Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1474
DünənDünən2716
Bu həftəBu həftə6912
Bu ayBu ay4190
Bu günə qədərBu günə qədər7492407

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycanlı gənclər Tbilisidə İrana dəstək aksiyası keçirib

Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Tbilisi şəhərində İrana dəstək aksiyası keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, İranın Gürcüstandakı səfirliyi qarşısında keçirilmiş aksiyada iştirakçılar İranda hakimiyyət əleyhinə təşkil olunmuş etirazları pisləyib. Gənclər "Allahu əkbər, Xamnei rəhbər!" şüarı səsləndirib.

Səfirlik qarşısında eyni vaxtda İrandakı etirazları dəstəkləyən bir qrup iranlı da aksiya keçirib. Onların aksiyası "Xamnei diktator, İranı tərk et!" şüarı altında keçib.

 

Gürcüstan parlamentində ölkənin təbii qazla təminatı məsələsi müzakirə olunub

Gürcüstan parlamentinin büro iclasında ölkənin bu il təbii qazla təmin olunması ilə bağlı müzakirə aparılıb.

APA-nın yerli bürosunun məlumatına görə, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, deputat Roman Qotsiridze Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə ötən il imzaladığı müqaviləni utancverici adlandırıb. O bildirib ki, müqaviləyə əsasən “Qazprom”un ödədiyi vəsait Rusiya sərhədindən Ermənistana qədər qazın nəqli üçün kifayət edəcək: “O zaman Kaladze (keçmiş energetika naziri – red.) bildirmişdi ki, Rusiya ilə imzalanmış müqaviləyə əsasən ucuz qaz əldə edəcəyik. Lakin məlum olub ki, biz bu il təbii qazın 100%-ə yaxınını Azərbaycandan alacağıq. Əgər ucuz qazla bağlı müqavilə imzalanıbsa, o zaman biz niyə Rusiyadan qaz almırıq? Səbəb odur ki, pul yoxdur”.

Deputat qeyd edib ki, Gürcüstan “Qazprom”la müqaviləyə görə 80 milyon dollar itirib.

Parlament çoxluğunun rəhbəri Arçil Talakvadze isə öz növbəsində müxalifətin mövqeyini ziddiyyətli adlandırıb. O deyib ki, əvvəllər müxalifət Gürcüstanın Rusiyadan qaz almasına, indi isə qaz almamasına etiraz edir: “Mən müxalifətə tövsiyə edirəm ki, məntiqli arqumentlər formalaşdırıb mövqe bildirsin”.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 mlrd. kubmetr həcmində proqnozlaşdırılır. Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kubmetrini SOCAR-dan, 813 mln. kubmetrini isə “Şahdəniz” yatağından əldə edəcək. Yerdə qalan 0,35% (9,41 mln. kubmetr) yerli hasilatın payına düşəcək. Proqnoza əsasən bu il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır.

Cəbhədə gərginlik — Mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub.

MN-dən "Ölkə.Az"a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Vazaşen kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

İlham Əliyev xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.

Ölkə.Az xəbər verir ki, təbrikdə Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğunun, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasının çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynadığı bildirilir. “Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik”, - deyə dövlətimizin başçısı qeyd edir.

Prezident İlham Əliyev vurğulayır ki, ölkəmizin bütün milli azlıqları kimi, pravoslav xristian icması da millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda gedən böyük inkişaf prosesində və vətəndaş cəmiyyəti quruculuğunda yaxından iştirak edir.

Milad bayramının yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini bildirən dövlətimizin başçısı təbriki bu sözlərlə bitirir: “Bu nurlu bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”.

Kəndlərimiz pulemyotlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 145 dəfə pozub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparmağa hazırıq”

“Biz azərbaycanlı həmkarlarımızla qarşılıqlı maraq doğuran bütün vacib məsələlərlə bağlı məsləhətləşmələr aparmağa hazırıq”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri bildirib.

Z. Dzidziquri deyib ki, Gürcüstan Azərbaycanla sıx əməkdaşlıq edir və iki ölkə arasında dostluq əlaqələrinin dərinləşdirilməsi prioritet məsələlərdən biridir: “Azərbaycanlı həmkarlarımızla müzakirələr aparmaq üçün yaxın gələcəkdə görüş keçirməyə hazırıq. Biz ikitərəfli münasibətlərin gələcəkdə də pozitiv dinamika ilə inkişaf edəcəyinə əminik”.

