Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3676
DünənDünən4506
Bu həftəBu həftə29594
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər2516135

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Dərbənddə Nizami Gəncəvinin abidəsinə xətər yetirildi

"Dərbənddə şair Nizami Gəncəvinin abidəsinə xətər yetirilib. Şəhər meriyası təhlükəsizlik tələblərimizə cavab vermir".

Dalga tv xəbər verir ki, bunu Report-un Rusiya bürosuna açıqlamasında Dərbənd şəhərindəki Azərbaycan diasporunun rəhbəri Telman Hacəliyev deyib.

Onun sözlərinə görə, naməlum şəxslər şairin heykəlinin baş barmağını sındırıb və abidə ətrafındakı parkı pis vəziyyətə salıblar.

"Ağaclar kökü ilə qarışıq torpaqdan çıxarılıb, qazon tapdanıb. Müvafiq tədbirlərin görülməsi və vandalların cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına və meriyaya müraciət etmişik", - T.Hacəliyev bildirib.

Onun sözlərinə görə, bu, ilk belə hadisə deyil.

"2015-ci ilin yanvar ayında abidəni yandırmışdılar. Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun göstərişi ilə abidə bərpa edildi, onun ətrafında isə abadlıq işləri həyata keçirildi. Amma park ərazisində müşahidə kameraları quraşdırılmadı və buna görə də də belə əməli törədənlər məsuliyyətdən qaçmağı bacarır. Ümid edirəm ki, bu dəfə problemə daha ciddi yanaşacaqlar və cinayətkarlar yaxalanacaq", - diaspor rəhbəri vurğulayıb.

Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrinin İnkişaf Fondu yaradılıb

Tbilisidə M.F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrinin İnkişaf Fondunun təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, azərbaycanlı və gürcü ziyalıların təşəbbüsü ilə təsis edilmiş Fondun əsas məqsədi iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq münasibətlərinin genişləndirilməsi və inkişaf etdirilməsidir.

Tədbirdə çıxış edən M.F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva deyib ki, Fondun yaradılması ilə bağlı ideya çoxdan olub: "Azərbaycan və Gürcüstan ziyalıları, incəsənət adamları və tarixçiləri arasında əməkdaşlığın gücləndirilməsi çox vacibdir".

Sonra çıxış edən Fondun icraçı direktoru Simon Kopadze təşkilatın məram və məqsədlərindən danışıb. O qeyd edib ki, fond gələcəkdə bir sıra layihə və tədbirlər həyata keçirəcək.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev Fondun yaradılmasını alqışladığını və onun möhkəm ənənələr əsasında qurulduğunu deyib: "Azərbaycan səfirliyi bu fondun fəaliyyətinə dəstək verməyə hazırdır".

Fondun təqdimat mərasimində Gürcüstanın tanınmış ziyalıları, incəsənət adamlar Azərbaycan səfirliyinin nümayəndələri iştirak edib.

Tiflis Dövlət Dram Teatrı Bakıda qastrol tamaşası ilə çıxış edəcək

Məşhur gürcü rejissoru, SSRİ xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin APA-ya verdiyi məlumata görə, səhnə əsərinin nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq. Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası 14-15 noyabr tarixlərində təqdim olunacaq. 

Əliqismət Lalayev qeyd edib ki, məşhur rejissorun hazırladığı səhnə əsərinin azərbaycanlı tamaşaçılara təqdim olunması təqdirəlayiq haldır: “Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl bir nümunəsidir. Ümumiyyətlə, bizim teatrla Robert Sturua arasında yaxşı əlaqələr mövcuddur. Musiqili Teatr hər zaman dünyanın öncül teatrları, incəsənət xadimləri ilə əməkdaşlıq etməyə çalışır. Qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq". 

Robert Sturuanın səhnələşdirdiyi Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşasını izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. 

