Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1428
DünənDünən2380
Bu həftəBu həftə3808
Bu ayBu ay39111
Bu günə qədərBu günə qədər7409585

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı-Tbilisi-Qars Azərbaycana böyük dividendlər gətirəcək

alt

Özündə avtomobil yollarını, dəmir yolu nəqliyyatını, dəniz və hava yolu ilə daşınmaları birləşdirən nəqliyyat və logistika sahələri hər bir ölkənin iqtisadiyyatının inkişafının aparıcı istiqamətlərindən biri olub və olmaqdadır. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilən müdrik siyasəti sayəsində ölkəmiz də istisna təşkil etmir və başqa sahələrlə yanaşı, məhz nəqliyyat və logistikanı fəal inkişaf etdirir. 

Şəksiz ki, Azərbaycanın çox əlverişli coğrafi mövqeyi barədə xüsusi danışılmalıdır. Bu, ölkəmizə artıq indinin özündə təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyət daşıyan iri nəqliyyat layihələrinin əhəmiyyətli iştirakçısı və təşəbbüskarı kimi çıxış etmək imkanı verir. 

Qonşu Türkiyə və Gürcüstanla sıx əməkdaşlığın nəticəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu cəsarətlə ötən illərin əsas nəqliyyat layihələrindən biri saymaq olar. 

Xatırladaq ki, BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası Saziş əsasında yaradılıb. Gözlənildiyinə görə, ilkin mərhələdə bu marşrut üzrə yükdaşımalarının həcmi 6,5 milyon ton təşkil edəcək, habelə təqribən 1 milyon sərnişin daşınacaq. 

2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, onun xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, habelə Tacikistan və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. 

Bu yol çox böyük əhəmiyyət daşıyır, çünki Asiya və Avropanı Azərbaycan və digər tranzit ölkələr vasitəsilə ən qısa marşrutla birləşdirir. Bu yolla yüklər artıq daşınır və yükdaşımaların həcmi artacaq. 

Bundan əlavə, İzmir limanının dəmir yolu vasitəsilə BTQ dəhlizi ilə birləşdiriləcəyi də istisna olunmur. Hazırda həmin layihə üzərində iş gedir. İzmir limanının BTQ ilə birləşdirilməsi Türkiyə ərazisindən yükdaşımalarının artmasına kömək edəcək. 

Türkiyənin Qars şəhəri və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlanıb. Daha əvvəl bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib. 

E.Özoralın sözlərinə görə, BTQ layihəsi çərçivəsində bu istiqamətdə işlər aparılır. O deyib: “Biz Qarsı logistika mərkəzi kimi nəzərdən keçiririk. Onun tikintisi üzrə işlər davam edir. İndi işlərin hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin, çox güman, yaxın iki ildə başa çatacaq. Hazırda BTQ layihəsinin davam etdirilməsi istiqamətində işlər aparılır. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb”. 

Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyəni Avropa ilə birləşdirdiyini bildirən səfir deyib: “Hazırda BTQ ilə Qazaxıstandan Mərsin limanına yüklər daşınır. Bəzi yüklər Rusiyadan Türkiyəyə və Avropaya göndərilir. Gələcəkdə yükdaşımalarının həcminin necə olacağını deməyə çətinlik çəkirəm. Yalnız onu deyə bilərəm ki, bütün potensialdan istifadə olunacaq”. 

Azərbaycan üçün BTQ-dən gəlirin yeganə mənbəyi yükdaşımaları və tranzit deyildir. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ötən ilin sonunda jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan və Türkiyə BTQ üçün vaqonları Sumqayıt Texnoloji Parkında birgə istehsal edə bilərlər. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaq vaqonların yeni növlərinin istehsalı planlaşdırılır. Cavid Qurbanovun fikrincə, Sumqayıt Texnoloji Parkında vaqonların birgə istehsalına başlamaq olar. Onun sözlərinə görə, Avropa standartlarına cavab verəcək yeni vaqonlardan istər MDB, istərsə də Avropa ölkələrində istifadə etmək mümkün olacaq. 