Qeyd edək ki, ötən həftə Azərbaycan parlamentində Gürcüstanın Ermənistana Rusiyaya çıxış üçün əlavə dəhliz verməsinə etiraz ifadə olunub. Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna məsələni araşdırmaqla bağlı tapşırıq veriləcəyini bildirib.

Dursun Həsənov: “Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın potensialı tam reallaşdırılmayıb”

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun APA-ya müsahibəsi

- Bu ilin noyabrında Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 25 illiyi tamam oldu. Ötən dövrə nəzər salsaq, iki ölkə arasında münasibətlərin inkişafını necə qiymətləndirərdiniz?

- Azərbaycan və Gürcüstan arasında münasibətlər tarixi köklərə bağlıdır. Hər iki xalq tarixən biri-biri ilə yaxın və mehriban qonşuluq şəraitində yaşayıb. 1991-ci ildə Sovet İttifaqı iflasa uğradıqdan sonra hər iki dövlət yenidən müstəqillik əldə etmək imkanı qazandı. Doğrudur, müstəqilliyin ilk illərində münasibətlərin qurulması çətin keçdi, hər iki ölkədə mövcud olan hərc-mərclik və o vaxtkı siyasi iqtidarın səriştəsizliyi buna imkan vermədi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması ilə Azərbaycan-Gürcüstan əlaqələri yeni mərhələyə qədəm qoydu. Ulu öndər qonşu dövlətlərlə, o cümlədən Gürcüstan ilə münasibətlərə  xüsusi önəm verdi. Həm siyasi, iqtisadi, enerji, mədəni, həm də digər sahələrdə münasibətlər inkişaf etməyə başladı. Bu inkişaf indi də davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər iki dövlət arasında əlaqələri yüksək səviyyəyə çatdırdı. İkitərəfli səfərlər, imzalanan bir  sıra sazişlər və icra olunan regional layihələr, dövlətlərin bir-birinə qarşılıqlı dəstəyi bunun bariz sübutudur. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu dövrdə münasibətlər yüksək səviyyədədir. Azərbaycan və Gürcüstan  strateji müttəfiqlərdir və hər iki tərəf bu münasibətləri yüksək qiymətləndirir.

- 2017-ci il Azərbaycan-Gürcüstan münasibətləri üçün hansı hadisələrlə əlamətdar oldu?

- Hər iki tərəf arasında inkişaf edən münasibətlər 2017-ci ildə də yüksələn xətlə davam edib. Sözsüz ki, ilin ən mühüm hadisəsi artıq çoxdan gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsidir. Bu ilin 30 oktyabr tarixində dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Bu layihə region dövlətlərini həm siyasi, həm də iqtisadi cəhətdən möhkəm bağlayacaq və münasibətlərə yeni təkan verəcək. Layihə nəinki regionda, eləcə də Şərq və Qərb arasında bir körpü rolunu oynayacaq, Şərqdən Avropaya gedən yüklərin daşınmasına müsbət təsir göstərəcək. Hesablamalara görə, ilkin mərhələdə bu dəmir yolu ilə 1 milyon sərnişin və 6-7 milyon ton yükün daşınacağı nəzərdə tutulub. Gözlənilir ki, sonrakı illərdə yükdaşımaların sayında artım olacaq. Enerji sahəsində də, həmişəki kimi, bu il də “SOCAR Georgia” şirkəti Gürcüstanın qaz təchizatında əsas pay sahibi olub. Ümumiyyətlə, Gürcüstanın qazla təmin olunmasında Azərbaycanın müstəsna xidməti danılmazdır və hesab edirəm ki, yaxın dövrlərdə də belə davam edəcək.

Bu il Azərbaycan və Gürcüstan arasında iqtisadi, elmi, mədəni və digər sahələrdə tədbirlər keçirilib. Belə ki, Azərbaycanın ictimai-siyasi xadimi, yazıçı Nəriman Nərimanovun doğulduğu Tiflis şəhərində xatirə muzeyinin açılması, bir sıra rəssamlarımızın sərgilərinin təşkil olunması, Azərbaycanın tarixi və ədəbiyyatına dair bir sıra nəşrlərin təqdimatlarının keçirilməsi və s. tədbirlər ikitərəfli əlaqələrə təsirsiz ötüşməyib. Xüsusilə mədəni tədbirlər içərisində bu ilin 9 dekabr tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə Tiflis şəhərində “Canlı həyat” sərgisinin keçirilməsini göstərmək olar ki, bu hadisə Gürcüstanın sənət elitasının, şəhər sakinlərinin böyük maraq və diqqətinə səbəb olub, Leyla xanım Əliyeva və başqa gənc rəssamların əsərləri sərgiyə toplaşan insanlarda böyük təəssürat oyadıb.

