Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün863
DünənDünən2380
Bu həftəBu həftə3243
Bu ayBu ay38546
Bu günə qədərBu günə qədər7409020

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Tbilisidə “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

alt

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filminin Tbilisi şəhərində təqdimatı olub. 

 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş film Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə hazırlanıb. 

Filmdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən fəal rəhbərlərinin yaxından iştirakı ilə əzab-əziyyət, mübarizələr sayəsində əldə olunan müstəqilliklə bağlı respublikanın son dövrlərində verilən çətin qərarlardan bəhs edilir.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma zərurətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıb. Bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət Şərqin ilk və ən demokratik respublikasına çevrilə bilib və bu respublika Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

D.Həsənov Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Gürcüstanda keçirilmiş sərgi, rəsmi qəbul, konfrans və digər silsilə tədbirlər barədə də məlumat verib. Bildirib ki, bu gün “Son iclas” filminin nümayişi Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdəndir. Filmdə Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs olunur və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyi əks etdirilir. Qeyd edilib ki, film bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir. Diplomat bildirib ki, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın rəhbərliyi ilə həyata keçirilmiş işlər sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyəti ilə bağlı “Miras” və digər bədii-sənədli filmlər yer alır.

Daha sonra “Son iclas” filmi ingilis dilində gürcücə subtitrlərlə nümayiş etdirilib. Tamaşaçılar sırasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr olublar. Film izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Ekran əsərinə tamaşa edən gürcü politoloq Tengiz Txilava jurnalistlərə müsahibəsində filmin yüksək peşəkarlıqla hazırlandığını deyib. Bildirib ki, film onda çox güclü təəssürat yaradıb. 

Politoloq deyib: “Ekran əsərinə sona qədər demək olar ki, bir nəfəsə tamaşa etdim. Çox emosionallıqla hazırlanan bu ekran əsəri maraqlı faktlarla zəngindir. Təəssüf ki, Gürcüstanda ilk respublikanın yaradılmasının 100 iliyinə həsr olunmuş belə film hazırlanmayıb”.

Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə “Payız sonatası” tamaşası ilə çıxış edib

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı noyabrın 22-də Tbilisidə “Payız sonatası” adlı tamaşa ilə çıxış edib.

A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirilən tamaşada rolları Azərbaycanın Xalq artistləri Lyudmila Duxovnaya və Məbud Məhərrəmov, aktrisalar Rumiya Ağayeva və Tamilla Abutalıbova ifa ediblər. 

Rejissor İlqar Səfatın isveçli teatr və kino rejissoru İnqmar Berqmanın pyesi əsasında səhnələşdirdiyi tamaşa ana və qızının həyatına həsr olunub. Sadə kənd keşişinin arvadı Eva yeddi ildir görüşmədiyi anası Şarlottanı evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, çılğın və yaşlı pianoçudur. Təzadlarla dolu, əzablı həyat sürən ana və qızı ötən günləri yada salaraq münasibətlərinə aydınlıq gətirirlər. 

Tamaşa teatr həvəskarları tərəfindən maraqla qarşılanıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov uğurlu tamaşaya görə aktyorları və teatr kollektivini təbrik ediblər.

Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev  deyib ki, tamaşa Tbilisi Dövlət Akademik Rus Dram Teatrı ilə əldə olunmuş razılıq əsasında hazırlanıb. Hər iki teatrın rəhbərliyi mədəniyyət ocaqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi barədə razılığa gəlib. Bu tamaşa da həmin razılaşma əsasında təqdim olunur. Noyabrın 29-da isə gürcü həmkarlarımız Bakıda tamaşa təqdim edəcəklər.

Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat

Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani şəhərində ötən həftəsonu ənənəvi şərab festivalı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir şəhərin "Axtala" kurortu ərazisində Gürcüstanda qeyd olunan "Gürcü şərabı"

günləri çərçivəsində təşkil olunub.

Kaxeti bölgəsi qonşu ölkənin şərabçılıq mərkəzi sayıldığından burada keçirilən festival daha genişmiqyaslı olub. Festivalda 100-ə yaxın yerli şərab istehsalçısı öz məhsulunu təqdim edib. Tədbir çərçivəsində müxtəlif pavilyonlarda konsert proqramları, əyləncəli oyunlar keçirilib, şərabın hazırlanması üçün üzümün əzilməsi prosesi nümayiş etdirilib.