Bu o deməkdir ki, layihənin Azərbaycanda həyata keçirilməsi sayəsində BTQ-nin digər üstünlükləri ilə bərabər, birgə vaqon istehsalı da təşkil ediləcək, bu da daha bir mühüm layihənin inkişafını – texnoloji parkların və yeni iş yerlərinin yaradılmasını təmin edəcək. 

Cavid Qurbanov deyib ki, “Stadler Rail Group” şirkətinin istehsal etdiyi sərnişin vaqonları artıq 2019-cu ilin fevral-mart aylarında gətiriləcək. On vaqon gətirilən kimi, Bakı-Tbilisi-Qars sərnişin qatarı istifadəyə veriləcək. 

Heç şübhəsiz, bu fakt ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcək. 

BTQ sərnişindaşımaları sahəsinə və turizm sektoruna birmənalı şəkildə təsir göstərəcək. ABŞ-ın nüfuzlu CNN kanalının Bakı-Tbilisi-Qars dəmir yolunu səyahətlər barədə təsəvvürləri dəyişdirə biləcək yeni dəmir yolu marşrutları sırasına daxil etməsi bunu bir daha təsdiq edir. 

CNN saytında yerləşdirilən məqalədə deyilir: “Bu il dəmir yolu ilə səyahət həvəskarları üçün bütün dünyada açılan, iri şəhərləri birləşdirən və yolu qısaldan sürətli yeni marşrutlarla zəngin olan yaxşı ildir. Səyyahlar təyyarə ilə uçuşa alternativ axtarırlarmı, yoxsa sadəcə qatarda sürətlə getmək istəyirlərmi, fərqi yoxdur, bu marşrutlar səyahətlər üçün yeni imkanlar təklif edir”. 

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə açılıb. Azərbaycanın və Gürcüstanın paytaxtlarını Türkiyənin qədim Qars şəhəri ilə birləşdirən bu yolun uzunluğu 826 kilometrdir. 2019-cu ildə BTQ yeni marşrut təqdim edəcək. CNN saytındakı materialda deyilir ki, bu marşrutla Bakı, habelə Türkiyənin Ankara və İstanbul şəhərləri arasında sərnişin daşınacaq. 

Magistral yol üçün vaqonlar istehsal edən İsveçrənin ”Stadler Rail Management” şirkətinin məlumatına görə, qatarların maksimum hərəkət sürəti saatda 160 kilometrə bərabər olacaq. 

Hazırda səyyahlar Bakı və Ankara arasındakı yolu bir neçə nəqliyyat vasitəsi dəyişərək 40 saata qət edirlər. 

Yeni dəmir yolu xəttinə getdikcə daha çox ölkə maraq göstərir. Bu isə o deməkdir ki, “Bakı-Tbilisi-Qars” layihəsi gələcəkdə Azərbaycana böyük dividendlər gətirəcək və çox uğurlu olacaq.

Gürcüstan Milli Bankı “Azərbaycan Beynəlxalq Bankı” törəmə qurumunun ləğvinin başa çatdığını açıqlayıb

alt

Gürcüstan Milli Bankı (GMB) “Azərbaycan Beynəlxalq Bankı” törəmə qurumunun ləğvinin başa çatdığını açıqlayıb və onun qeyri-bank fəaliyyəti ilə məşğul olan cəmiyyətə çevrilməsinə razılıq verib. 

GMB-nin vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamına əsasən, GMB-da açılmış bankın ləğvolunma hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır. 

Sərəncam müvafiq tədbirlər görülməsi üçün yanvarın 8-də sahibkarlıq və qeyri-sahibkarlıq subyekti olan hüquqi şəxslərin reyestrinə daxil ediləcək. 

Qeyd edək ki, bank ləğvolunma prosesinə müstəqil şəkildə başlayıb və portfelin 100 000 lariyədək (təqribən 65 000 dollar) azalmasından sonra GMB-ya müraciət edib. Hesablarda, həmçinin müştərilərin tələb etmədiyi vəsaitlər qalıb. 

GMB tərəfindən ləğvedici təyin olunanadək onlar satılan portfelin icraçısını özləri seçib və bu müddətədək səhmdarların əsas öhdəliklərini bağlayıblar.