-  Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın mövcud potensialı tam reallaşdırılıbmı? Hansı istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var?

- Hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın potensialı tam reallaşdırılmayıb. Ancaq eyni zamanda, onu da əlavə etmək lazımdır ki, hər iki dövlətin rəhbərliyinin sərgilədiyi siyasi iradə və əməli addımlar nəticəsində bu  əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə yatıran ölkələr içərisində Azərbaycan birinci yeri tutur. Gürcüstan və Azərbaycan ərazisində hər iki dövlətin çox sayda şirkətləri fəaliyyət göstərir. Məlumat üçün bildirim ki,  bu günə qədər iki ölkə arasında 100-dən çox sənəd imzalanıb və həmin sənədlərin 50-si iqtisadi sahəni əhatə edir, 250-dən artıq gürcü şirkəti Azərbaycanda, 1200-dən artıq Azərbaycan şirkəti Gürcüstanda qeydiyyatdan keçib. Düşünürəm ki, qarşılıqlı biznesin inkişafı üçün Azərbaycan və Gürcüstan şirkətlərinin birgə fəaliyyəti və əməkdaşlığı faydalı olardı. Ona görə də bu istiqamətdə birgə tədbirlərin, forumların keçirilməsinin böyük əhəmiyyəti var. Bu ildən etibarən Gürcüstan ərazisində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy International Media Group”un maraqlarını təmsil edən “Caspian Energy Georgia” şirkətinin təsis olunması və bu ölkə ərazisində mütəmadi olaraq “CEO lunch”ların keçirilməsi də bu qəbildən baş tutan tədbirlərdəndir. Cari ilin 29 sentyabr tarixində keçirilmiş ilk “CEO lunch”da Gürcüstanın baş naziri cənab Giorgi Kvirikaşvili və digər dövlət rəsmilərinin iştirakı tədbirə xüsusi önəm verib. Həmçinin tədbirdə iştirak etmiş Azərbaycan və gürcü iş adamlarının ünsiyyət qurması və birgə müzakirələr aparması faydalı olub. Nəzərə almalıyıq ki, Gürcüstan hökuməti ölkə ərazisində xarici investorların çalışması və iş qurması üçün geniş imkanlar yaradır. Hesab edirəm ki, bu istiqamətdə iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrində təcrübə mübadiləsinin aparılması vacibdir. Xüsusilə son illər Gürcüstana gələn xarici turistlərin sayı artmaqdadır. Statistik məlumata əsasən bu il Gürcüstana gələn turistlərin sayı 7 milyona yaxınlaşır. Gürcüstana səfər edən turistlər eyni zamanda, Azərbaycana da səfər edir və bununla onlar regionla daha yaxından tanış olmaq imkanı qazanırlar. Düşünürəm ki, hər iki ölkə arasında birgə turizm layihələrinin həyata keçirilməsi də sözügedən sahə ilə məşğul olan Azərbaycan və gürcü şirkətlərinin maraq dairəsində olmalıdır.  

- Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ləng irəliləyir. Mübahisəli ərazilərlə bağlı razılıq əldə olunması üçün hansı işlər aparılır? Yaxın vaxtlarda komissiyasının iclasının keçirilməsi gözlənilirmi?

- Qeyd etməliyəm ki, bu sahədə danışıqlar davam etdirilir. Bu, asan olmayan uzun prosesdir. Hələ ki yekun razılaşma əldə olunmayıb və mövcud komissiya danışıqları davam etdirir. Gələn ilin əvvəllərində Gürcüstanla danışıqların növbəti mərhələsinin keçirilməsi gözlənilir.

- Gürcüstanda Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğatı istiqamətində səfirlik tərəfindən hansı işlər görülür və gələcək illərdə bu istiqamətdə hansı planlar var?

