Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün168
DünənDünən1299
Bu həftəBu həftə8412
Bu ayBu ay46150
Bu günə qədərBu günə qədər7473484

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Əbülfəs Qarayev: "Gürcüstanla mədəniyyət və turizm sahəsində əməkdaşlıq çox vacibdir"

“Mədəniyyətin şaxələndirilməsi, turizmin inkişafı sahəsində görülən işlər, bu sahədə həyata keçirilən layihələrlə tanış olmaq, təcrübə mübadiləsi aparmaq bizim üçün çox vacibdir. Tbilisiyə səfərim çərçivəsində bu və digər məsələlər diqqət mərkəzində olacaq. Mədəniyyət və turizm sahəsində əməkdaşlıq hər iki ölkə üçün çox vacibdir".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı beynəlxalq forumda iştirakı zamanı bildirib.

Nazir deyib ki, Azərbaycanın belə bir tədbirdə iştirakı çox vacibdir: "Biz bu tribunadan Azərbaycanın iqtisadi, mədəni inkişafı, turizm imkanları, eləcə də yaradıcı sənayenin inkişafı sahəsində gördüyümüz işlər barədə dünya ictimaiyyətinə geniş məlumat verdik”.

Onun sözlərinə görə, beynəlxalq forumda müzakirə olunan məsələlər inkişaf etməkdə olan bütün ölkələr üçün vacibdir: “Biz panel iclaslarda Azərbaycan turizminin mədəniyyətə və mədəniyyətin turizmə təsiri mövzusunda fikir mübadiləsi apardıq. Azərbaycanda son vaxtlar mədəniyyət, eləcə də turizm sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edilir. Biz sıra tvinninq layihələri reallaşdırmışıq. Bu işlər bu gün də davam edir. Biz Azərbaycanda gedən proseslər haqqında məlumatı çatdırdıq, bununla da ölkəmizin geniş imkanlara malik olduğunu qeyd etdik”.

Nazir Gürcüstana səfəri çərçivəsində Tbilisidə Nəriman Nərimanov muzeyinin bərpası istiqamətində görülən işlər, Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının vəziyyəti ilə maraqlanacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində bəzi görüşlər keçirəcək.

Azərbaycanı “Evrovision-2017”də kim təmsil edəcək? – Qərar verildi

“Eurovision-2017” Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib. 

İTV-nin İctimayyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, dekabrın 5-də keçirilən iclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib.

Münsiflər Heyəti bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar verib.

Müsabiqənin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək. 62-ci dəfə təşkil olunacaq müsabiqədə ümumilikdə 43 ölkə iştirak edəcək.

“Eurovision - 2016” müsabiqəsinin qalibi “1944” mahnısı ilə ukraynalı müğənni Camala olub.

Tiflisdə xalq yazıçısı Elçinin eyni adlı pyesi əsasında çəkilmiş “Qatil” filmi nümayiş olunacaq

alt

Dekabrın 4-də Tiflisdə keçirilən 17-ci Beynəlxalq Film Festivalı çərçivəsində xalq yazıçısı Elçinin eyni adlı pyesi əsasında çəkilmiş  “Qatil” filminin nümayişi olacaq.  APA-nın Gürcüstan bürosunun məlumatına görə, film Tiflisdəki Şota Rustaveli adına teatrda göstəriləcək. Qeyd edək ki, nümayiş olunacaq film Gürcüstan və Azərbaycan kinematoqrafçılarının birgə istehsal etdikləri filmdir. Filmdə əsas rollarda gürcü aktyorları çəkiliblər. Filmin rejissoru Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdandır.

Məlumata görə, gürcü aktyorların oynadığı film gürcü dilinə tərcümə olunub. Film Gürcüstanla Azərbaycan arasında müştərək layihə olaraq Gürcüstanda çəkilib.

Filmin baxışına Gürcüstanın dövlət və hökumət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədə yaşayan azərbaycanlılar, həmçinin gürcü ictimaiyyət nümayəndələri, kino xadimləri, eyni zamanda jurnalistlər dəvət olunub. 