Havanın yağışlı və soyuq olmasına baxmayaraq, şərab bayramına çoxlu sayda yerli sakinlər, əcnəbi qonaqlar, turistlər və diplomatik korpusun nümayəndələri qatılıblar.

Festivalın ən maraqlı hissəsi Gürcüstanın milli şirniyyatı olan çurçxelanın ilk dəfə olaraq 4 metrlik ölçüdə hazırlanması olub. Adi çurçxelanın standart ölçüsü 30 sm təşkil edir. Gürcü şirniyyatının tərkibi şərab şirəsi, un və qozdan ibarətdir. Fındıq və badamlı çurçxela növləri də var.

Gürcüstanın milli şirniyyatı belə nəhəng ölçüdə nəinki ölkədə, dünyada da ilk dəfədir hazırlanıb. 3-4 metrlik hər bir çurçxelanın hazırlanmasına 3 kiloqrama yaxın qoz ləpəsi sərf olunub.

Layihə Gürcüstanın "Grand Travel Group" şirkəti tərəfindən həyata keçirilib. Şirkətin nümayəndəsi David Dolidze jurnalistlərə bildirib ki, böyük ölçüdə çurçxela hazırlamaq ideyası çoxdan yaranıb: "Bunun üçün hazırlıq işləri aparıldı və ilk olaraq 2 metrlik çurçxela hazırladıq. Festival çərçivəsində ərsəyə gətirdiyimiz ən kiçik çurçxelanın ölçüsü 3,5 metr, ən böyüyü isə 4 metrə yaxın oldu".

D.Dolidzenin sözlərinə görə, çurçxelanın hazırlanması Gürcüstanda şərabçılıq mədəniyyəti ilə sıx bağlıdır: "Çurçxela yüksək kalorili və doyumlu şirniyyatdır. Onun çəkisi az olduğundan müharibələr zamanı gürcü döyüşçülər şirniyyatı üzərlərində gəzdirirdilər. Bununla yanaşı çurçxela antiseptik xüsusiyyətlərə malikdir və immuniteti gücləndirir. II Dünya müharibəzi zamanı hərbi hospitallara yaralı əsgərlər üçün Gürcüstandan çurçxelalar göndərilirdi".

Şirkət nümayəndəsi deyib ki, nəhəng ölçüdə çurçxelanın hazırlanmasının məqsədi Gürcüstanda şərab turizminin ölkə daxilində və xaricində populyarlaşdırılması və ölkəyə daha çox turist cəlb etməkdir.

Şirkətin digər nümayəndəsi Giorgi Dolidze isə bildirib ki, nəhəng ölçüdə hazırlanmış çurçxelanın Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün müraciət olunub.

Şirkətin pavilyonunda festival iştirakçılarına nəhəng ölçüdə çurçxelanın hazırlanması prosesi nümayiş etdirilib. Ziyarətçilərə standart ölçüdə çurçxela hazırlamaq imkanı da yaradılıb. 

Tbilisidə şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarının sərgi-satışı keçirilir

Gürcüstan paytaxtı Tbilisi şəhərində, "Axundov Evi" İncəsənət Qalereyasında "Şərq nağılları" adlı sərgi-satış yarmarkası açılıb. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki,  sərgidə Tbilisi sakinlərinin şəxsi kolleksiyalarında saxlanılan 60-dan çox təsviri və tətbiqi incəsənət nümunələri və qədim Azərbaycan xalçaları nümayiş etdirilir.

Sərginin açılış mərasimində Azərbaycan, Türkiyə, İran, Fransa səfirliklərinin nümayəndələri, incəsənət adamları və kolleksiyaçılar iştirak edib.

Layihənin rəhbəri, rəssam Natella Tsiklauri bildirib ki, Azərbaycan xalçaları Tbilisidə yaşayan müxtəlif millətlərin nümayəndələrinin şəxsi kolleksiyalarına məxsusdur: "Sərgilənən 28 xalça arasında Qarabağ və Azərbaycanın digər bölgələrinə aid olan xalça nümunələri də var. Azərbaycan xalçaları təbii boyalarla rəngləndiyinə görə, onlar keyfiyyət xüsusiyyətlərini itirməyiblər".