- Əlbəttə ki, bu, səfirliyin fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı, bayaq qeyd etdiyim kimi, səfirliyin il ərzində keçirdiyi tədbirləri, kitab nəşrlərini nümunə gətirmək olar. Eyni zamanda, Gürcüstanda yaşayan soydaşlarımızın, gənclərin və Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin də bu istiqamətdə fəaliyyəti mühüm rol oynayır, çünki onlar da belə desək, mənəvi vətənləri olan Azərbaycanın qeyri-rəsmi elçiləridir və hər biri oxuduqları təhsil müəssisəsi və yaxud çalışdıqları təşkilat daxilində Azərbaycan həqiqətləri, tarixi, mədəniyyəti haqqında məlumatlar verməli və ölkəmizin milli-mədəni dəyərlərini tanıtmalıdır. Bu ilin noyabr ayında səfirliyin təşəbbüsü ilə səfirlikdə Gürcüstanda yaşayan, işləyən və təhsil alan azərbaycanlı gənclərlə görüş keçirdik. Həmin görüşdə Azərbaycan hökumətinin gənclər siyasətinə verdiyi önəm və bu istiqamətdə qəbul etdiyi qərarlar barədə məlumatlar verdik, eyni zamanda, gənclərin qarşılaşdığı çətinliklər və onların problemləri, qayğıları barədə faydalı müzakirələr apardıq. Həmin görüşdə mən bir daha gənclərə onları narahat edən məsələlər barədə hər zaman səfirliyə üz tuta biləcəklərini bildirərək, öz problemlərini bizimlə bölüşməyi tövsiyə etdim. Səfirlik hər zaman onları dinləməyə açıqdır. Sözsüz ki, səfirliyin ölkəmizin təbliği istiqamətində planları çoxdur və növbəti ildə də biz onları həyata keçirəcəyik. Bizi narahat edən əsas məsələ Tiflis şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının binasının acınacaqlı durumudur. Bu istiqamətdə 2018-ci ildə öz səylərimizi artıracağıq.

- Son illər Gürcüstanda yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında fəaliyyətinə necə qiymət verərdiniz? Hazırda soydaşlarımızı narahat edən əsas problemlər hansılardır və onların həlli ilə bağlı səfirlik səlahiyyətləri çərçivəsində hansı işləri görə bilir?

- Soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatında fəaliyyətini səfirlik yaxından izləyir. Zənnimcə, soydaşlarımızın diqqət göstərəcəyi əsas məqam təhsil olmalıdır. Həmçinin soydaşlarımız Gürcüstan cəmiyyətinə inteqrasiya və onun bir hissəsi olmaqdan ötrü dövlət dili olan gürcü dilini mükəmməl bilməlidirlər. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri olaraq mən azərbaycanlı gənclərlə, regionlarda yaşayan sakinlərlə görüşlərim zamanı bu məsələni dəfələrlə vurğulamışam. Qeyd etmək istərdim ki, işsizlik, xüsusən də gənclərin işlə təmin olunması problemi çox aktual xarakter daşıyır. Bununla bağlı Gürcüstanda biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan şirkətlərinin soydaşlarımızın kompakt yaşadığı bölgələrdə iş qurmaları məsələyə qismən də olsa, öz faydasını verə bilərdi. Gürcüstanda yaşayan soydaşlarımızın bir araya toplanması və təşkilatlanması baxımından azərbaycanlıların sıx yaşadığı ərazilərdə Azərbaycan icmaları fəaliyyətlərini artırmalıdır. Belə ki, Gürcüstanda olan Azərbaycan icmalarının mərkəzləşmiş şəkildə fəaliyyət göstərməsi çox vacibdir.

Səfirlik il ərzində keçirdiyi ölkəmizin əlamətdar günlərində və anım tədbirlərində Azərbaycan icmasının nümayəndələrini, soydaşları dəvət edir, onların bir arada toplaşmasına şərait yaradır. Məsələn, bu yaxınlarda səfirliyin və SOCAR-ın təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı idmançıların beynəlxalq arenada qazandığı nailiyyətlərlə bağlı tədbir keçirildi. Həmin tədbirdə azərbaycanlı idmançıları və onların məşqçilərini bir araya toplayıb təbrik etdik, fərqlənən idmançılara tərifnamələr və hədiyyələr təqdim etdik. Hesab edirəm ki, bu cür tədbirlərin təşkili soydaşlarımıza həm mənəvi dəstəkdir, həm də əlavə stimul verir. 