SOCAR-ın Marketinq İdarəsi və Gürcüstandakı qurumlar dizelin keyfiyyəti ilə bağlı məsələyə mövqelərini açıqlayıb

Bu ay Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının tərkibi, əsasən də qurğuşunun miqdarı ilə bağlı yoxlamalar aparıb.

Yoxlamalar nəticəsində yanacaqda qurğuşunun səviyyəsinin hökumətin müəyyən etdiyi keyfiyyət normalarına cavab verdiyi müəyyənləşib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda yerləşən yanacaqdoldurma məntəqələri daxil olmaqla 240 məntəqədən nümunələr götürülüb. Departament əməkdaşları yoxlamaları ilkin xəbərdarlıq olmadan aparıblar.

Nazirlikdən bildirilib ki, götürülmüş nümunələr beynəlxalq akkreditasiyası olan laboratoriyada yoxlanılıb: “Araşdırmanın nəticəsində müəyyən olunub ki, yoxlanılan nümunələrin hamısında qurğuşunun səviyyəsi Gürcüstan hökumətinin müəyyən etdiyi normalara uyğundur”.

Qeyd edək ki, Gürcüstanda yanacağın keyfiyyəti dövlət tərəfindən 2016-cı ildən etibarən monitorinq olunur. Benzin və dizeldə yalnız qurğuşunun deyil, benzol, oktan, kükürd və digər maddələrin səviyyəsi də yoxlanılır.

Yanacaqda hər hansı bir uyğunsuzluq aşkar olunarsa, şirkətlərə 8 min lari (3 min dollardan çox) məbləğində cərimə tətbiq olunur.

Nazirlikdən bildirilib ki, bu cür yoxlamaların məqsədi ölkəyə keyfiyyətsiz yanacaq idxalını azaltmaq və ətraf mühitin mühafizəsini təmin etməkdir.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına görə, bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 991 min ton benzin və dizel yanacağı idxal edib. Noyabr ayında 34,6 min ton dizel yanacağı, 46,3 min ton benzin idxal edilib. Gürcüstana yanacaq Rusiya, Azərbaycan (dizel yanacağı), Rumıniya və Türkmənistandan ixrac edilib.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, Azərbaycan dizel yanacağı Gürcüstandan başqa Əfqanıstan, Türkiyə, Malta, Cəbəllütariq, Livan istiqamətində də ixrac olunur. Məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 409 min ton dizel yanacağı ixrac edilib. Azərbaycanda dizel yanacağı SOCAR-ın Heydər Əliyevadına Neft Emalı Zavodunda istehsal edilir. İstehsal edilən dizel yanacağının bir hissəsi daxili tələbata yönəldilir, digər hissəsi isə xarici ölkələrə ixrac edilir. Müxtəlif laborator yoxlamalar da göstərib ki, SOCAR-ın ixrac etdiyi, Gürcüstan və Azərbaycanın yanacaqdoldurma məntəqələrində satdığı dizel yanacağının keyfiyyəti eynidir və müxtəlif parametrlərə uyğun standartlara cavab verir.

Bildirək ki, SOCAR-ın Gürcüstanda 119 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət burada Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının Gürcüstan bazarında topdan və pərakəndə satışını təşkil edir.

İxrac edilən dizelin keyfiyyəti ilə bağlı Kulevi terminalında da analizlər aparılır.

Dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən olan İsveçrənin SGS şirkətinin Xəzər regionunun neft, qaz və kimya bölməsi üzrə əməliyyat meneceri Sofiya Vışko bildirib ki, indiyədək dizeldə sifarişlərə uyğun olaraq müxtəlif parametrlər üzrə analizlər aparılıb.

“Kulevi terminalında dizelin vaqonlardan rezervuarlara boşaldılması, tankerlərə yüklənilməsi, yükün Türkiyə və Avropaya nəql edilməsi zəncirini daim yoxlayırıq. Biz yalnız SOCAR tərəfindən deyil, ondan məhsul alan şirkətlər tərəfindən də sifarişlər alırıq. Şirkətlər alıcıların istəklərinə uyğun olaraq müxtəlif meyarlar üzrə analizlər aparılması üçün sifarişlər verirlər”.