N.Tsiklauri sərgilənən Azərbaycan xalçalarının XIX əsrin sonuna aid olduğunu qeyd edib: "xalçalar arasında ən qədimi olanı XIX əsrin sonuna aid olan Qarabağ xalçasıdır. Bu xalça eksponatlar arasında ən bahalısıdır. Onun qiyməti 7 min lari (2500 dollardan çox – red.) təşkil edir. Xalçaların satışından əldə olunacaq məbləğ onların sahiblərinə veriləcək".

"Axundov Evi" İncəsənət Qalereyasının direktoru Arçil Bejanişvili "Şərq nağılları" adı altında sərgilənən eksponatların maraqlı və orijinal olduğunu deyib: "Bu həftə sonu Tbilisidə "Tbilisoba" bayramı qeyd olunacaq. Ümid edirəm ki, "Şərq nağılları" sərgisi bayrama qatılacaq yerli sakinlər və əcnəbi qonaqlar tərəfindən də böyük maraqla qarşılanacaq".

"Şərq nağılları" sərgi-satış yarmarkasında həmçinin Qacarlar dövrünə aid rəsm əsərləri, vazlar, naxışlı minalanmış qablar, məşhur rəssamlar Rixard-Karl Zommer və Franz Rubonun şərq mövzusunda olan tabloları da təqdim olunub.

 

Sərgi oktyabrın 30-dək davam edəcək. 

Azərbaycanlı model Gürcüstanda gözəllik müsabiqəsinin qalibi oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Miss and Mister Planet - 2018" beynəlxalq gözəllik müsabiqəsinin qalibləri müəyyənləşib.

"Miss Planet - 2018" tituluna Ukrayna təmsilçisi Yelana-Evelina Firut, "Mister Planet - 2018" tituluna isə Azərbaycan təmsilçisi Emil Qasımov layiq görülüb.

"Miss Planet 2018" titulu uğrunda yarışmada Azərbaycanı təmsil edən Züleyxa Orucova isə internet üzərindən keçirilmiş səsvermədə media arasında rəğbətə görə ilk beşlikdə yer alıb.

Gözəllik müsabiqəsinə Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Tacikistan, Latviya daxil olmaqla ümumilikdə 35 ölkəni təmsil edən modellər qatılıb.

 

Müsabiqənin qaliblərinə qızıl tac və 5000 avro məbləğində pul mükafatı təqdim olunub.

Tbilisidə azərbaycanlı gənc rəssamın ilk fərdi sərgisi açılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc rəssam Fuad Babazadənin ilk fərd sərgisi açılıb.

Sərgidə rəssamın 30-a yaxın rəsm əsəri təqdim olunub.

F.Babazadə jurnalistlərə müsahibəsində Tbilisidə doğulduğunu və uşaqlıqdan rəssamlığa böyük marağının olduğunu deyib: "Tbilisi İncəsənət Akademiyasını bitirmişəm. Sərgidə mənzərə, portret və natürmort janrında olan əsərlərim nümayiş etdirilir. Onların arasında Azərbaycanın görkəmli şəxsiyyətləri olan Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazehin portretləri də var. Hər iki böyük mütəfəkkir Tbilisidə yaşayıb-yaradıb və dostluq ediblər. Onlar Azərbaycan və Gürcüstan xalqları arasında dostluq simvolları olublar. Gələcəkdə azərbaycanlı və gürcü yazıçı və şairlərin portretlərini çəkməyi davam etdirəcəm".

Tədbirdə iştirak edən Gürcüstanın Rəssamlar İttifaqının sədri Quram Tsertsvadze F.Babazadənin əsərlərini yüksək qiymətləndirərək onu ilk sərgisi münasibətilə təbrik edib: "Fuad Babazadə Tbilisi İncəsənət Akademiyasını uğurla bitirib və o, çox istedadlı rəssamdır. Biz onu Rəssamlar İttifaqının üzvlüyünə qəbul etmişik. Gənc rəssamın sərgisi dost və qardaş ölkələr olan Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına bir töhfədir".