- Qeyd etdiyiniz kimi, bu il Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub. Amma Cəlil Məmmədquluzadənin ev muzeyi illərdir ki, baxımsız və qəzalı vəziyyətdədir. Bu ilin aprel ayında səfirlik tərəfindən muzeyə baxış keçirilib. Muzeyin bərpası istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulub?

- Tiflis bir sıra Azərbaycan ədəbiyyat xadimləri və görkəmli ziyalılarımızın yaşadığı və fəaliyyət göstərdiyi şəhərdir. Mirzə Fətəli Axundzadənin, Nəriman Nərimanovun muzeyləri Azərbaycanın bir mədəniyyət ocağı kimi fəaliyyət göstərir. Ədəbiyyatımızın görkəmli nümayəndəsi Mirzə Cəlil Məmmədquluzadənin də ev muzeyinin bərpası səfirliyin diqqət mərkəzindədir. Bununla bağlı maliyyə problemləri olsa da, ümid edirəm ki, bu məsələ də tezliklə həllini tapacaq və bərpa-təmir işlərindən sonra Mirzə Cəlilin ev muzeyi də digər muzeylərimiz kimi öz qapısını ziyarətçilərin üzünə açacaq.

- Bildiyiniz kimi, gələn il Azərbaycan və Gürcüstanda ilk müstəqil respublikaların yaranmasının 100 illiyi tamam olacaq. Azərbaycan Demokratik Respublikasının elan olunduğu Tbilisidə yubileyə həsr olunmuş tədbirlərin təşkili nəzərdə tutulubmu?

- Bu il Azərbaycan Respublikasının prezidenti cənab İlham ƏliyevAzərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi bağlı müvafiq sərəncam verib. Sərəncama əsasən xarici ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən tədbirlər keçiriləcək. Bununla bağlı müvafiq Tədbirlər Planının işlənib hazırlanması tapşırılıb. Həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən Tədbirlər Planı tərtib olunub və Plana uyğun olaraq 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi bağlı yalnız İstiqlal Bəyannaməsinin qəbul olunduğu Tiflis şəhərində deyil, həmçinin ölkənin digər bölgələrində geniş, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

- Dekabrın 21-də Gürcüstana səfir təyinatınızın bir ili tamam oldu. Sizin rəhbərliyiniz altında səfirliyin 1 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd edim ki, Gürcüstan kimi əhəmiyyətli bir ölkəyə səfir təyinatım cənab prezident tərəfindən göstərilən yüksək etimaddır və bu etimadı doğrultmaq  və mənə həvalə olunmuş bu şərəfli və olduqca məsuliyyətli missiyanı ləyaqətlə yerinə yetirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri kimi fəaliyyət göstərdiyim bir il ərzində iki dövlət arasında əlaqələr intensiv olub. Belə ki, dövlət rəsmilərinin yüksək səviyyəli qarşılıqlı səfərləri, keçirilmiş beynəlxalq tədbirlərdə nümayəndə heyətlərinin iştirakı, imzalanmış sazişlər, tərəflər arasında faydalı fikir mübadiləsinin aparılması və s. məsələlərdə aktivlik müşahidə edilib. Münasibətlərin bugünkü durumu əlaqələrin yüksək olmasından xəbər verir və inanıram ki, növbəti il – 2018-ci ildə də bu əlaqələrin inkişaf dinamikası davam edəcək. İşin qiymətləndirilməsinə gələndə, bunu biz yox, ilk növbədə ölkə rəhbərliyi və Xarici İşlər Nazirliyi verəcək. Lakin şəxsən hesab edirəm ki, qarşıda görüləsi çox işlər var və bunun üçün gücümüzü səfərbər etməli, hədəflədiyimiz məqsədlər naminə səylərimizi əsirgəməməli, nailiyyətlər əldə etmək üçün ardıcıl və sistemli şəkildə fəaliyyət göstərməliyik. 

Fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eləcə də yeni təqvim ili münasibətilə soydaşlarımızı təbrik edir, onların hər birinə möhkəm cansağlığı, ailə səadəti, işlərində uğurlar və firavan həyat arzu edirəm.

