dəfə komanda hesabında Avropa çempionu olub. 

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ

Dalga tv müqəddəs Ramazan ayının 7-ci gününün təqvimi və duasını təqdim edir.

7 ramazan 1439 – 23 may 2018

İmsak: 03:33
İftar: 20:13

7-ci günün duası:

Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.

Tərcüməsi:

İlahi, bu ayın orucunu tutmaqda və namazını qılmaqda mənə kömək ol, məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azmışları doğru yola Çıxaran Allah!

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Kafedə partlayışda ölənlərin sayı artıb

Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 44 yaşlı Natiq İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

O bildirib ki, yaralı gecə saat 02:00 radələrində dünyasını dəyişib.

Ş.Məmmədov qeyd edib ki, digər yaralı, 53 yaşlı Şəkər İbrahimovanın vəziyyəti isə ağır olaraq qalır: 

“Hazırda qadının müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, mayın 21-də Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) kafenin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha iki nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Gürcüstanda zəlzələ olub

Gürcüstanda 2,9 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosunun İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Telavi rayonunun Lapanquri kəndindən 14 kilometr şimal-qərbdə qeydə alınıb.
 

Dağıntılar barədə məlumat yoxdur. 

Temperatur 33 dərəcəyədək yüksələcək

Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yarımadada havanın temperaturu gecə 15-18, gündüz 26-30 isti, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq. 

Abşeron çimərliklərində mülayim cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-şərq istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 13-17, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında da əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Havanın temperaturu gecə 14-19, gündüz 28-33 dərəcə isti təşkil edəcək

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz olacaq. Havanın temperaturu gecə 15-18, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 20-24 isti təşkil edəcək.

Saytda Axtarış

Son xəbərlər