Dalga Televiziyasi Gürcüstanda məşhur Borçalı aşıqı Hüseyn Saraçlının 100 illik yubileyi keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün373
DünənDünən1073
Bu həftəBu həftə1861
Bu ayBu ay50557
Bu günə qədərBu günə qədər7477891

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda məşhur Borçalı aşıqı Hüseyn Saraçlının 100 illik yubileyi keçirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Bu gün Gürcüstanda görkəmli Borçalı aşığı Hüseyn Saraçlının 100 illik yubileyi qeyd olunub.

"Dalğa TV"nin məlumatına görə, tədbir Gürcüstanda fəaliyyət göstərən TİKA təşkilatının, Türkiyədə fəaliyyət göstərən Hacı Bektaşi Veli Mədəniyyət Dərnəyinin, Gürcüstan-Ukrayna Beynəlxalq Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Yubileyə gələn qonaqlar öncə Saraçlı kəndində aşıq Hüseyn Saraçlının məzarını ziyarət etdikdən sonra kəndin mərkəzində ucalan büstü önündə çıxış ediblər və Borçalıdan,Türkiyədən gələn aşıqların ifasında saz havaları səsləndirilib. Sonra yubiley tədbiri Marneulidə davam etdirilib.
Tədbiri Gürcüstan-Ukrayna Beynəlxalq Universitetinin rektor müavini, filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğlu açaraq aşıq Hüseyn Saraçlı yaradıcılığından söhbət açıb. Yubiley tədbirində Hacı Bektaşi Veli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, Dünya Söz Akademiyasının rəhbəri Hayrettin İVGİN, TİKA-nın Tiflis koordinatoru Mustafa Qorxmaz, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Dünya Qarapapaq Türkləri Birliyinin rəhbəri Seyfullah Türksoy, AYB-nin Qazax şöbəsinin rəhbəri Barat Vüsal, professor.doktor Nail Tan, şair-tərcüməçi Zezva Medulaşvili və başqaları çıxış edərək aşıq Hüseyn Saraçlının sənətkarlığından, onun yalnız Borçalıda deyil, eləcə də Azərbaycanda, Türkiyədə, İranda, bütün Türk dünyasında məşhur olduğunu bildiriblər. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərini beynəlxalq neft, qaz layihələri birləşdirdiyi kimi, indi də inkişaf edən mədəniyyətlərin birləşdirdiyi qeyd olunub.

Tədbirə mayın 30-31-də Tiflisdə keçirilən “Bəktaşi mədəniyyəti və ozanlar" adlı simpoziumun iştirakçıları olan 10 dövlətin nümayəndələri, Bakıdan, Gəncədən, Qazaxdan, Türkiyədən, İsveçdən, Tiflisdən, Rustavidən, Qardabanidən, Borçalının kəndlərindən sazsevərlər, həmçinin aşığın oğlu aşıq Əli və Saraçlı kənd sakinləri qatılıb. Tədbirdə Hacı Bektaşi Veli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişviliyə xatirə hədiyyəsi təqdim edib. Sonra Borçalı və Türk aşıqları Marneulidə təşkil olunan yubiley məclisində müxtəlif saz havaları ilə çıxış ediblər. Qeyd edək ki, aşıq Hüseyn Saraçlı yeganə azərbaycanlı aşıqdır ki, Gürcüstanın bədii filmlərində çəkilib.

Dünya Söz Akademiyasının rəhbəri Hayrettin İVGİN APA-ya açıqlamasında 70 il ərzində Türkiyənin Gürcüstanda yaşayan azərbaycanlılardan-türklərdən ayrı düşdüyünü bildirib: “İndi Anadolu ilə Borçalını, Ərdahanı, Qarsı Borçalı saz havaları birləşdirir. Türkiyədə çalınan saz ilə Borçalıda çalınan saz havaları eynidir, ürəyəyatandır, qəlboxşayandır. Biz indi inandıq ki, bu aşıq məktəbinin kökü Borçalıdadır. Aşıq Hüseyn Saraçlı da bu aşıq məktəbinin azman sənətkarlarından biridir."

Saytda Axtarış

Son xəbərlər