Sərginin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstanın tanınmış incəsənət xadimləri, ziyalıları, azərbaycanlı gənclər və məktəblilər iştirak ediblər. 

Gürcüstanda Nəriman Nərimanova həsr olunan tədbir keçirilib

alt

Gürcüstanın Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun həyat və yaradıcılığının təbliğinə həsr olunan görüş keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin təşkilatı dəstəyi ilə baş tutub.

Görüşdən öncə Nəriman Nərimanovun Bakıdakı Ev Muzeyinin direktoru Kamilə Hüseynova, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə, azərbaycanlı ziyalılar və gənclər N.Nərimanovun Marneulidəki büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Çay evində keçirilən tədbirdə çıxış edən gənc fəal Aygül İsayeva bildirib ki, əsas məqsəd N.Nərimanovun gənclər arasında düzgün və tarixi faktlar əsasında tanıdılmasıdır: "Nəriman Nərimanovun həyat və fəaliyyəti Gürcüstanla sıx bağlı olub və o, həmişə bu ölkədə xüsusi hörmət və ehtiramla yad edilib. Onun Gürcüstanda böyük xidmətləri olub və Nəriman Nərimanov iki xalq arasında dostluq simvolu kimi tanıdılmalıdır. Azərbaycanlı gənclər və Gürcüstan ictimaiyyəti arasında Nəriman Nərimanovun olduğu kimi təbliğ olunmasına böyük ehtiyac var. Ədibin tanıdılması üçün onun əsərləri gürcü dilinə tərcümə olunmalıdır".

Nəriman Nərimanovun Bakıdakı Ev Muzeyinin direktoru Kamilə Hüseynova isə bildirib ki, görkəmli dövlət xadimi və yazıçının zəngin irsinin gənclər arasında tanıdılmasının böyük əhəmiyyəti var: “Gənclər Nəriman Nərimanovun yaradıcılığı, onun haqqında tədqiqat işləri ilə yaxından tanış olmalıdırlar. Tbilisidəki böyük ədibin Xatirə Muzeyinin zəngin fondu var. Məktəblilər və gənclər Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə tanış olmaq üçün muzeyə baş çəkməlidirlər. Bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür".

K.Hüseynova qeyd edib ki, 2020-ci ildə N.Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Gürcüstanda da tədbirlərin keçirilməsi planlaşdırılır.

"SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov da N.Nərimanovun Gücüstan azərbaycanlıları arasında tanıdılmasının vacib olduğunu qeyd edib: "Nəriman Nərimanovu tanımaq yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur. Onun Gürcüstanda tanıdılması üçün gələcəkdə belə görüşlər daha geniş formatda keçirilməlidir”.

A.Məmmədov atası, N.Nərimanovun ilk tədqiqatçısı olan Vəli Məmmədovdan da söz açıb. O, atasının N.Nərimanovun həyatı və irsinə dair zəngin materialları necə topladığının şahidi olduğunu vurğulayıb.

Görüşdə N.Nərimanovun Gürcüstanda tanıdılması, adının əbədiləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib və onların ətrafında fikir mübadiləsi aparılıb.

Sonda N.Nərimanovun Bakıdakı Ev Muzeyinin adından Marneuli Çay evinə üzərində böyük dövlət xadimi və ədibin şəkli olan xalça hədiyyə olunub.

Bu gün dahi Üzeyirin ad günüdür

Bu gün Azərbaycan musiqisinin dahisi sayılan Üzeyir Hacıbəyovun ad günüdür.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. Üzeyirin atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq edib. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyovgil ailədə üç qardaş, iki bacı olublar. Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.Onun həyatında Abbasovlar ailəsi böyuk rol oynayırdı.

Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkməyə, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər. 

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk musiqi müəllimi olub.

 

Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürüb. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olub. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.

Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edildi. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs deyib.

Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyib. Üzeyir Hacıbəyov Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq «Həyat» qəzetində tərcüməçi işləyib. Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olub. 1907-ci ildə Bakıda Azərbaycantürkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirir. Rus yazıçısı Nikolay Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə edir.

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar «İqbal» qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olmuşdur. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur. 