“Eurovision-2017” Moskvada keçirilə bilər

Beynəlxalq mahnı müsabiqəsinin təşkilat komitəsi Kiyevə əvəzləyici kimi Moskvanı görürlər.

AzNews.az Gazeta.ru-ya istinadən xəbər verir ki, müsabiqənin təşkilində Ukrayna tərəfinin geri qalması təşkilat komitəsinin yeni qərara gəlməsiylə nəticələnib. 

Almaniyanın Bild nəşri yazır ki, Ukrayna tərəfi ciddi maliyyə problemləri ilə üz-üzədi.

Bundan əvvəl Ukrayna ali radasının xarici işlər üzrə sədri Anna Qopko bildirib ki, real maliyyə problemləri nəticəsində müsabiqə başqa ölkədə keçirilə bilər,bu isə onlar üçün xoşagəlməz haldı. 

Vəli Məmmədovla bağlı XATİRƏLƏR

Mahir Qabiloğlu 

Vəli Məmmədov Yardımlıda doğulub. Mənim ana-babam, nənəm də ordandır. Çünki atam Qabil ordan evlənib. Sonra da məni ordan evləndirib.

Bacı-qardaşlarını, anasını çox görsəm də, Vəli müəllimlə cəmi iki dəfə rastlaşmışam. O da ki, 10 və 25 yaşımda. Amma atam onun haqqında çox danışırdı. Xətrini çox istəyirdi. Tərifləyirdi. Tərifi isə əsasən iki sözdən ibarət olurdu: “Təmiz adamdır”.

İLK TANIŞLIQ

1976-cı ildə atama, daha doğrusu Qabilin “Nəsimi” poemasına Azərbaycan SSR Dövlət Mükafatı verdilər. Təqdimat mərasimi Siyasi Maarif Evində təşkil olunmuşdu. Səhv etmirəmsə həmin binada indi Konstitutsiya Məhkəməsi yerləşir. Atamın göstərişiylə anam, mən 10 yaşlı Mahiri qəşəng geyindirdi, saçımı daradı. Və atam əlimdən tutaraq başladıq üzü Qoşa Qala qapısına, üzr istəyirəm, adını səhv dedim, İçərişəhərin Şamaxı darvazalarına tərəf addımlamağa. Demə təqdimat mərasimi bura yaxın binada olacaqmış.  Qapıya yaxınlaşdıq. İndiki dildə desək, Prezident oxranası qabağımızı kəsdi. Atama bir söz demədilər. Amma 10 yaşlı uşağın içəri keçməyəcəyini laureat Qabilin nəzərinə çatdırdılar. Atam başladı onlarla mübahisəyə:

–       Oğlum da mənimlə keçəcək!

–       Keçməyəcək, Qabil müəllim. Uşaqlara icazə yoxdur.– deyə mühafizəçilər mədəni surətdə cavab verirdilər.

–       Mən deyirəm ki, keçəcək! – atam səsini bir az da qaldırdı.

–       Qabil müəllim, icazə yoxdur.

–       Onda mən də qatılmıram tədbirə! – deyib üzünü çevirib getmək istəyirdi ki, səs-küyə gələn bir kişi atamı arxadan qucaqladı.

–       Qabil, hara gedirsən? Mükafatı mənə verəcəklər? – deyə gülə-gülə onu saxladı. Atam çevrildi. Hirsindən əlamət qalmadı. Qucaqlaşıb-öpüşdülər.

Hər ikisi əlimdən tutub içəri keçdik. Mən onda ağıllı, sakit uşaq idim. Özümü yaxşı aparırdım. Heç bir artıq sual vermirdim. İndiki kimi deyildim. Girdik zala. Oturduq. Hamı Heydər Əliyevin gəlməyini gözləyirdi. Məni qəribə-qəribə süzürdülər. Birdən atam:

–       Mahir, o kişini tanıdın?

–       Yox.

–       Vəlidir də... Vəli Məmmədov. Yardımlıdandır. Təmiz adamdır. Bax, bu binanın direktoru odur. Həm də Mərkəzi Komitədə zamzavotdel (Təbliğat-Təşviqat şöbəsinin müdir müavini) işləyir.

