Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün123
DünənDünən635
Bu həftəBu həftə2919
Bu ayBu ay23071
Bu günə qədərBu günə qədər2779013

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Tiflisdə Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdimatı keçirilib

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr olunan  “İşığa gedən yol” romanının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümmət, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev və Ruslan Hacıyev, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Gürcüstan Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, şair Osman Əhmədoğlu, tərcüməçi Cambul Məmmədli, gənc yazıçı Kamran Kiryakov və başqaları roman və onun yazılış tarixi haqqında fikirlərini bildiriblər. Çıxışçılar Azərbaycan ədəbiyyatında və mətbuat sahəsində milliliyi qoruyan və onu daha da inkişaf etdirmiş tarixi bir şəxsiyyət olan Həsən bəy Zərdabinin həyat yolundan bəhs edən əsərin müasir gənclik və jurnalistlər üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Tədbirdə Gürcüstan-Azərbaycan tarixi dostluğundan, Azərbaycan və gürcü ədəbiyyatının inkişafından, qarşılıqlı əməkdaşlıqdan da söhbət açılıb. Qocaman jurnalist Emin Elsevər “İşığa gedən yol” romanının gürcü dilinə tərcümə olunmasını təklif edib.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və Tiflis azərbaycanlıları iştirak ediblər.

İranlı musiqiçi qondarma “Dağlıq Qarabağ Respublikası”nda konsert verdi

İran və Ermənistan arxeoloqlarının Şuşada qanunsuz arxeoloji qazıntılar aparılmasının ardınca bu iki ölkənin təmsilçilərinin işğal olunmuş ərazilərimizdə daha bir müştərək fəaliyyəti barədə xəbər yayılıb.

Dalga tv  Musavat.com-a istinadən xəbər verir ki, Xankəndi şəhərində qondarma “Dağlıq Qarabağ Respublikası”nda “mədəniyyət nazirliyi”nin dəstəyi ilə Sayat Nova adına kollecdə İran və “Dağlıq Qarabağ”ın musiqiçilərinin birgə konserti olub.

İrandan gələn fleytaçı Meysam Hodrat erməni həmkarı Artaşes Qriqoryanla, həmçinin pianoçu Marina Barxudaryanla bir səhnəni bölüşüb. Konsertdə erməni, İran və qərb bəstəkarlarının əsərləri səsləndirilib. Azərbaycan ərazisinə qanunsuz səfər etmiş İran musiqiçisi deyib ki, “Dağlıq Qarabağ”da olduğuna görə şaddır.

“Mən ilk dəfə turist kimi burada olmuşdum. Ancaq bu dəfə bu möcüzəli “ölkə”yə musiqiçi kimi gəlmişəm”, - deyə Hodrat bildirib.

O iddia edib ki, “Dağlıq Qarabağ”la İran arasında münasibətlərin inkişafını istəyir.

İrəvan Akademik Opera və Balet Teatrında işləyən A.Qriqoryan isə bu sərsəmləmələri davam etdirib və deyib ki, bu konsert “İranın ənənəVi yeni ilinə” (Novruz) həsr olunub.

“Bizim mədəni əlaqələrimizi möhkəmləndirən belə konsertlərə görə təşəkkür edirik. Bu kimi tədbirlər həm də turizm əlaqələrini genişləndirir”, - erməni musiqiçi deyib.

Yəqin ki, Azərbaycan XİN, həmçinin Mədəniyyət və Turizm Nazirliyi İran vətəndaşı olan musiqiçinin qanunlarımızı pozmasına müvafiq münasibət bildirəcək.

Diana Hacıyeva: Mən “Eurovision” üçün tipik müğənni deyiləm

Azərbaycanı “Eurovision - 2017”-də Dihaj adı ilə təmsil edəcək müğənni Diana Hacıyeva müsabiqənin rəsmi saytı Eurovision.tv-yə müsahibə verib. 

Dalga tv xəbər verir ki, məqalədə musiqi tənqidçiləri ifaçının orijinal vokalını yüksək qiymətləndirirlər.