Üzeyir Hacıbəyovla Məleykə xanım Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər.

1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür.

Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.

1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki,Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.

Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat edib.

Azərbaycan Batumidə keçiriləcək beynəlxalq kinofestivalda təmsil olunacaq

Sentyabrın 16-dan 23-dək Gürcüstanın Batumi şəhərində XIII Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF) keçiriləcək.

 Azərbaycanı tədbirdə rejissor Ruslan Ağazadə "Balaca" adlı qısametrajlı film ilə təmsil edəcək.

Festivalda ən yaxşı bədii, ən yaxşı sənədli və ən yaxşı qısametrajlı film nominasiyası üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.

Kinofestivalda ABŞ, Rusiya, Almaniya, İran, Fransa, Ukrayna, Ermənistan və digər ölkələri təmsil edən kinematoqrafçılar iştirak edəcəklər.

Qeyd edək ki, "Balaca" filmi "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu il çəkilib.

Marneulidəki mədəniyyət evinə Nərimanovun adının verilməsi ilə bağlı imza toplanacaq

Gürcüstanın Marneuli bələdiyyəsinin mərkəzində yerləşən Mədəniyyət Evinə Azərbaycanın tanınmış dövlət xadimi və yazıçısı Nəriman Nərimanovun adının verilməsi ilə bağlı imzatoplama kampaniyası keçiriləcək.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Marneuli Mülki Məşğulluq Mərkəzində yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.

Görüşdə N. Nərimanovun Marneulidə xidmətlərinin böyük olduğu və onun adınının rayonda yaşadılmasının önəmi vurğulanıb. İctimaiyyət nümayəndələri Marneuli rayon rəhbərliyinin onların müvafiq müraciətinə müsbət cavab verəcəyinə  ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, Marneulidə Nəriman Nərimanov adına Mədəniyyət Evi kimi tanınan mərkəzdə 2007-ci ildən Marneuli bələdiyyəsinin Mədəniyyət klubu, kitabxana və muzey birliyi fəaliyyət göstərir. Təşkilatın qeydiyyatı zamanı mədəniyyət evinin N. Nərimanovun adını daşıması ilə bağlı heç bir sənədə rast gəlinməyib. Lakin mədəniyyət mərkəzinin binasında "Nəriman Nərimanov adına Mədəniyyət Sarayı" adının yazıldığı köhnə lövhə bu günə qədər qalmaqdadır.

Tbilisidə Mirzə Fətəli Axundovun doğum günü qeyd olunub

Tbilisidə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 206-cı ildönümü qeyd olunub.

APA-nın yerli bürosunun məlumatına görə, M. F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində yazıçının xatirəsinə həsr olunmuş tədbirdə Gürcüstanın azərbaycanlı ziyalı və gəncləri iştirak edib.

Tədbirdə M. F. Axundovun və onun ailə üzvlərinin Gürcüstan Milli Arxivində saxlanılan foto şəkilləri sərgilənib. Daha sonra yazıçının həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva dramaturqun Tbilisidəki həyatı və yaradıcılığı barədə danışıb.

Sonda M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi  adından bir qrup gəncə Azərbaycan-Gürcüstan mədəni və dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə təşəkkürnamələr təqdim olunub. Təşəkkürnaməyə layiq görülmüş gənclər arasında APA agentliyinin Gürcüstan müxbiri də yer alıb.

Qeyd edək ki, M. F. Axundov 1812-ci ilin iyunun 30-da Azərbaycanın Şəki şəhərində anadan olub. O, 1878-ci il fevralın 26-da vəfat edib və Tbilisidə Botanika bağı ərazisində yerləşən panteonda dəfn olunub.

Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinin təqdimatı olub

İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib.

Sessiyada Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimatları dinlənilib.

Təqdimat Azərbaycanın Baş naziri Novruz Məmmədovun çıxışı ilə başlayıb.

Baş nazir çıxışında Bakının namizədliyinin hökumətimiz və cəmiyyətimiz tərəfindən tam dəstəkləndiyini vurğulayıb. Bildirib ki, bu dəstək Bakının doğru zamanda doğru məkan olduğunu göstərir.