ƏLİ-VƏLİ

Bu əhvalatdan bir il keçmişdi. Yardımlıdaydıq. Şəhərə qayıtdıqdan sonra atam salfetkaya yazdığı bir şeiri kağıza köçürürdü. İkinci dəfə Vəli Məmmədovu onda tanıdım. Xüsusi izahla verilmiş şeirin adı “Əli-Vəli” idi.

Köhnə dostum Vəli Məmmədov Yardımlıdandır. Ata-baba evləri indi də oradadır. Vəli Qələbə bayramı günlərində şair Əli Tudəni o səfalı yerlərə qonaq aparmışdı. İş elə gətirmişdi ki, mən də orada olmuşdum. Lakin dostlarımın gəlişindən ancaq Bakıya qayıdan günü xəbər tutdum. Vəligilə gəldim ki, həm Əliylə, həm Vəliylə görüşüb yola çıxım. Məni çox mehribanlıqla qarşılayan Vəlinin bacı-qardaşları və anası Berta xala bildirdi ki, Vəli Əlini Bərcan kəndinə gəzməyə aparıb. Deyirlər oradan Savalan aydın görünür...

Mən elə oradaca xəlvət bir yerə çəkilib həmin şeiri yazdım və əl yazımı Vəligildə qoyub Lənkərana, oradan da Bakıya qayıtdım.

Bülbül qızılgülün qurbanı olar,
Bülbül cəh-cəh vurar bahar gələli.
Bu güllü-bülbüllü dumanlı dağlar
Deyir ki, xoş gəlib Əliylə Vəli. 

Yardımlı Vəlinin ana qucağı,
Əliyə “Xoş gəldin” deyir bu ana.
Saçları ağarmış Savalan dağı
– Vəli, qoyma! – deyir – Əli odlana.

Vəlisiz Yardımlı lap bihudədir,
Ağıllı oğluyla ana fəxr edər.
Vəlinin qonağı Əli Tudədir
Yox, qonaq saymayır şairi ellər.

Əli də, Vəli də qoşa qanadım,
Vəli iradəmdir, Əli ilhamım.
Mənim bu dünyada şöhrətim, adım –
Əliyə, Vəliyə vahid inamım!

Gəldim görüşünə, olmadın evdə,
Boynuna qol saldım Berta xalanın.
Dedi: “Bərcandadır, Əliylə kefdə,
Qonağı Əlidir Vəli balamın”.

Qədəmi mübarək qərib şairin...
Yox, Vəli qoymaz ki, Əli kövrələ.
Sorağı Bərcandan gəlib şairin,

Gözlə, Savalandan gələcək hələ...

1977

“İNSAN DAY BU QƏDƏR DƏ TƏMİZ OLMAZ DA...”

Atamla anamın söhbətindən:

–       Ay Bəyim, Vəlinin qardaşını işdən çıxarıblar.

–       Vəli o boyda vəzifədə... Nə əcəb?

–       O boyda zamzavotdel...heç zəng edib deməyib də ki, işiniz olmasın onunla. İnsan day bu qədər də təmiz olmaz da... Axı qardaşındır.

RAYKOM KATİBİ VƏ NEMƏT PƏNAHLI     

Vaxt keçdi, il dolandı. Ara qarışdı. Mitinqlər  qızışdı. İdarəetmə zəiflədi. Mərkəzi Komitə rəhbərliyinin yadına düşdü ki, bəs onun sıralarında Vəli Məmmədov kimi təmiz, ömründə rüşvət almayan, bacarıqlı kadrlar varmış. Ayağa qalxmış xalqla yalnız belələri dil tapa bilərlər. Vəli Məmmədovu Bakının mərkəzi rayonu sayılan – mitinqlərin vüsət aldığı Lenin meydanının qeyri rəsmi Azadlıq meydanının yerləşdiyi rayona – 26-lar rayonuna, indiki dildə desək, icra başçısı təyin edirlər.