Gürcüstan prezidenti Azərbaycan prezidentinə məktub göndərib

Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili azərbaycanlı həmkarı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, G. Marqvelaşvilinin məktubunda deyilir:

“Zatı-aliləri. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafa nail olub. Əminəm ki, strateji tərəfdaşlar olaraq xalqlarımızın qarşılıqlı mənafeyi naminə bizim birgə səylərimiz sayəsində əməkdaşlığımızın genişlənməsi daha böyük nailiyyətlərə gətirib çıxaracaq. Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

Kvirikaşvili: “Gürcüstanın son məqsədi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”

"Gürcüstanın son məqsədi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, hökumətin əsas prioriteti avroatlantik məkana inteqrasiyadır: “2017-ci ildə əsas nailiyyət Avropa İttifaqıölkələri ilə viza rejiminin aradan qaldırılması olub. Bu qərar Avropa İttifaqının Gürcüstana etibarının göstəricisidir”.


G. Kvirikaşvili qeyd edib ki, Gürcüstan Aİ ilə əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq: “Əminik ki, bu proqram uğurla həyata keçiriləcək. Eyni zamanda, NATO-ya inteqrasiya və ABŞ-la əməkdaşlıq da əsas prioritet olaraq qalır”.

Canelidze: "Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı dəstəyini yüksək qiymətləndiririk"

"Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı dəstəyini yüksək qiymətləndiririk".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, regionda təhlükəsizliklə bağlı problemlər var və Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü pozulub: "Azərbaycan və Gürcüstan mövcud münaqişələrin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır".

XİN başçısı iki ölkə arasında münasibətlərin dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşmaya əsaslandığını deyib: "Bütün sahələr üzrə əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkə regional və qlobal iqtisadi layihələrin iştirakçısıdır.".

M.Canelidze 2017-ci ili Gürcüstan-Azərbaycan münasibətləri üçün əlamətdar adlandırıb: "Bu il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bu dəmir yolu 3 strateji tərəfdaşı birləşdirməklə Avropa və Asiya arasında körpü rolunu oynayır".

Nazir iki ölkə arasında yüksək səviyyədə çox fəal dialoqun olduğunu qeyd edib. "Gələcəkdə qarşılıqlı münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümid edirik. Birgə səylərlə əhəmiyyətli layihələri həyata keçirməyə davam edəcəyik".

Gürcü nazir çıxışının sonunda Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edərək qonşu ölkəyə sabitlik və firəvanlıq arzu edib.

Tbilisidə Azərbaycan-Gürcüstan əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib

Tbilisidə Şota Rustaveli adına Milli teatrda Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, təbdirdə Gürcüstanın hökumət nümayəndələri, siyasətçilər, diplomatik korpusun nümayəndələri, tanınmış gürcü və azərbaycanlı ictimai xadimlər, ziyalılar və digər şəxslər iştirak edib.

Mərasimdə çıxış edən Azərbaycan səfiri Dursun Həsənov iki ölkə arasında münasibətlərin inkişaf tarixindən danışıb: "Münasibətlər bütün sahələrdə dinamik inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Həyata keçirilmiş böyük iqtisadi layihələr uğurlu əməkdaşlığın bariz nümunəsidir."

Səfir hər iki dövlətin ərazi bütövlüyü məsələsinə də toxunub: "Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq arenada qarşılıqlı dəstək nümayiş etdirir".

Sonra çıxış edən Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Azərbaycanla münasibətlərə böyük önəm verildiyini deyib: "Azərbaycan prezidenti İlham Əliyevin şəxsi dəstəyi ilə Gürcüstanla münasibətlər inkişaf etdirilir. Ümid edirik ki, gələcəkdə də ölkələr arasında münasibətlər uğurla davam etdiriləcək".

İki ölkə arasında ticari-iqtisadi münasibətlərə toxunan nazir onların gələcəkdə daha da genişləndiriləcəyinə inam ifadə edib.

Tədbir konsert proqramı ilə davam etdirilib. Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin iştirakı ilə keçirilən konsertdə filarmoniyanın direktoru xalq artisti Samir Cəfərov, Sevinc İbrahimova, əməkdar artistlər Kəmalə Tağızadə, Mahir Məmmədov, Mehparə Cəfərova və digərləri Azərbaycan və dünya klassik musiqi əsərlərini ifa ediblər.

Saytda Axtarış

Son xəbərlər