Müğənni özü isə “Skeletons” (musiqi İsa Məlikov, söz Sandra Byorman) müsabiqə mahnısından danışarkən aşağıdakıları bildirib:    

“Mahnımın əsas fərqi bənzərsiz olmasıdır. Bu, kompozisiyanın bir qədər təxribat xarakterli adına, eləcə də müsabiqə nömrəsinin quruluşuna aiddir. Məncə “Eurovision” auditoriyasına sizin nə qədər fərqli və alternativ olmağınız vacib deyil. Sizi dünyada olan dinləyicilər və tamaşaçılar eşidə və izləyə bilər. Anlayıram ki, “Eurovision” üçün tipik müğənni deyiləm.

Almaniyalı dirijorlar Bakı teatrının səhnəsində

Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri - “İl Tabarro” (Plaş) təqdim olunacaq.

Teatrdan Dalga tv-yə bildirilib ki, almaniyalı dirijor Qut İmmlinqin idarə edəcəyi səhnə əsərinin bədii rəhbəri onun həmyerlisi Korneliya fon Kerssenbrokdur. Səhnə əsərində rolları Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlər Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova və Tələt Hüseynov ifa edəcəklər.

Xatırladaq ki, opera bu teatrda ilk dəfə 2014-cu ildə səhnəyə qoyulub.

Ukrayna Rusiyanın “Eurovision”da iştirakının şərtini açıqlayıb

Rəsmi Kiyev bəyan edib ki, Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsinə təmsilçisini o halda qəbul etməyə hazırdır ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin.

Dalga tv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko “Ukrayna radio”sunun efirində deyib.

Vyaçeslav Kirilenko, Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib. Kirilenko müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat adlandırıb.   

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı “Eurovision-2017”-də “Flame Is Burning” mahnısı ilə təmsil edəcəkdi.  

10 yaşlı azərbaycanlı münsiflərin qəlbini fəth etdi

Naberejnı Çelnıda yaşayan əslən Azərbaycandan olan 10 yaşlı Nurlan İsmayılov Rusiyanın birinci kanalında yayımlanan “Qolos. Deti” şousunun dördüncü mövsümünə vəsiqə qazanıb. 

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, Nurlan Polad Bülbüloğlunun “Zəng et” mahnısını ifa edib. 

Nurlanın səsinə ilk Nyuşa çevrilib. Nurlanın çıxışı o dərəcədə parlaq olub ki, müğənni kürsüsündə rahat otura bilməyib və rəqs etməyə başlayıb. 

“Bax indi mən vicdanla deyə bilərəm ki, gözlədiyim kişiyə rast gəldim. Gəl yanıma əzizim! Axır ki, bu baş verdi, mən xoşbəxtəm”, - bunları müğənni gənc azərbaycanlının çıxışından sonra deyib. 

Nurlan Nyuşanın komandaya götürdüyü son iştirakçı olub. O, ifası ilə müğənninin qəlbini fəth edib!

Novruz bayramı Gürcüstanın Laqodexi rayonunda böyük coşqu ilə qeyd edilib

Novruz bayramı Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində böyük coşqu ilə qeyd olunub. Bayram münasibətilə böyük el şənliyi təşkil edilib.

Bayram şənliyində səfirliyimizin, Kaxeti bölgə qubernatorluğunun, Laqodexi rayon icra hakimiyyətinin rəhbər şəxsləri, parlamentin deputatları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Keçəl, Kosa və Bahar qızı qonaqları qarşılayaraq bayram şirniyyatına qonaq ediblər.

Qabal kənd icra hakimiyyəti nümayəndəsi Namaz Alaverdov tədbiri açaraq Novruz bayramının məziyyətlərindən danışıb.

Laqodexi Rayon İcra Hakimiyyətinin başçısı Kaxa Camburiya azərbaycanlıları və Novruz bayramını qeyd edən bütün insanları təbrik edib. O, azərbaycanlıların və gürcülərin bu bölgədə mehriban dostluq və qardaşlıq şəraitində yaşadıqlarını xüsusi vurğulayıb.