İlk meydan hərəkatı yatırıldıqdan, Nemət başda olmaqla bir qrup adam həbs olunduqdan sonra yerlərdə yığıncaqlar keçirilir. Yazıçılar İttifaqı bu rayonun ərazisində olduğundan Qabil də dəvətlilər sırasındaymış. Vəli Məmmədov çıxışında Nemət Pənahovu “malçişka” adlandırır... Atam buna dözmür. Ayağa durub:

–       Ay Vəli, belə çıxır ki, neçə aylardır bu boyda xalqı meydanda “malçişka” idarə edirmiş? – deyib, zaldan çıxır.

İKİNCİ GÖRÜŞ VƏ SON

Həyat yoldaşımın əmisi oğlu Camal 30 yaşında rəhmətə getmişdi.  Qudasının qardaşı və dostu Höccət Əkbərova başsağlığı vermək üçün atamla rayona getdik. Elə təzəcə çatıb, əyləşmişdik ki,  qapı açıldı. Sadə geyimdə iki nəfər girdi içəri. Onlardan birini tanıdım. Vəli Məmmədov idi. Höccət kişini özünə yaxın dost bilirdi. Oğlunu itirmiş ata kövrəldi. Sanki onun gəlişini gözləyirdi bu ağır günündə...

Höccət Əkbərov kimdir? Yardımlının ziyalısıdır. 20 noyabr vertolyot qəzasında həlak olanlarla vida mərasiminin videogörüntülərini çox izləmisiniz. Vəli Məmmədovun tabutunun başında dayanan yaşlı kişi Höccət Əkbərovdur.

Bu mənim Vəli Məmmədovla ikinci və son görüşüm idi. 66 gündən sonra isə qəzada həlak oldu. Silahdaşlarıyla birlikdə.

Allah hamısına rəhmət eləsin!

Tiflisdə “15 İyul Milli İradənin Yüksəlişi” adlı foto sərgi açılıb

Bu gün Tiflisdəki “İst Point” ticarət mərkəzində Türkiyənin Gürcüstandakı səfirliyinin, Yunis Əmrə Mədəniyyət Mərkəzinin və Anadolu Agentliyinin (AA) təşəbbüsü və təşkilatçılığı ilə AA-nın fotoqraflarının Türkiyədə iyulun 15-də  hərbi çevriliş cəhdi  zamanı çəkdiyi şəkillərin sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “15 İyul Milli İradənin Yüksəlişi” adlı tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Zeki Levend Gümrükçü, AA-nın Asiya Qafqaz Bölgesi üzre temsilçisi Tolga Özgenç, Yunis Əmrə İnstitutunun rəhbərliyi və əməkdaşları, iş adamları iştirak edib. Sərgidə AA-nın fotoqraflarının 57 əsəri sərgilənib. Tədbirdə Türkiyə səfiri Zeki Ləvənd Gümrükçü foto-şəkillərə baxış keçirib. Sərgiyə baxışda Türkiyə rəsmiləri, iş adamları, gürcü və azərbaycanlı jurnalistlər də iştirak edib.

Türkiyənin Gürcüstandakı səfiri Zeki Levend Gümrükçü jurnalistlərə açıqlamasında Tiflisdə AA-nın sərgisinin Gürcüstan paytaxtında açılmasını yüksək qiymətləndirib və bu sərgiyə Türkiyə Cümhuriyyətinin 28 oktyabrda təşkil olunan milli bayramında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin və digər rəsmilərin də baxdığını bildirib.

Səfir 15 iyul çevriliş cəhdi günü baş verən mücadilənin qürurunu yaşadıqlarını bildirib: “Biz  çevriliş cəhdini yaşadıq və o gün apardığımız mücadilənin qürurunu yaşayırıq. Bu gün fotoqraflarımızın sərgisində Türkiyə vətəndaşlarımızın da bizi yalnız buraxmamasını yüksək qiymətləndiririk. O gecə xalqımız qəhrəmanlıq göstərdi. Bu gün bizim çevriliş yürüşünə dəstək verənlərlə mücadiləmiz davam edir. Çünki Türkiyə demokratiyasının sağlam bir şəkildə davam etməsi bütün bölgə və dünya üçün böyük bir önəm daşıyır”, - deyə  Türkiyə səfiri bildirib.