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə tam hazır olduğunu bildirən Azərbaycanın Baş naziri deyib: “Universal sərgilər beynəlxalq əməkdaşlıq üçün böyük fürsət yaradan müxtəlifliyin nadir nümayişidir. Azərbaycan Respublikası Beynəlxalq Sərgilər Bürosunun dəyərlərini və görüşlərini bölüşür. Azərbaycan Ümumdünya Sərgisi və Beynəlxalq Sərgilər Bürosu ilə birgə tarix yazmağa hazırdır. Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun ən etibarlı tərəfdaşı olacağına təminat verir. Bu məsuliyyəti asan hesab etmirik. Ümumdünya Sərgisinə ev sahibliyi etmək Azərbaycan üçün prioritetdir. “Ekspo 2025”ə ev sahibliyi xalqımızın potensialının reallaşması üçün yaxşı fürsət olacaq.

Azərbaycan qitələrin və sivilizasiyaların kəsişməsində yerləşir. Ölkəmiz əsrlər boyu Qərb və Şərq, Şimal və Cənub arasında siyasət, iqtisadiyyat və ticarət körpüsü olub. İki min il ərzində qədim İpək Yolu müasir Azərbaycan torpaqlarından keçib və keçir. Ümumdünya Sərgisini keçirməklə ölkəmiz mədəniyyətlərarası dialoqa, tolerantlığa daha böyük töhfə verə bilər. Əsrlər boyunca Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayıblar. Cəmiyyətimiz, dövlətimiz dünyəvidir və biz bundan qürur duyuruq.

Bu gün Azərbaycan mədəniyyətlərarası və dinlərarası beynəlxalq mübadilələr mərkəzinə çevrilib. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ən yaxşı qarşılıqlı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaratmışıq. Bu platforma bu gün dünyanın üzləşdiyi bəzi problemləri həll etməyə imkan verir. Belə platformalara BMT, UNESCO, Avropa Şurası tərəfindən dəstəklənən, iki ildən bir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik.

“Bakı Ekspo 2025” milli inkişafın aparıcı amili olan insan kapitalının inkişafına sərmayə yatırmaq kimi milli strategiyamıza tam uyğundur. 1991-ci ildə müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan fövqəladə bir inkişaf yolu keçib. İnklüziv və davamlı inkişaf ölkəmizin forma və istiqamətini dəyişib. “Ekspo” sərgisi bu müstəsna inkişafı dünyaya təqdim etməyə imkan verəcək.

“İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu təklif etmək qərarına gəldikdə isə o, təcrübəmizə və daha da inkişaf etmək istiqamətində gördüyümüz işlərə əsaslanır.

Səylərimiz dərin izlər qoyub. 2015-ci ildə əhalinin rifahının yaxşılaşdırılmasına, eləcə də BMT-nin Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirməsinə görə Azərbaycan Cənub-Cənub mükafatına layiq görülüb.

Tariximiz boyunca İpək Yolu səyahətçilərinin axını Azərbaycana misilsiz tolerantlıq, zəngin mədəniyyət və əsl yaradıcılığı ilə tanınan nadir bir ölkə nüfuzu qazandırıb. Namizədliyimiz qəbul olunduğu təqdirdə, Şərqi Avropa, Qafqaz və Xəzər dənizi regionlarında Bakı Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.

“Bakı 2025” sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni məkanda yeni auditoriya cəlb etmək imkanı yaradacaq, yeni regionda, yeni bir dövrdə yeni tarixlər yazmaq şansı verəcək. Bu, Azərbaycan xalqına Beynəlxalq Sərgilər Bürosuna onun ən yaxşı tərəfdaşlarından biri olduğunu göstərməyə imkan verəcək.

Bakı ölkəmizin dünyaya təqdim etdiyi töhfələrin qürurlu simvolu kimi daim inkişaf edir. Şəhər dəniz sahilində və sivilizasiyaların qovuşduğu bir məkanda sürətlə inkişaf edir. Bakı Şərq ilə Qərbin görüşdüyü, keçmişin gələcəklə qarşılaşdığı şəhərdir, yeni tarixi yazmağa hazır olan məkandır. Bakı yeni dövrdə Qafqaz regionunun ən böyük və ən sürətlə inkişaf edən şəhəridir.

Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək istəyimiz səmimidir və qəlbimizin dərinliyindən gəlir. Təklif etdiyimiz mövzu vacibdir və əsl qlobal əhəmiyyət daşıyır. Azərbaycan sərgi məkanının tikintisi və idarə olunması üçün bütün lazımi vəsaitləri təmin etməyə və Beynəlxalq Sərgilər Bürosunun qaydalarına riayət etməyə hazırdır. Əminik ki, Bakı Ümumdünya Sərgisi üçün ən yaxşı şəhərdir. Bakının qələbə zamanı çatıb”.

Sonra Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov sərgi iştirakçılarının rahatlığı, xarici vətəndaşlar üçün yaradılan şəraitdən, “ASAN Viza” rejimindən, ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən danışıb, 40 mindən çox könüllünün həmin tədbirlər zamanı göstərdiyi xidməti diqqətə çatdırıb.

“Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının Parisdə keçirilən sessiyasında Büronun üzvü olan bütün dövlətlərin səlahiyyətli nümayəndələrinə 2025-ci ildə Ümumdünya Sərgisinə Bakının ev sahibliyinə namizədliyi ilə bağlı təqdimata ayırdıqları vaxta, göstərdikləri maraq və diqqətə görə minnətdarıq. Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətimiz üçün bu təqdimat azərbaycanlıların, xüsusilə gənclərimizin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək arzusunu əyani şəkildə çatdırmaq baxımından vacib bir imkandır. Biz namizədlik kampaniyasının həlledici mərhələsinin başlanmasını səbirsizliklə gözləyirik”, - deyə Samir Şərifov diqqətə çatdırıb.

“Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə Bakı şəhərinin “Ekspo 2025” sərgisinə seçdiyi mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın paytaxtı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Bu cür sərgilər bütün insanları bir millət kimi birləşdirir. “Sərginin əsas mövzusu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması”dır”, - deyən Məryəm Qafarzadə Azərbaycanda həyata keçirilən dövlət siyasəti sayəsində insan kapitalının inkişafı sahəsində qazanılan uğurlardan danışıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov “Ekspo” hərəkatının fəal üzvü olan Bakıda “Ekspo 2025” üçün seçilən məkan haqqında ətraflı məlumat verib. Bildirib ki, Bakının beynəlxalq hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Ekspo” kəndi salınacaq. “Bakı Ekspo 2025” sərgisinin qurulacağı sahə barədə danışan Birinci vitse-prezidentin köməkçisi deyib ki, ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir.

Azərbaycana etimad göstərilməsinin vacibliyini vurğulayan Elçin Əmirbəyov “Bakı Ekspo 2025” üçün nəzərdə tutulan məkanda müxtəlif növ tədbirlərin keçirilməsi üçün geniş imkanların yaradılacağını bildirib. O, “Ekspo” hərəkatının sadiq tərəfdaşı kimi Azərbaycanın bu məsələyə böyük məsuliyyətlə yanaşdığını vurğulayıb.

Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş etdirilib. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənib.

Təqdimatlarda “Ekspo 2025” Ümumdünya Sərgisi üçün Bakının təklif etdiyi layihənin əhatəli və ümumbəşəri mahiyyət daşıdığı, inkişaf etməkdə olan ölkələrin iştirakının təmin olunmasının xüsusi əhəmiyyəti vurğulanıb.

Azərbaycanın sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun səhiyyə, təhsil və məşğulluğu əhatə etməklə bütün ölkələr, bütün mədəniyyətlər və insanlar üçün maraq kəsb etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada Beynəlxalq Sərgilər Bürosuna üzv dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyənləşdirəcəklər.

x  x  x

Azərbaycanın Baş naziri Novruz Məmmədov 163-cü sessiya çərçivəsində Beynəlxalq Sərgilər Bürosunun prezidenti Stin Kristensen, baş katibi Visente Lossertales, baş katibin müavini Dimitri Kerkentzes, Bürodakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Baş nazir Novruz Məmmədov, həmçinin Fransanın M6 və Euronews televiziya kanallarına müsahibə verib.

Saytda Axtarış

Son xəbərlər