Şirkətin nümayəndəsi bildirib ki, indiyədək aparılan analizlərə əsasən bircə dəfə də keyfiyyətin standarta uyğun olmaması halına rast gəlinməyib.

Aşağıdakı cədvəldə SGS şirkətinin bu ayın əvvəlində SOCAR-a məxsus Kulevi terminalının rezervuarlarından götürülnüm nümunələr əsasında dizel yanacağı ilə bağlı apardığı analizin nəticələrini təqdim edirik:


Göründüyü kimi, 15 parametr üzrə aparılan analizlərin nəticələri standartlara uyğun olub.

Tbilisidə Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı üçün yeni layihə təqdim olunub

Tbilisidə Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün “Gənc Sahibkarlar Sinerjisi (YES!) Şəbəkəsi” layihəsi çərçivəsndə gələcək əməkdaşlıq üçün yerli və regional tədbirlər planına həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, toplantıda Gürcüstanın Qardabani və Saqareco, Azərbaycanın Qazax və Ağstafa rayonlarının transsərhəd əməkdaşlıq üçün prioritet istiqamətləri barədə ətraflı təqdimatlar nümayiş etdirilib.

Təqdimatlarda transsərhəd rayonların iqtisadi potensialı, sahibkarlıq sahəsində əməkdaşlığın qurulması üçün kənd təsərrüfatı, turizm, tikinti, qida sənayesi və digər sahələri əhatə edən potensial layihələr diqqətə çatdırılıb. 

Layihənin Gürcüstandakı tərəfdaşı olan Vətəndaş İnkişafı Agentliyinin (CİDA) layihə meneceri Nino Çitorelidze bildirib ki, transsərhəd əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsi üçün yerli idarəetmə və donor təşkilatların dəstəyi tələb olunur: “Layihənin başa çatmasından sonra Gürcüstan və Azərbaycan arasında transsərhəd əməkdaşlığın gələcəkdə də davam etdirilməsinə çalışacağıq. Hər iki ölkənin sahibkarları arasında intensiv əməkdaşlıq var və onlar da əməkdaşlığın davam etdirilməsində çox maraqlıdırlar”.

Layihənin Azərbaycandan olan tərəfdaşı “Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ramil Göyüşov gələcəkdə Qardabani və Saqareco, Qazax və Ağstafa bələdiyyələri arasında memorandumun imzalanması nəzərdə tutulub: “Transsərhəd rayonlar arasında əməkdaşlıq sahibkarlıq subyektinə aid olan bütün sahələri əhatə edir və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulub”.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Aqil Həsənov, Qardabani, Saqareco, Qazax və Ağstafa rayonlarının bələdiyyə nümayəndələri, donor təşkilatların təmsilçiləri iştirak ediblər. 

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb.

“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, ASC-nin prezidenti Baba Rzayev dekabrın 18-də Azərbaycanda səfərdə olan “Gürcüstan Dövlət Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili ilə görüşüb. Görüşdə Azərbaycan-Gürcüstan elektroenergetika sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər arasında mövcud olan müqavilə münasibətləri və 330 kilovoltluq ikidövrəli ötürücü xəttinin inşası üzrə müzakirələr olub. 

2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Türkiyə paytaxtlarını birləşdirəcək

alt

Amerikanın nüfuzlu CNN telekanalı Bakı – Tbilisi - Qars dəmir yolunu səyahətlər haqqında təsəvvürləri dəyişə biləcək yeni dəmir yol marşrutlarının siyahısına daxil edib. 

 CNN saytında dərc olunmuş məqalədə deyilir: “Bu il dəmir yol səyahətləri həvəskarları üçün xoşagələn olub. Yeni sürətli marşrutlar iri şəhərləri əlaqələndirir, yola sərf edilən vaxtı azaldır. Səyahətçilərin uçuşa alternativ axtarmalarından, yoxsa sadəcə qatarda daha sürətlə getmək istəmələrindən asılı olmayaraq, bu marşrutlar səyahətlər üçün yeni imkanlar təklif edir”. 