Səfir Türkiyədə baş verən hadisələrdə Azərbaycan xalqının və dövlətinin Türkiyə ilə bir olduqlarını və dəstəklədiklərini bildirib: “Azərbaycan bu hadisələrdə bizə ən birinci dəstək olan ölkələrin başında durur. Bu çərçivədə Azərbaycan dövlətinə və onun başında duran Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Biz həqiqətən iki dövlət bir millətik və bu hadisələri də birgə yaşamışıq. Mən Bakıda açılan sərgidəki fotolarda türk fotoqraflarının yanında çevriliş cəhdini çəkən Azərbaycan fotoqraflarını da gördüm. Türkiyə və Azərbaycan bayraqları bərabər dalğalandı. Bu da bizim nə qədər bütün olduğumuzu açıq şəkildə göstərdi. Mən bu sözləri Gürcüstan barədə də bildirdim. Bizdə belə bir söz var: “Gerçək dost zor gündə bəlli olur”, - deyə səfir vurğulayıb.

Batumidə Azərbaycan mədəniyyəti təbliğ olunacaq

alt

Azərbaycanın Batumi səhərindəki baş konsulu Rəşad İsmayılov noyabrın 8-də şəhərin meri Giorgi Yermakovla görüşüb.

Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna verilən məlumata görə, R.İsmayılov Azərbaycanla Gürcüstan arasında əlaqələr barədə merə ətraflı məlumat verib.

Diplomat Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Görüşdə Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarının artırılması, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb. İkitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək

Gürcüstan hökumətinin dəstəyi ilə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze söyləyib.

Nazir deyib: “Teatrın binasının darısqal olması və aktyorların çətin şəraitdə fəaliyyət göstərmələri barədə məlumatımız var. Teatrın kollektivi bizə bununla əlaqədar müraciət edib. Biz də nazirlik olaraq, teatr üçün yeni binanın tikilməsi barədə müvafiq strukturlara müraciət etmişik. Artıq yer ayrılıb və mədəniyyət ocağının binasının layihəsi hazırlanır”.

Nazirin sözlərinə görə, layihələndirmə işləri tezliklə başa çatacaq.

“Düşünürəm ki, yaxın vaxtlarda tikinti işlərinə başlayacağıq” – deyə nazir Georqadze vurğulayıb.

Azərbaycanlı alimlər Gürcüstanda keçirilən elmi konfransda çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və institutun nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri, kimya elmləri doktoru Akif Əliyev Gürcüstanının R.Aqladze adına Qeyri-Üzvi Kimya və Elektrokimya İnstitutunun (QÜKEİ) 60 illik yubileyinə həsr olunan “Müasir tədqiqatlar və onların kimya, kimya mühəndisliyi və digər sahələrdə istifadəsinin perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konfransda təbrik nitqi ilə çıxış edən akademik Dilqəm Tağıyev rəhbərlik etdiyi qurum ilə QÜKEİ arasındakı elmi əlaqələrdən danışıb.

Ondan çox ölkənin alimlərinin iştirak etdiyi tədbirdə müasir kimyanın aktual problemləri, eləcə də elektrokimya və kataliz sahəsində hazırda aparılan işlərin kimya sənayesinin müxtəlif sahələrində tətbiqi məsələləri müzakirə olunub.

Konfrans çərçivəsində D.Tağıyev Gürcüstanın Milli Elmlər Akademiyasının prezidenti Georgi Kvesitadze və QÜKEİ-nin direktoru Georgi Tatişvili ilə görüşərək, elmi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıb.

Samsxe-Cavaxetidə Azərbaycan xalçaları nümayiş etdiriləcək

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsində yerləşən Axaltsixe şəhərindəki Rabat qalasında təşkil olunan "Rabat" adlı beynəlxalq sərgi festivalında Azərbaycan xalçaları nümayiş olunacaq.

"Dalga TV"nin məlumatına görə, bu barədə Tiflisdə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva məlumat verib.