Sonra Gürcüstan parlamentinin deputatı Quram Macaraşvili, Kaxeti bölgəsi qubernatorun müavini Zurab Arsenaşvili və başqaları çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı sarsılmaz dostluq əlaqələrindən danışıb, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyini, möhkəmlənəcəyini bildirib. Novruz bayramının əsas xüsusiyyətləri haqqında geniş məlumat verən diplomat deyib ki, bu bayram sülh, birlik, bərabərlik və ruzi-bərəkət bayramıdır. O, bu bayramın xalqlarımıza sülh və firavanlıq gətirməsini arzulayıb.

Sonra Novruz tonqalı alovlandırılıb.

Geniş idman və konsert proqramı ilə davam edən tədbirdə incəsənət ustalarının ifasında müxtəlif el havaları və xalq mahnıları səsləndirilib, şagirdlər Azərbaycan və gürcü şairlərinin şeirlərini söyləyiblər.

“Eurovision” təmsilçisi Ukraynaya buraxılmayacaq

Ukraynada keçiriləcək “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyulub.

“Dalga tv” Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Təhlükəsizlik Xidməti rusiyalı müğənninin ölkəyə girişini üç illik qadağan edib.

Təhlükəsizlik Xidmətinin nümayəndəsi Yelena Qitlyanskaya artıq məlumatı təsdiqləyib.

UTX Ermənistanın “Eurovision” iştirakçısını yoxlayır

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə may ayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Ermənistanı təmsil etməyə hazırlaşan Artsvik Harutyunyanın Ukrayna qanunlarını pozması faktını yoxlayır. Rusiya vətəndaşı olan Artsvik Harutyunyanın “Rusiyanın ilhaqından sonra” Krıma getməsi təsdiqlənsə, ifaçı barəsində “ayrıca qərar qəbul edilə bilər”, 

Dalga tv  BBC-yə istinadən xəbər verir ki, bu barədə Life.ru ilə söhbətində Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşşenko deyib.

Daha əvvəl rəsmi Kiyev Krımda çıxış etdiyinə görə Rusiya təmsilçisi Yuliya Samoylovanın Ukrayna qanunlarını pozduğunu bəyan etmişdi.

“Axı olmaz ki, Krıma daxil olduğuna görə Yuliya Samoylova məsuliyyətə cəlb edilsin, başqaları isə yox. Bu ədalətli olmaz. Ermənistan iştirakçısının Krımda çıxış etdiyi aşkar olarsa, bu, bütün müddəalar üzrə nəzərdən keçiriləcək”, - Anton Qeraşşenko bəyan edib.

Ukrayna rəsmisi qeyd edib ki, UTX müsabiqədən qabaq hər bir “Eurovision” iştirakçısının Krımda olmasına dair yoxlama aparacaq.

2017-ci il “Eurovision” mahnı müsabiqəsində “Fly With Me” mahnısı ilə Ermənistanı təmsil edəcək Artsvik Harutyunyan beş yaşından Rusiyada yaşayır və Rusiya estrada nümayəndələri Polina Qaqarina, Pelageya, Aleksandr Panayotovla dostluq edir.

Ermənistan “Eurovision” mahnı müsabiqəsində 2006-cı ildən iştirak edir. Ən yaxşı nəticələri dördüncü yer olub - 2008-ci ildə Siruşo və 2014-cü ildə Aram MP3 (Aram Sarkisyan).

Ukraynaya “Eurovision 2017” müsabiqəsini keçirmək haqqını ötən il İsveçdə keçirilən müsabiqədə müğənni Camalanın qələbəsi qazandırıb.

Kiyevdə “Eurovision 2017” müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edəcək. Müsabiqənin yarımfinalı mayın 9 və 11-də, finalı - 13-də keçiriləcək.

Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycanın əməkdar artisti Əsgər Rəhimov vəfat edib.