Məlumat üçün xatırladaq ki, 2017-ci ildə açılmış Bakı – Tbilisi - Qars (BTQ) dəmir yolunun uzunluğu 513 milə (826 kilometr) bərabərdir. Azərbaycanın və Gürcüstanın paytaxtlarını Türkiyənin qədim Qars şəhəri ilə birləşdirən bu yol 2019-cu ildə yeni marşrut təqdim edəcək. Bu marşrutla sərnişinlər Bakıdan Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edə biləcəklər. 

Magistralda istifadə olunmaq üçün vaqonlar istehsal edən İsveçrə şirkətinin məlumatına görə, bu yolda qatarların maksimum hərəkət sürəti saatda 100 mil (160 kilometr) olacaq. 

Hazırda sərnişinlər Azərbaycan və Türkiyə paytaxtları arasındakı yolu qət etmək üçün bir neçə dəfə minik dəyişməklə 40 saat vaxt sərf etməli olur. 

Qeyd edək ki, Bakı – Tbilisi - Qars ilə yanası, Quançjou – Şençjen - Honkonq, Təl-Əviv - Yerusəlim, Tanjer - Kasablanka və “Eurostar” London - Amsterdam marşrutları da yeni dəmir yol marşrutlarının siyahısına daxil edilib.

Gürcüstanda dini icmalar vergidən azad oluna bilər

Parlamentdə dini icmaların və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə dini məkanların, məscid, kilsə və sinaqoqların mülkiyyət hüquqları, eləcə də onların və bəzi QHT-lərin vergidən azad edilmələri məsələləri müzakirə olunub.

Parlamentin hüquq komitəsinin sədri Eka Beselia ölkədə din, etiqad və vicdan azadlığının mövcudluğundan söz açıb, bütün dini icmaların qarşılıqlı hörmət əsasında birgə yaşayışını yüksək qiymətləndirib. Bildirib ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən, gürcü pravoslav kilsəsi ilə yanaşı, digər dini icmaların da mülkiyyət məsələsi və müəyyən vergilərdən azad olunmaları haqqında yeni qanun layihəsi hazırlanacaq. Görüşün əsas məqsədi QHT-lərin və dini icmaların nümayəndələrinin məsələ ilə bağlı fikir və təkliflərini öyrənməkdir.

Toplantıda Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, hüquqşünaslar, Ombudsmanın parlamentdəki nümayəndəsi və dini icmaların rəhbərləri bu sahədəki problemləri müzakirə edib, rəy və təkliflərini bildiriblər.

Çıxışlar zamanı “Din haqqında” qanunun qəbulunun vacibliyi qeyd olunub.

Bildirilib ki, dinlərin bərabər hüquqlu şəkildə fəaliyyət göstərmələri üçün müvafiq qanunun hazırlanmasına və qəbuluna ehtiyac var.

Görüşdə məscid, sinaqoq və kilsələrin tikintisinə icazə verilməsi qaydalarının sadələşdirilməsi, məktəblərdə dinin tədrisi və cəzaçəkmə müəssisələrində məhbusların ibadət hüquqlarının təmin olunması barədə də təkliflər səslənib.

“Şərq-Qərb” avtomagistralının Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi davam etdiriləcək

alt

“Şərq-Qərb” avtomagistralının (E 60) Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi davam etdiriləcək.

 Yolun tikintisi ilə əlaqədar dekabrın 3-də Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti ilə Türkiyənin “Polatioli və mapa” şirkəti arasında müqavilə imzalanıb. 

Müqaviləyə əsasən şirkət E 60 magistralının Gürcüstan ərazisindən keçən və Qriqoletidən Kobuletiyə qədər olan 14 kilometrlik hissəsini tikəcək. 

Ümumi dəyəri 228 milyon lari olan (85 milyon dollardan çox) layihə Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək. Tikinti işlərinin 24 aya başa çatdırılması nəzərdə tutulub. E 70 avtomagistralının bir hissəsi olan bu yol dörd zolaqlı olacaq. Yolda 22 keçid, 4 nəqliyyat qovşağı, qrunt sularının axıdılması üçün yeraltı kanallar tikiləcək. 