Onun sözlərinə görə, sərgi iyunun 10-dan 12-dək davam edəcək: “Tədbiri Gürcüstan Mədəniyyət Nazirliyi ilə bizim muzey təşkil edib. Festivala dünyanın bir çox ölkələrindən nümayəndələr və mütəxəssislər gələcək, həmçinin gələn qonaqlar, elm adamları festival çərçivəsində təşkil olunacaq xalçaçılıq simpoziumunda iştirak edəcəklər. Toxuduğumuz qədim xalçalar Axaltsixe qalası olan Rabat qalasında nümayiş olunacaq. Sərgidə Qarabağ xalçaları olan “Vərni” adlanan xalça və Malıbəyli xalçasına xüsusi yer ayrılacaq. Biz sərgiyə həmçinin Borçalı, Ləmbəli, Qazax, Qaraçöp və digər bölgələrdə xalça ustalarının əl işlərini nümayiş etmək üçün Axaltsixeyə aparırıq”.

L. Əliyeva açıqlamasında iyunun 10-da başlayacaq sərgi festivalı çərçivəsində xalçaçılıq simpoziumuna Avropa ölkələrindən, İngiltərədən, Hindistandan, İrandan, Azərbaycandan, Gürcüstandan və Ermənistandan da nümayəndələr qatılacağını bildirib.

Qeyd edək ki, Axaltsixedə yerləşən, IX əsrdə tikilən və sonralar bərpa olunan Rabat qalasının ərazisində Əhmədiyyə məscidi, otel, muzey və informasiya mərkəzi yerləşir.

Gürcüstanda məşhur Borçalı aşıqı Hüseyn Saraçlının 100 illik yubileyi keçirilib

Bu gün Gürcüstanda görkəmli Borçalı aşığı Hüseyn Saraçlının 100 illik yubileyi qeyd olunub.

"Dalğa TV"nin məlumatına görə, tədbir Gürcüstanda fəaliyyət göstərən TİKA təşkilatının, Türkiyədə fəaliyyət göstərən Hacı Bektaşi Veli Mədəniyyət Dərnəyinin, Gürcüstan-Ukrayna Beynəlxalq Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Yubileyə gələn qonaqlar öncə Saraçlı kəndində aşıq Hüseyn Saraçlının məzarını ziyarət etdikdən sonra kəndin mərkəzində ucalan büstü önündə çıxış ediblər və Borçalıdan,Türkiyədən gələn aşıqların ifasında saz havaları səsləndirilib. Sonra yubiley tədbiri Marneulidə davam etdirilib.
Tədbiri Gürcüstan-Ukrayna Beynəlxalq Universitetinin rektor müavini, filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğlu açaraq aşıq Hüseyn Saraçlı yaradıcılığından söhbət açıb. Yubiley tədbirində Hacı Bektaşi Veli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, Dünya Söz Akademiyasının rəhbəri Hayrettin İVGİN, TİKA-nın Tiflis koordinatoru Mustafa Qorxmaz, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Dünya Qarapapaq Türkləri Birliyinin rəhbəri Seyfullah Türksoy, AYB-nin Qazax şöbəsinin rəhbəri Barat Vüsal, professor.doktor Nail Tan, şair-tərcüməçi Zezva Medulaşvili və başqaları çıxış edərək aşıq Hüseyn Saraçlının sənətkarlığından, onun yalnız Borçalıda deyil, eləcə də Azərbaycanda, Türkiyədə, İranda, bütün Türk dünyasında məşhur olduğunu bildiriblər. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərini beynəlxalq neft, qaz layihələri birləşdirdiyi kimi, indi də inkişaf edən mədəniyyətlərin birləşdirdiyi qeyd olunub.