Dalga tv Report-a istinadən xəbər verir ki, aktyor martın 21-də dünyasını dəyişib.

Qeyd olunur ki, aktyor ağır xəstəlikdən əziyyət çəkirdi və üç gün əvvəl qaraciyərindən əməliyyat olunmuşdu.

Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram Teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən Rus Dram Teatrına qayıdıb.

O, bu illər ərzində teatr səhnəsində bir çox obrazlar canlandırıb. 

Onun yaratdığı Nikita (A.Arbuzov, “Kobud oyunlar”), Oyunçu (R.İbrahimbəyov, “Kaliforniyada dəfn”), Lukin (M.Qorki, “Vəhşilər”), Bayandur (İ.Əfəndiyev, “Büllur sarayda”), Ralf (R.Baer, “Qarışıq hisslər”), Kazım (N.Rəsulzadə, “Nonsens”), Qraf Kent (U.Şekspir, “Kral Lir”), Həkim (K.Hiqqins, “Qarold və Mod”) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Aktyor 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

Bakıda beynəlxalq Milli rəqs və musiqi festivalı keçiriləcək

Martın 21-də saat 15:00-da  “Odlar yurdu” qrupunun təşkilatçılığı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  8 ölkənin iştirakı ilə Milli  rəqs və musiqi  festivalı keçiriləcək.

Milli  rəqs və musiqi  festivalı Təşkilat komitəsindən APA-ya verilən məlumata, beynəlxalq festivalda Azərbaycan, Rusiya, Türkiyə, Iran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edəcəklər.

İştirakçı qruplar təmsil etdikləri ölkələrin Milli xalq musiqilərini və rəqslərini təqdim edəcəklər.  “Milli  rəqs və musiqi”  festivalının  təşkil olunmasında əsas məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş  rəqs qrupları arasında  dostluğu gücləndirmək, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir.

Xatırladaq ki, Novruz bayramı YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Qeyd edək ki, bu sayca  təşkil olunan 3-cü Milli  rəqs və musiqi festivalıdır. Festivalda dünyanın 8 ölkəsindən 250 yaxın iştirakçı nəzərdə tutulub. Sonda  iştirakçı qruplara  Bakı şəhərinə aid maraqlı hədiyyələr və diplomlar təqdim olunacaq.

“Əli və Nino” filminin İsveçrədə premyerası keçirilib

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində Bernin Bellevue Palace mehmanxanasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodyüseri olduğu “Əli və Nino” filminin İsveçrədə premyerası keçirilib.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı əslən azərbaycanlı olan və Azərbaycan Demokratik Respublikasının bolşevik işğalından sonra Avropaya mühacir edən yazıçı Qurban Səidin 1937-ci ildə Avstriyada alman dilində nəşr edilən və 30-dan artıq xarici dilə tərcümə edilən eyni adlı əsərinin mövzusu üzrə çəkilən bu filmin o dövrün reallıqlarını, o cümlədən Cənubi Qafqaz xalqlarının mədəniyyəti, adət-ənənələri və milli xüsusiyyətlərini əks etdirmək baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

Səfir Əkrəm Zeynallı bu filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodyüserliyi, Oskar mükafatı laureatı Asif Kapadiyanın rejissorluğu ilə çəkildiyini qeyd edib, onun ADR-in yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə göstərdiyini bildirib.

Filmin nümayişindən sonra Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi adından qonaqlara rəsmi ziyafət verilib. Ziyafət çərçivəsində Novruz bayramı ərəfəsi adət ənənələrinə uyğun olaraq, Novruz süfrəsi, o cümlədən Azərbaycanın mədəniyyətinin xüsusiyyətlərini əks etdirən guşə iştirakçılara təqdim edilib.

İsveçrənin dövlət və hökumət nümayəndələrinin, deputatların, diplomatik korpusun üzvlərinin və şirkət nümayəndələrinin, o cümlədən diaspora üzvlərinin iştirak etdiyi bu mədəniyyət tədbiri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Saytda Axtarış

Son xəbərlər