Tbilisidəki Azərbaycan teatrı Türkiyədə beynəlxalq festivala qatılacaq

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq teatr festivalına qatılacaq. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, teatr festivalda gürcü yazıçı Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.  
Azərbaycan teatrının beynəlxalq festivalda iştirakına Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi dəstək verib. Teatrın festivalda təqdim edəcəyi tamaşada teatrın aktyorları ilə yanaşı, baş rolda türkiyəli aktyor Necati Zengin də oynayacaq.

Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladzedir. 

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Tbilisidə gürcü və Azərbaycan dillərində “Molla Pənah Vaqifin şeirləri” adlı kitab işıq üzü görüb.

Dalga tv-nin APA-ya istinadən  məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çap olunmuş kitabın tərcüməçisi və tərtib edəni Mirzə Məmmədoğlu, redaktoru Rafiq Hümmətdir. 

Kitabda M.P.Vaqifin gürcü dilində nəşr olunan kitablardakı, eləcə də jurnal və qəzetlərdə dərc olunan və həm də orijinal şeirləri yer alıb. Kitab Azərbaycan prezidenti İlham Əliyevin “Molla Pənah Vaqifin anadan olmasının 300 ilik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən çap olunub.

Kitabın Tbilisidə və Bakıda təqdimatının keçirilməsi planlaşdırılır.

Tanınmış gürcü aktrisa mənzilində ölü tapılıb

Məşhur gürcü aktrisa Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.

Dalga tv-nin İnterfax-a istinadən xəbərinə görə, 58 yaşlı aktrisanın ölüm səbəbi hələlik açıqlanmır.

Gürcüstan DİN-dən bildiriblər ki, faktla bağlı artıq araşdırma başlanılıb.

Bununla belə, Gürcüstanın Birinci kanalının mərhumun yaxınlarına istinadən məlumatına əsasən, Kavjaradze ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı “Arzu ağacı” filmindən sonra məşhurlaşıb.

Tbilisidə gənc azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Tbilisidə gənc azərbaycanlı rəssam Fidan Əliyevanın “Göy qurşağının bütün rəngləri” adlı fərdi sərgisi açılıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyinin və M.F. Axundov adına incəsənət qalereyasının təşkil etdiyi sərginin açılış mərasimində xarici ölkə səfirləri, deputatlar, tanınmış gürcü ziyalıları, incəsənət xadimləri iştirak ediblər. Sərgidə F.Əliyevanın müxtəlif janr və stildə 23 əsəri təqdim olunub.

Tədbirdə çıxış edən Axundov adına incəsənət qalereyasının direktoru Arçil Bejanişvili sərginin "Tbilisoba" bayramı ərəfəsində keçirilməsini əlamətdar hadisə adlandırıb. Onun sözlərinə görə, rəssam F.Əliyevanın əsərləri müəllifin yüksək rəng duyumu olduğunu göstərir.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında deyib ki, Azərbaycan Fidan kimi istedadlı gənclərlə fəxr edir: "Əminik ki, gələcəkdə Fidan Əliyevanın daha böyük uğurları olacaq və onun əsərləri dünyanın aparıcı sərgilərində sərgilənəcək".  Səfir sərgi münasibətilə gənc rəssamı təbrik edərək ona uğurlar arzu edib.

Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü də çıxışında gənc azərbaycanlı rəssamı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzu edib.

F.Əliyeva çıxışında Tbilisidə ilk sərgisinin keçirildiyini deyib. O, sərginin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edib.

Sərgi oktyabrın 8-dək davam edəcək.

Aşıq Ədalət vəfat etdi

Aşıq Ədalət (Ədalət Nəsibov) dünyasını dəyişib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə o, bu gün günorta saatlarında vəfat edib.

Xatırladaq ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Gürcüstan Parlament Kitabxanasına Azərbaycan dilinə tərcümə olunmuş “Pələng dərisi geymiş pəhləvan” kitabı hədiyyə edilib

Gürcüstan Milli Parlament Kitabxanasına gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin Azərbaycan dilində çap olunmuş kitabı hədiyyə olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, kitab Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü Eldar İsmayılovun rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə olunub.