Tədbirə mayın 30-31-də Tiflisdə keçirilən “Bəktaşi mədəniyyəti və ozanlar" adlı simpoziumun iştirakçıları olan 10 dövlətin nümayəndələri, Bakıdan, Gəncədən, Qazaxdan, Türkiyədən, İsveçdən, Tiflisdən, Rustavidən, Qardabanidən, Borçalının kəndlərindən sazsevərlər, həmçinin aşığın oğlu aşıq Əli və Saraçlı kənd sakinləri qatılıb. Tədbirdə Hacı Bektaşi Veli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişviliyə xatirə hədiyyəsi təqdim edib. Sonra Borçalı və Türk aşıqları Marneulidə təşkil olunan yubiley məclisində müxtəlif saz havaları ilə çıxış ediblər. Qeyd edək ki, aşıq Hüseyn Saraçlı yeganə azərbaycanlı aşıqdır ki, Gürcüstanın bədii filmlərində çəkilib.

Dünya Söz Akademiyasının rəhbəri Hayrettin İVGİN APA-ya açıqlamasında 70 il ərzində Türkiyənin Gürcüstanda yaşayan azərbaycanlılardan-türklərdən ayrı düşdüyünü bildirib: “İndi Anadolu ilə Borçalını, Ərdahanı, Qarsı Borçalı saz havaları birləşdirir. Türkiyədə çalınan saz ilə Borçalıda çalınan saz havaları eynidir, ürəyəyatandır, qəlboxşayandır. Biz indi inandıq ki, bu aşıq məktəbinin kökü Borçalıdadır. Aşıq Hüseyn Saraçlı da bu aşıq məktəbinin azman sənətkarlarından biridir."

“Pələng dərisi geymiş pəhləvan” Koreya dilinə tərcümə edildi

Görkəmli gürcü şairi Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poeması Koreya dilinə tərcümə edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan xarici işlər nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, əsərin tərcüməsi 10 ildə başa çatıb. Bildirilib ki, əsər Koreya dilinə tərcümə olunan ilk ədəbi nümunədir.

Şota Rustavelinin əsərini Koreya dilinə Yonse Universitetinin professoru Ço Cu Kvan tərcümə edib. Koreya professoru poemanı tərcümə edərkən gürcü professor-şərqşünas Quram Çikovani və Koreyadakı Xankuk Xarici Dillər Universitetinin magistri Rusudan Pirtsxalava ilə məsləhətləşib. Tərcümə 10 il davam edib.

Məlumata görə, yaxın gələcəkdə Ço Cu Kvan Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poeması mövzusunda özünün tədqiqat işlərini dərc etdirməyi planlaşdırır.
Gürcüstanın XİN mətbuat xidmətindən bildirilib ki, Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsəri XII əsrə aid olan gürcü mədəniyyət abidəsidir. İlk dəfə bu poema 1712-ci ildə Tiflisdə çap olunub. Əsər indiyədək 50 dilə tərcümə olunub.

Xatırladaq ki, Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsəri bir neçə dəfə Azərbaycan dilinə tərcümə olunub. Öncə Azərbaycan şairləri S.Vurğun, M.Rahim və S.Rüstəm onlara verilmiş sətri tərcümə əsasında "Pələng dərisi geymiş pəhləvan"ın poetik tərcüməsini hazırlayıb 1940-cı ildə nəşr etdiriblər. Ə.Cavadın tərcüməsi 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat muzeyinin fonduna daxil olmuş, başda filologiya elmləri doktoru Ə.Mirəhmədov olmaqla bir qrup əməkdaş onu nəşrə hazırlamışdı.

1978-ci ildə isə "Elm" nəşriyyatı tərəfindən "Pələng pərisi geymiş pəhləvan" əsəri Ə.Cavadın tərcüməsi ilə, düz 41 ildən sonra çap olunub. Həmin vaxta qədər əsər iki dəfə (1947; 1966) S.Vurğun, S.Rüstəm və M.Rahimin tərcüməsi ilə nəşr olunub.

Qeyd edək ki, 2013-cü ildə Tiflisdə 1712-ci ildə nəşr olunan Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin 300 illik yubileyi qeyd edilib. Həmin il əsər şair İmir Məmmədli tərəfindən sonuncu dəfə tərcümə olunub.

Qeyd edək ki, 2013-cü ildə "Pələng dərisi geymiş pəhləvan" əsərinin ən qədim əlyazması UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.

Saytda Axtarış

Son xəbərlər