Bu yol region ölkələri arasında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcminin artmasında, turizmin inkişafında mühüm rol oynayacaq.

Maliyyə Nazirindən açıqlama var: Kimlərin kredit borcu silinəcək?

İvane Macavariani: 1 il  və ondan çox müddət ərzində banklara  2000 lariyədək borcunu ödəyə bilməyən vətəndaşların borcu sıfırlanacaq: Borcların sıfırlanması təşəbbüsü, 1 il  və ondan çox müddət ərzində banklara  2000 lari məbləğində borcunu ödəyə bilməyən vətəndaşlara şamil edilir.
 
24News.ge xəbər verir ki, bu barədə Maliyyə Naziri  İvane Macavariani kredit borclarının silinməsi təşəbbsü haqqında çıxış edərək vurğulayıb.
 
Maliyyə nazirinin qeyd etdiyinə görə, banklarla və maliyyə institutları ilə bir neçə dəfə danışıqlar aparılıb və nəticədə razılaşma əldə olunub.
 
"Bizim məhz bu istiqamətlə bir neçə dəfə banklarla və maliyyə institutları ilə danışıqlarımız baş tutub.  Bu borclar 10, 20 və 100 min larinin verilməsi ilə bağlı deyil, bu 300,500 və maksimum 1000 lari çərçivəsində baş tuturdu.  Məhz bu məbləğdə verilən kreditlər  vətəndaşların banklara aşırı borclanmalarına gətirib çıxarıb. Bu meyarlarla qara siyahıya 600 min vətəndaş daxil edilib.  
Borcların cərimələri və kökləri 1.5 milyard təşkil edir və məbləği Kartu fondu tamamilə bağlayacaq."  deyə  Macavariani bildirib.
 
Qeyd edək ki, bu gün Baş Nazir Mamuka Baxtadze açıqlamasında bildirib ki, Gürcüstanın 600 mindən çox vətəndaşı banklara, onlayn təşkilatlara və digər maliyyə institutlarına olan borcları sıfırlanacaq. Bununla bərabər baş nazir bildirib ki,  maliyyə institutlarında vətəndaşların borclarının sıfırlanması təşəbbüsü "Kartu" fondun dəstəyi ilə həyata keçiriləcək.

Bakı-Tbilisi-Ceyhan: Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edən layihə

alt

Bu gün BTC kəmərinin çəkilişi ilə bağlı İstanbul Bəyannaməsinin imzalanmasından 19 il ötür

Azərbaycanın yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilişi ideyası və onun reallığa çevrilməsi məhz ulu öndər Heydər Əliyevə məxsusdur. Bu layihənin baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən ümummilli lider Heydər Əliyev olub. BTC kəmərinin çəkilməsi ilə reallaşan və Ulu Öndərin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb. BTC Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir və XXI əsrdə Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biridir.

Tarixə nəzər salaq. Yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. 1998-ci il oktyabrın 29-da ulu öndər Heydər Əliyev Ankarada Türkiyə və Gürcüstanın prezidentləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilməsi haqqında ilk Bəyannaməni imzaladı. Aparılan tədqiqatlar və danışıqlar 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə görüşü zamanı ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri tərəfindən xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilməsinə dair hökumətlərarası sazişin imzalanmasına imkan verdi. Ümummilli lider Heydər Əliyevin gördüyü siyasi, diplomatik tədbirlər və səylər nəticəsində ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən bu layihənin dəstəklənməsi haqqında və qısa müddət ərzində həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsinin imzalanmasına nail olundu.

Ulu öndər Heydər Əliyev 1999-cu il dekabrın 29-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və istismara verilməsi tədbirləri haqqında” Sərəncam imzaladı və layihənin həyata keçirilməsi üzrə komissiya təşkil etdi. Komissiyaya danışıqların aparılmasına, müvafiq tədbirlərin icrasına aid səlahiyyətlər verildi. Eyni zamanda, komissiyaya tapşırıldı ki, boru kəmərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsini təşkil etmək üçün müəyyən olunmuş qaydada beynəlxalq səviyyədə tanınmış qurumlardan maliyyə məsləhətçisini seçib təyin etsin. Bu sazişlərin və sərəncamların ümummilli lider Heydər Əliyev tərəfindən imzalanması 2000-ci ilin oktyabr ayında BTC layihəsinin sponsorlar qrupunun yaradılmasına, ilkin mühəndislik və ətraflı mühəndislik işlərinin aparılmasına imkan verdi və BTC layihəsinin texniki, iqtisadi, kommersiya, maliyyə cəhətdən ən əlverişli və səmərəli olduğu təsdiqləndi.

2002-ci il avqustun 1-də Londonda ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə kəmərin tikilməsi və gələcəkdə onu istismar etmək üçün “BTC Co.” şirkəti təsis olundu. BP şirkəti layihənin operatoru seçildi. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. “AzBTC Co.” şirkəti daxil olmaqla bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər. Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.” şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirildi. Ulu öndər Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmanda BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapdı.

Həmin il sentyabrın 18-də isə Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze, Əhməd Necdət Sezər və ABŞ-ın sabiq energetika naziri Spenser Abrahamsın iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməli qoyuldu və tikintisinə start verildi. Bununla da, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı. Kəmərin inşası üçün podratçı şirkətin müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın “Konsolideytd Kontraktors Kompani” (CCIC) şirkəti qalib elan edildi. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Xəzər dənizindən Aralıq dənizi sahilinədək üç ölkəni birləşdirən boru kəməri - Bakı-Tbilisi-Ceyhan ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Bakı-Tbilisi-Ceyhan boru kəməri region və Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir

Yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda, ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan – Bakının Qaradağ, həmçinin Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. BTC Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir. Kəmərin qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.

Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti sutkada 1,2 milyon barreldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb.

BTC boru kəməri nəqliyyat baxımından onsuz da izdihamlı olan Dardanel və Bosfor boğazlarında tankerlərin hərəkət sıxlığını artırmadan Xəzər dənizindən təhlükəsiz və məsuliyyətli qaydada neft ixrac etməyə imkan verir. Üç tranzit ölkə boyu 8 nasos stansiyası və 98 siyirtmə stansiyası var.

Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22 min nəfər cəlb olunmuş (bunların demək olar 80 faizini yerli işçilər təşkil edib), 110 milyondan artıq nəfər-saat sərf edilib, 200 milyon kilometrdən artıq məsafə qət edilmiş – bu Yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – 220 min ədəd boru qaynaq edilib.

İstismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barrel neft nəql olunub. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. Bu ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar sərf edilib.

“BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

Qəri Counz: Ceyhandan neftin 3 milyardıncı barrelinin nəqli BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir

Cari il iyulun 14-də Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı barreli 3 min 929-cu tankerə yüklənərək dünya bazarına yola salındı. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Ceyhan limanından xam neftin 3 milyardıncı barrelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir. İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir”.

“Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır.

Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri möhkəmləndirib. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm”, - deyə BP-nin regional prezidenti əlavə edib.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində Bakı–Tbilisi–Ceyhan boru kəmər vasitəsilə 28 milyon 256,9 min ton neft ötürülüb. On ayda BTC ilə 5 milyon 465,4 min ton tranzit nefti də nəql edilib.

Regionda enerji ixracının başlıca arteriyası hesab olunan Bakı–Tbilisi–Ceyhan boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında bundan sonra da mühüm rol oynayacaq. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi BTC boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb.

STAR zavodunun açılış mərasimi keçirilib

Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq  Abdullayev, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezçıxış ediblər.

Bakıdan Batumiyə birbaşa aviareys açılır

 "Buta Airways" aşağı büdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq.

Şirkətdən Reporta verilən məlumata görə, bu, loukosterin Gürcüstanda 2-ci istiqaməti olacaq. 

Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.

"Buta Airways" Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir, 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Qeyd edək ki, cari ilin 6 oktyabr tarixindən etibarən loukoster həmçinin Türkiyə kurortu İzmirə reyslər yerinə yetirməyə başlayacaq.

 

Saytda Axtarış

ახალი ამბები