Min nüsxəli kitablardan 10-nun üz qabığı dəridəndir.

Təqdimat mərasimində Gürcüstan Milli Parlament Kitabxanasının direktor müavini Mirian Xositaşvili, Marneuli bələdiyyəsinin icra başçısı Merab Topçişvili, kitabxananın əməkdaşları Levan Lortkipanidze və Nino Xvedelidze iştirak ediblər.

E. İsmayılov kitabxanaya digər müxtəlif kitablar da hədiyyə edib

Gürcüstanda beynəlxalq caz festivalının açılışı olacaq

Bu gün Gürcüstanın Batumi şəhərində beynəlxalq “Qara dəniz caz festivalı"nın (“Black Sea Jazz Festival”) açılışı olacaq.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, hər il keçirilən musiqi festivalı iyulun 30-dək davam edəcək.

Tədbirdə dünyanın tanınmış caz ifaçıları, o cümlədən Britaniyanın “Jamiroquai” musiqi qrupu, ABŞ-ın “De La Soul” triosu və başqaları çıxş edəcəklər.

Festival Gürcüstan hökumətinin layihəsidir. Onun təşkilatçıları “TVS Bank” və “Eastern Proomotions” şirkətidir.

“Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda çap olunub

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.
 

Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.
 

Gürcüstanın "İntellekti" nəşriyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi isə görkəmli gürcü yazıçısı Quram Odişariyadır.
 

Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tbilisidə keçiriləcəyi gözlənilir.

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Gürcüstanda səfərdə olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Tiflisdə SOCAR-ın dəstəyi ilə bərpa olunan görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyinin açılışını həyata keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində qırmızı lenti Rövnəq Abdullayev və Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze kəsib.
 
Daha sonra muzeyə baxış keçirilib. Muzeyə baxış zamanı R. Abdullayev və M. Georqadzeyə N. Nərimanovun həyat və yaradıcılığı, fəaliyyəti barədə ətraflı məlumat verilib.
 
Qeyd olunub ki, Nəriman Nəcəf oğlu Nərimanov 1870- ci il aprelin 14-də Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib. Görkəmli yazıçının bədii yaradıcılığı və müəllimlik fəaliyyəti Gürcüstanla da bağlı olub. N. Nərimanov  1890-cı ildə seminariyanı bitirdikdən sonra Tiflis quberniyasının azərbaycanlıların yaşadığı Borçalı qəzasının Qızılhacılı kəndində pedaqoji fəaliyyətə başlayıb və bədii yaradıcılığını bu kənddə davam etdirib. O, “Nadanlıq” əsərini burada sona çatdırıb. Marneuli rayonunda N. Nərimanov adına orta məktəb və rayon mərkəzində Mədəniyyət Evi var.
 
Rəsmi şəxslər və qonaqlar N. Nərimanovun ev muzeyində görkəmli yazıçı və ictimai xadimin həyat və fəaliyyətinə aid maraqlı eksponatlar, onun əlyazmaları və ona ünvanlanan məktublar və yazıçının kitabları, əsərlərinin foto şəkilləri ilə tanış olublar
 
ARDNŞ prezidenti R. Abdullayev jurnalistlərə açıqlamasında Tiflisdə açılan muzeyin böyük əhəmiyyət kəsb etdiyini və gələcəkdə bu muzeyin xarici turistlərin, ziyalıların, Gürcüstanda yaşayan azərbaycanlıların ziyarət və görüş yerinə çevriləcəyini bildirib.
 
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın Batumidəki konsulu Rəşad İsmayılov, Gürcüstanın barışıq və vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Ayaz Məmmədov, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, muzey işçiləri və Tiflis şəhər sakinləri iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər