Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün737
DünənDünən1299
Bu həftəBu həftə8981
Bu ayBu ay46719
Bu günə qədərBu günə qədər7474053

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Azərbaycan qazı üçün anbar tikəcək

Almaniyanın Yenidənqurma və İnkişaf Bankı Gürcüstan ərazisində ilk yeraltı qaz anbarının tikintisi layihəsi üçün sərmayəçilərdən biri olacaq və bunun üçün 150 milyon avro kredit ayıracaq. 
 
Anews.az "İnterfaks"a istinadla xəbər verir ki, anbarın tikintisinə 2018-ci ildə başlanılması və işlərin 2021-ci ildə, Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstana nəql olunan təbii qazın həcminin xeyli artacağı vaxtda yekunlaşması gözlənilir.  
 
Layihə ölkədə qaz istehlakı və tədarükü arasında mövcud qeyri-tarazlığın aradan qaldırılmasını təmin edəcək və qış aylarının pik dövründə tələbatı ödəyəcək. Layihənin icrası üçün ümumilikdə 250 milyon dollar lazımdır. 
 
Avropa İnvestisiya Bankı bu məqsədlə Gürcüstana 100 milyon dollar kredit ayıracaq. Anbarın ehtimal olunan tutumu 280 milyon kub metrdir ki, bu da Gürcüstanın qaz tələbatının təxminən 15 faizi deməkdir. 
 
Gürcüstan regionda qaz anbarı olmayan yeganə ölkədir. İllik 2,5 milyard kub metr təbii qaz ehtiyacı olan Gürcüstan tamamilə idxaldan asılıdır. Bu ölkəyə təbii qaz idxal edən əsas ölkə Azərbaycandır. 

SOCAR və “Uniper” enerji səmərəliliyini artırmaq üçün birgə çalışacaq

Almaniyanın "Uniper SE" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaqlar.

SOCAR-dan verilən məlumata görə, hər iki şirkət bu gün Bakıda müvafiq razılaşmanı imzalayıblar. 

Alman enerji təchizatçısı və Azərbaycanın dövlət neft şirkəti artıq 5 ildir ki, sıx əməkdaşlıq edirlər.

Bildirilib ki, yeni razılaşmanın məqsədi, ilk növbədə Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır: "Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır. İlkin araşdırmalar göstərib ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür".

SOCAR və “Uniper” şirkətləri 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlayıblar. 2045-ci ilədək hər il 1,5 mrd. kubmetr təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir. Bu qaz tədarükü Avropa və Almaniyanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir, qaz bazarında rəqabəti və təchizat təhlükəsizliyini gücləndirir.

Sənaye səmərəliliyi sahəsində SOCAR və "Uniper" şirkətləri 2015-ci ildə birgə müəssisə yaradıblar. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” kompleksində elektrik və buxar istehsal edən qurğuları səmərəliləşdirməklə əlavə dəyər əldə edəcək. Yeni qurğuların istismara verilməsi 2020-ci ilin əvvəlində planlaşdırılır. Almaniyanın Federal Hökuməti bu layihənin həyata keçirilməsini “Hermes” eksport kredit zəmanəti ilə dəstəkləyib. Təqribən 30 mln. avro dəyərində olan bu layihədə əsasən alman texnologiyası tətbiq olunur.

"Uniper" və SOCAR şirkətlərinin tərəfdaşlığı bir çox digər istiqamətlərdə də həyata keçirilir, o cümlədən texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlər.

"Uniper" şirkətinin İdarə Heyətinin üzvü Kristofer Delbrük bildirib ki, yeni layihə iki şirkət arasındakı uzunmüddətli tərəfdaşlığı növbəti mərhələyə gətirib çıxarır: "Bu layihə bölgədə istixana qazları tullantılarının azaldılmasına və ölkənin təbii resurslarına qənaət olunmasına yardım edəcək. "Uniper" və SOCAR arasındakı əməkdaşlıq hər iki tərəf üçün mənfəət kəsb edir və gələcək üçün yaxşı perspektivlər vəd edir".

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Almaniyanın aparıcı şirkətlərindən biri olan “Uniper” ilə həyata keçirilən strateji əməkdaşlıq Azərbaycan üçün öz təbii resurslarını reallaşdırmaqla yanaşı, həm də qabaqcıl texnologiyalardan bəhrələnməsi üçün əlverişli imkanlar yaradıb: “Enerji səmərəliliyinin artırılması ətraf mühitimizin qorunması ilə yanaşı həm də qazın qənaəti sayəsində əlavə dəyərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz müqavilənin imzalanması ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir, tərəflərin Cənub Qaz Dəhlizi layihələri çərçivəsində əməkdaşlığını nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyi çərçivəsində Azərbaycan və SOCAR-ın əhəmiyyətli rolunu bir daha ifadə edir".

Qeyd edək ki, "Uniper" beynəlxalq səviyyədə fəaliyyət göstərən və dünya üzrə 12 min işçisi olan enerji şirkətidir. Şirkət Avropa və Rusiyada əsasən qaz, kömür və su elektrik stansiyalarından ibarət olan təxminən 36 qiqavatt elektrik enerjisi istehsal edir. Öz tarazlaşdırılmış əməliyyat portfeli, texniki və kommersiya təcrübəsinə əsaslanan "Uniper" yüksək keyfiyyətli məhsullar və rəqabət qabiliyyətli xidmətlər təklif edir. “Uniper” ticarət sahəsindəki fəaliyyəti ilə qlobal enerji bazarları arasında əlaqələr yaradır. Bu fəaliyyət elektrik enerji, təbii qaz, maye qaz (LNG), kömür və emissiya sertifikatlarının ticarəti ilə enerji daşiyiciları bazarının bütün spektrini əhatə edir. Bundan əlavə, şirkət enerji istehsal edən qurğuların idarə olunması və servisi sahəsindəki təcrübəsi və dünya üzrə enerji daşıyıcılarının ticarət həcmi sayəsində geniş xidmət paketləri təklif edə bilir. "Uniper" elektrik stansiyalarının layihələndirilməsi, işə salınması və idarə olunması ilə yanaşı, onların enerji daşıyıcıları ilə təchizatını da həyata keçirir.

SOCAR aparıcı beynəlxalq enerji şirkətlərindən biridir. Azərbaycan xalqının iqtisadi maraqlarını təmin etmək məqsədi ilə SOCAR ölkə daxilində və xaricdə bir sıra nəhəng transmilli layihələrin iştirakçısı və əsas əməliyyatçısıdır. Şirkət neft-qaz sənayesi dəyər zəncirinin bütün halqalarında fəaldır. Neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli SOCAR əməliyyatlarının əsas hissəsini təşkil edir. SOCAR, həmçinin təbii qazı, neft və neft-kimya məhsullarını ölkə bazarına, eləcə də, beynəlxalq bazarlara çıxarır. Şirkətin hədəfi effektiv əməliyyat, sosial və ekoloji məsuliyyət sahəsində qabaqcıl təcrübəyə malik olan şaquli inteqrasiya olunmuş beynəlxalq enerji şirkətinə çevrilməkdir. SOCAR Avropa İttifaqının mühüm enerji təhcizatçısı olduğu üçün Avropanın davamlı iqtisadi inkişafında xüsusi rol oynayır.

SOCAR gələn il Türkiyədə ikinci neft-kimya zavodunu inşa edəcək

STAR zavodu da daxil olmaqla, SOCAR Türkiyəyə 19 milyard dollar dəyərində investisiya yatırıb.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - "SOCAR Turkey Enerji A.Ş."nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

O qeyd edib ki, neft-kimya sənayesinin xammal ehtiyaclarını qarşılayacaq bu zavod təyyarə yanacağı, LPG və motorin istehsal edəcək:

 

"Cari kəsirin azalmasına kömək edən neft gəmisi artıq ünvana çatıb. Oktyabr ayının sonunda tam şəkildə istehsala başlanacaq. Zavodun açılışı iki ölkənin dövlət başçılarının iştirakilə baş tutacaq".

Onun sözlərinə görə, STAR-ın fəaliyyətə başlaması nəticəsində Türkiyənin xarici ticarət kəsiri illik əsasda 1 mlrd. 500 mln. dollar azalacaq. 

Məlum olub ki, zavodda 1 milyon ton reformat adı verilən neft-kimya xam maddəsi istehsal ediləcək:

"Bunun 250 min tonu "Petkim"ə gedəcək. "Petkim"in gücü 1 milyon tonu emal etmək üçün kifayət etmir. Qalan 750 min tonunu istifadə edərək iqtisadiyyata əlavə töhfə vermək üçün yeni neft-kimya kompleksinin inşasını planlaşdırırıq.

İkinci neft-kimya zavodu üçün texniki-iqtisadi əsaslandırmanı 2019-cu ilin aprelində başa çatdırıb, iyunda işlərə başlamağı nəzərdə tutmuşuq. Bu, çox böyük bir investisiya olacaq. "Petkim"in "Aliağa" kampusunda inşa edəcəyimiz müəssisə 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlayacaq. Yeni zavod sayəsində neft-kimya məhsullarının idxalının 40 faizini qarşılamağı nəzərdə tuturuq”.

Türkiyənin ilk neft-kimya zavodu olan "Petkim"in illik 3 mln. 600 min ton neft-kimya məhsulu istehsal etdiyini dilə gətirən Qəhrəmanov deyib ki, ikinci zavod ölkənin böyük ehtiyacı olduğu  neft-kimya məhsullarının istehsalına istiqamətlənəcək. 

Xarici şirkətlər Gürcüstanda neft ehtiyatlarının olduğunu iddia edirlər

Xarici şirkətlər Gürcüstan ərazisində neft yataqları olduğunu iddia edirlər və bununla əlaqədar olaraq axtarışlara da başlanılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə mətbuata Gürcüstanın Neft və Qaz Korporasiyasının rəhbəri Giorgi Tatişvili məlumat verib.

G.Tatişvili “Kommersant” radiosuna açıqlamasında bildirib ki, İspaniyanın “Repsol İspan” şirkəti Gürcüstan ərazisində neft yataqlarının olması barədə bu ölkənin müvafiq strukturlarına məlumat verib və axtarış-qazma işləri, tədqiqatlar aparmaqda maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstanda çalışan digər xarici şirkətlər neft axtarışında maraqlıdırlar.

G.Tatişvili deyib: "Təxminən bir ay əvvəl "Repsol İspan"şirkəti Gürcüstanda neft yataqlarının olması perspektivləri haqqında bizə məlumat verib və bu istiqamətdə tədqiqat işləri aparmaqda maraqlı olduqlarını bildirib. "Repsol İspan"böyük neft şirkətlərindən biridir və bu şirkət ilə saziş rəsmiləşdirilib".

Onun sözlərinə görə, Gürcüstanda neft hasilatı ilə bağlı Çin şirkəti də maraqlıdır və onlarla da müqavilə imzalanıb.

"Bu şirkətlər ölkədə kor-koranə tədqiqat aparmırlar. Onlar toplanmış materialı öyrənir və təhlil əsasında qərar qəbul edirlər. Ehtimal var ki, onların tədqiqatlarına görə, hələlik neft aşkar olunmayıb, lakin minimum risklər var", - deyə, Tatişvili vurğulayıb.

Gürcüstanın Neft və Qaz Korporasiyası rəhbərinin sözlərinə görə, ölkənin 23 bölgəsində neft ehtiyatlarının hasilatı ilə bağlı müqavilə imzalanıb və rəsmiləşdirilib. Lakin, neft emalı üçün lisenziya üç şirkətə verilib. 2017-ci ildə Gürcüstan 40 min ton neft hasil edib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda ildə təxminən 2,5 milyard kubmetr qaz, 1,2 milyon ton neft məhsulları istehlak olunur. Gürcüstana karbohidrogenlər (neft və qaz) əsasən Azərbaycan, Rusiya, Rumıniya və Bolqarıstandan gətirilir.

Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır

İyul ayının 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

"APA-Economics"in məlumatına görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 9:00-da çatacaq.

Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizini təşkil edir.

 

"Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar", - deyə məlumatda vurğulanıb.

"Yaxın zamanda" Sınıq Körpü"də "Ticarətin Asanlaşdırılması Mərkəzi"nin inşası yekunlaşacaq

Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü"gömrük postunun yaxınlığında tikilən "Ticarətin Asanlaşdırılması Mərkəzi"nin inşası tezliklə yekunlaşacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunan "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində tikilir.

 

R. Namazov qeyd edib ki, bununla da "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində mal və nəqliyyat vasitələrinin sürətli keçidinə, ticarətin asanlaşdırılmasına şərait yaranacaq".

SOCAR-ın Kulevi terminalından neft məhsullarının nəqli azalıb

Bu ilin yanvar-aprel aylarında SOCAR-ın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi Neft Terminalı 0,5 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nəql olunmuş neft və neft məhsullarının həcmində 0,1 mln. ton azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstanın dəniz liman və terminalları, ümumilikdə 5 mln. ton yük emal edib. Bu da 2017-cı ilin eyni dövrü ilə müqayisədə 0,6 mln. ton azdır.

 

Bu ilin ilk dörd ayında qonşu ölkənin Poti limanı 2 mln. ton, Batumi limanı 1,1 mln. ton, Supsa neft terminalı isə 1,4 mln. ton yük emal edib.

Hesabat dövründə Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı 133 169 ədəd təşkil edib. Bu da 2017-ci ilin analoji göstəricisi ilə müqayisədə 18 188 konteyner çoxdur.

Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür YENİLƏNİB

Iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Qeyd edək ki, Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi.

TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi bu möhtəşəm layihə haqqında videoçarxın nümayişi ilə başladı.

Mərasimin əvvəlində SOCAR-ın prezidenti Rövnəq ABDULLAYEV və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat ALBAYRAK Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində bir çox uğurlu layihələrin həyata keçirildiyini, “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsinin həm də qardaşlığın daha da möhkəmlənməsinə qoyulan sərmayə olduğunu bildirdilər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Hörmətli prezidentlər.

Xanımlar və cənablar.

İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.

Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır.

Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir.

Bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın səhmdarlarıdır. Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun.

Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.

Bu gözəl hadisə münasibətilə sizi, xalqlarımızı, bizim bütün dostlarımızı ürəkdən təbrik etmək istəyirəm, TANAP-a yaxşı yol arzulayıram. Sağ olun.

X  X  X

Şimali Kipr xalqının lideri Mustafa AKINCI TANAP-ın əhəmiyyətindən danışaraq bu cür nəhəng layihələrin Türkiyə ərazisindən keçməsinin regional təhlükəsizliyə və sabitliyə töhfə verdiyini bildirərək dedi:

-Cənab Prezident Əliyevin çıxışını dinlədikdən sonra mən öz çıxışımda kiçik bir dəyişiklik edirəm. Azərbaycan Prezidenti Türkiyə və Azərbaycanın qardaşlığından çox gözəl bəhs etdi. Mən də deyirəm ki, daha bir qardaşınız var: Şimali Kipr xalqı. Bu qardaşınız Türkiyədə və Azərbaycanda bir faciə olduqda Şimali Kiprdə yaşayan qardaşlarınız bu ağrını Sizin kimi ürəklərində hiss edirlər. Bir sevinc olduqda Sizinlə birlikdə sevinirlər. Buna görə bu gün həm Azərbaycan, həm də Türkiyə üçün çox mühüm olan bu gözəl tarixi tədbirdə Sizinlə birlikdə olmaqdan duyduğum xoşbəxtliyi ifadə etmək istəyirəm. Bu gözəl tədbirin Türkiyəyə və Azərbaycana, bütün insanlığa xeyirli olmasını diləyirəm.

İnanıram ki, TANAP layihəsi zamanımızın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə və oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına da töhfə verəcək.

X  X  X

Serbiya Prezidenti Aleksandr VUÇİÇ çıxış edərək strateji bağlantı funksiyasını yerinə yetirən TANAP layihəsinin təbii qaz dəhlizinin mühüm amili olduğunu bildirdi. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən bu layihənin Cənub-Şərqi Avropanın tərəqqisində mühüm rol oynayacağını, bu regiona yeni investorların gəlişinə təsir göstərəcəyini, Serbiyanın da inkişafına töhfə verəcəyini vurğulayaraq dedi:

- Fürsətdən istifadə edərək əvvəla, bu müstəsna layihəni həyata keçirənlərə, eyni zamanda, bu layihənin reallaşmasına öz baxışları ilə stimul verənlərə təbriklərimi çatdırmaq istəyirəm. Möhtərəm Prezident Ərdoğan, möhtərəm Prezident Əliyev və bu gün bizim burada toplaşmağımıza səbəb olan digər tərəflər, xahiş edirəm, mənim təbriklərimi qəbul edin.

Bu gün Türkiyənin Əskişəhər şəhərində keçirilən mərasimdən əvvəl - Bakıda may ayının sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimi keçirilmişdir. TANAP bu layihənin əsas təməl daşlarından biridir. Bu layihə Avropada digər regionların da enerji təhlükəsizliyinə verdiyi töhfə baxımından çox mühüm əhəmiyyət kəsb edir. Məndə məmnunluq doğuran fakt odur ki, bu yaxınlarda Prezident Əliyevin qonağı qismində Azərbaycana rəsmi səfər etmişdim və bununla da Serbiya beynəlxalq arenada uğurlu dostluq körpüləri yaradan ciddi və etibarlı tərəfdaş kimi təsdiq edilmişdir.

X  X  X

Ukrayna Prezidenti Petro POROŞENKO çıxışında Avropa üçün son dərəcə önəmli olan TANAP qaz xəttinin açılışının enerji qaynaqlarının şaxələndirilməsi istiqamətində atılan mühüm addım olduğunu dedi. Türkiyənin və Azərbaycanın birgə səyləri sayəsində Cənub Qaz Dəhlizinin önəmli seqmentinin artıq tamamlandığını vurğulayan Petro Poroşenko bu layihənin uğurla icra olunmasında Azərbaycan və Türkiyə prezidentlərinin xidmətlərini qeyd edərək dedi: 

- Azərbaycanın və Türkiyənin birgə qətiyyəti, eləcə də digər Avropa ölkələrinin töhfəsi sayəsində Cənub Qaz Dəhlizinin bu aparıcı seqmenti tamamlanıb. Bundan sonra bütün region enerji təhlükəsizliyi perspektivlərinin genişlənməsindən faydalana biləcək.

TANAP enerji təhlükəsizliyi deməkdir. TANAP Azərbaycan xalqının böyük lideri, mənim böyük dostum İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi, türk xalqının böyük lideri, Ukraynanın böyük dostu və mənim böyük dostum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin enerji təhlükəsizliyi, eyni zamanda, iki böyük liderin - Prezident Əliyevin və Prezident Ərdoğanın misilsiz birliyi sayəsində Avropanın enerji təhlükəsizliyi, Avropanın qaz təchizatının şaxələndirilməsi və Avropanın rəqabətliliyi deməkdir. Bu, Ukraynanın enerji təhlükəsizliyi, Ukraynanın qaz təchizatının şaxələndirilməsi və Ukraynanın rəqabətliliyi deməkdir. Mən Ukrayna xalqı adından bu mühüm TANAP layihəsinin müəllifləri olan Prezident Əliyevə və Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm.

X  X  X

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Uzunluğu 1850 kilometr olan TANAP boru kəmərinin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. İlkin mərhələdə layihənin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

X  X  X

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın
çıxışı

- Çox hörmətli dövlət başçıları.

Hörmətli nazirlər, deputatlar, enerji ictimaiyyətinin təmsilçiləri.

Əziz qonaqlar, xanımlar və cənablar.

Sizi dərin səmimiyyətimlə salamlayıram. Bu gün bölgəmiz və ölkələrimiz üçün tarixi bir addım atırıq. Cənub Qaz Dəhlizinin bel sütunu olan və “Enerjinin İpək yolu” adlandırdığımız Trans-Anadolu təbii qaz boru kəmərinin açılışını edirik. Siz dostlarımı belə bir strateji layihənin açılışı ilə əlaqədar Əskişəhərdə qonaq qəbul etməkdən şəxsən öz adımdan və millətim adından böyük məmnunluq duyuram. Bu nəhəng layihənin nəzərdə tutulan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları ürəkdən təbrik edirəm.

Bu layihənin reallaşması hər şeydən əvvəl Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində mümkün olub. Bundan başqa, istehsalçı, tranzit və istehlakçı ölkələrlə şirkətlər arasındakı uzlaşma və qarşılıqlı anlaşma birliyi prosesin sürətləndirilməsinə töhfə verib. Bu baxımdan TANAP, eyni zamanda, çoxtərəfli əməkdaşlığın nümunəsidir. Enerjini münaqişə deyil, əməkdaşlıq zəmini olaraq görən anlayışımız TANAP sayəsində bir daha təsdiqini tapdı. Bununla əlaqədar xüsusilə qardaşım İlham Əliyevə çox təşəkkür edirəm.

Dəyərli dostlar, TANAP ilə Xəzər qazı ilk dəfə Avropaya çatacaq. Şübhəsiz, Xəzər hövzəsindəki zəngin enerji ehtiyatlarının Avropaya nəqli fikrinin yeni olmadığını hamımız bilirik. Daha əvvəl bu məqsədlə bir sıra nəhəng layihələr həyata keçirmişik. Bu yola Bakı-Tbilisi-Ceyhan xam neft boru kəmərinin inşası ilə başladıq. “Əsrin layihəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan kəməri daha sonrakı fəaliyyətlərin də başlanğıcı oldu. Azərbaycan və Gürcüstan ilə strateji tərəfdaşlığımız ölkəmizə ilk dəfə Azərbaycan qazını gətirən Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihəsi ilə davam etdi.

Əməkdaşlığımız enerji ilə məhdudlaşmadı. Son olaraq nəqliyyat sahəsində strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını da dəyərli qardaşımla bərabər reallaşdırdıq. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu əlaqəsini qurmağa nail olduq.

TANAP ortaq baxışımızın ən son bəhrəsidir. Enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir. Layihə ilə bağlı rəqəmlər bu həqiqəti açıq-aşkar ortaya qoyur. Diametri 56 düymlük borulardan ibarət olan 1850 kilometrlik TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Tələbdən asılı olaraq, ötürücülük qabiliyyətini əvvəlcə 22 milyard kubmetrə, daha sonra əlavə sərmayələrlə 31 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Yunanıstan sərhədinə ilk qazın çatdırılmasını 2019-cu ilin iyununda həyata keçirməyi nəzərdə tuturuq.

TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək. Bunun bəhrələrini hələ sərmayə mərhələsində almağa başladıq. Sərmayə dövründə boru kəməri marşrutundakı 20 vilayətdə təxminən 10 min nəfərə bilavasitə və ya dolayısı ilə məşğulluq imkanı yaratdıq. Eyni zamanda, bu vilayətlərdə başda kiçik və orta sahibkarlıq subyektləri olmaqla çoxlu sayda müəssisəyə yeni iş imkanı təmin etdik. Bundan başqa, Türkiyə TANAP-ın reallaşması ilə tranzit ölkə olmaqdan çıxaraq istehsalçıdan son istehlakçıya uzanan dəyər zəncirinin hər mərhələsində rol oynayan əhəmiyyətli bir mövqeyə gəlib. Ölkəmiz regional enerji xətlərinin mərkəzinə çevrilmək missiyasına TANAP vasitəsilə bir addım da yaxınlaşdı.

Dəyərli qonaqlar, TANAP siyasi iradə ilə yanaşı, iqtisadi sabitliyin də məhsuludur. TANAP kimi böyük beynəlxalq infrastruktur layihəsinin qısa müddətdə həyata keçməsində Türkiyənin son 16 ildə təmin etdiyi siyasi və iqtisadi sabitliyin çox önəmli rolu var. Ölkəmiz bölgədəki bütün gərginliklərə, münaqişələrə, terror hadisələrinə, hətta FETÖ xəyanət dəstəsinin qanlı dövlət çevrilişi cəhdinə baxmayaraq, 16 ildir sabitliyini qorumağı bacarmışdır. Bu illərdə Türkiyə nəqliyyat, ticarət, sərmayə, enerji kimi müxtəlif sahələrdə xeyli sayda mühüm layihə həyata keçirib.

Xüsusilə enerji təhlükəsizliyinə nail olmaq və öz enerji mənbələrimizdən səmərəli şəkildə istifadə etmək üçün ciddi sərmayələr qoyduq. Milli enerji və mədən siyasətimizi formalaşdıraraq, enerji təhlükəsizliyi və proqnozlaşdırıla bilən bazar şərtləri ilə ölkəmizin sərmayələr üçün etibarlı bir liman və sabitlik adası olduğunu göstərdik. İki ədəd üzən LNG (mayeləşdirilmiş təbii qaz) qurumu və qurudakı LNG müəssisələrimizin imkanlarının genişləndirilməsi ilə son iki il yarımda ölkəmizin LNG-dən təbii qaz əldəetmə qabiliyyətini gündəlik 36 milyon kubmetrdən 113 milyon kubmetrə çatdırdıq.

Enerji təminatı üçün infrastrukturun gücləndirilməsi layihələri ilə yanaşı, təbii qaz və neft axtarışında da yeni bir dövrü başlatdıq. İlk milli qazma gəmimiz olan “Fatih”i Aralıq dənizinə yola saldıq. Dünyanın ən yeni texnologiyası ilə təchiz edilən bu gəmi ilə ölkəmizin mühüm bir çatışmazlığını da həll etmiş olduq.

Bundan başqa, son 16 ildə elektrik enerjisi gücümüzü 31 min 845 meqavatdan 87 min meqavata yüksəltdik. Bərpaolunan enerji qaynaqları gücümüzü 12 min 305 meqavatdan 40 min 838 meqavata çatdırdıq. Külək, geotermal və Günəş enerjisi mühüm elektrik mənbələrimizə çevrildi. Yeni bir enerji mənbəyi olaraq atom enerjisini də şəbəkəmizə daxil edəcəyik. Akkuyu və Sinop atom elektrik stansiyaları layihələrini, inşallah, önümüzdəki illərdə mərhələ-mərhələ həyata keçirəcəyik.

Hörmətli qonaqlar, biz tarix boyunca rəqabətin, gərginliyin əsas səbəbi olmuş enerji məsələsini əməkdaşlıq sahəsinə çevirərkən Avropada din, inanc və ibadət azadlığının yeni bir münaqişə sahəsinə çevrilməsi cəhdlərini görürük. Avropa ölkələrində son illərdə artan irqçilik, ksenofobiya və islamofobiya meyilləri təəssüf ki, get-gedə sosial və siyasi həyatı daha çox zəhərləyir. Qısamüddətli maraqlar naminə bəzi avropalı siyasətçilər də adətən yanğını körükləyirlər. Altı milyondan çox vətəndaşı Avropa dövlətlərində yaşayan bir ölkə olaraq açıq deyirəm, bu mənfi gedişatdan son dərəcə narahatıq. Müsəlmanları hədəf göstərməyin, ksenofobiyanı qızışdırmağın, ibadət yerlərinin qapısına kilid vurmağın heç kimə faydası yoxdur. Gərginlik platformalarından siyasi maraqlar naminə istifadə etməyə çalışmaq bəsirətsizlikdir, odla oynamaqdır. İkinci Dünya müharibəsində yəhudilərin və qaraçıların çəkdiyi zülmlər, yaşadıqları qətliam və işgəncələr belə məsuliyyətsiz siyasətin necə utancverici səhnələrə səbəb ola biləcəyini açıq göstərib. Avropadakı naşı siyasətçilər insanların həssas dəyərlərinə toxunan manevrlər etməzdən əvvəl öz tarixlərindəki dərsə bir daha baxsınlar və ondan nəticə çıxarsınlar.

Qanuni, leqal qurumların qapısına kilid vurmaqla, radikalizmlə mübarizə aparmaq olmaz. Müsəlmanların inanc və ibadət azadlıqlarını məhdudlaşdırmaqla, terrorla mübarizə aparmaq olmaz. Belə təhrikedici addımlar ancaq İŞİD, “Əl-Qaidə” kimi terror təşkilatlarına yeni fəaliyyət sahələri təqdim edər. Terror təşkilatı PKK-nın Avropa paytaxtlarında meydan suladığı, hər il milyonlarla avro xərac topladığı bir şəraitdə cami və məscidləri terror yuvası kimi göstərmək, sözün əsl mənasında, ağılsızlıqdır. Türkiyə olaraq Avstriya hökumətinin yanlış mövqedə israr etməsi əvəzinə dərhal doğru yola dönməsində fayda görürük. Vətəndaşlarımızın haqq, hüquq və mənfəətlərinin qorunması məsələsində səbrimizin sonsuz olmadığını bilmələrini istəyirik.

Dəyərli dostlarım, bilirsiniz ki, TANAP ilk dəfə gündəmə gələndə bəzi dairələr, - İlham qardaşım bunu çox yaxşı bilir, - buna xülya dedilər, həyata keçirilməsi mümkün deyil dedilər. Amma biz səbir etdik, dözüm göstərdik. Doğru bildiyimiz yolla qətiyyətlə irəlilədik və israr etdik. Nəticədə isə bu gün bərabər yaşadığımız qürur tablosuna şahid oluruq. İndi qarşımızda daha böyük hədəflər, yeni layihələr var. İndi qarşımızda buradan aldığımız ilhamla yeni uğur hekayələri yazmaq var.

Bu hisslərlə sözlərimi bitirərkən dəyərli qardaşım Əliyevə göstərdiyi liderliyə görə bir daha təşəkkür edirəm. Bu tədbirimizdə iştirak edən dəyərli dostlarım Poroşenkoya, Vuçiçə, Şimali Kiprin lideri Mustafa bəyə və bu tədbirdə aramızda olan bütün nazirlərə, deputatlara və hörmətli xalqımıza çox təşəkkür edirəm. Bu prosesdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən göstərilən dəstəkdən də məmnunluq duyduğumuzu xüsusi ifadə etmək istəyirəm. Bu tarixi açılış mərasimində bizi tək qoymayan, sevincimizə ortaq olan bütün dövlət və hökumət başçılarına bir daha təşəkkürlərimi çatdırıram. Sağ olun, var olun, salamat qalın.

X  X  X

Sonra TANAP kəmərinə qazın verilməsi mərasimi oldu.

Sonda birgə foto çəkdirildi.

Bununla da Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində daha bir dünya əhəmiyyətli tarixi layihə həyata vəsiqə aldı. Ölkəmizin reallaşdırdığı “Cənub Qaz Dəhlizi” layihəsinin ən vacib seqmentlərindən olan TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə artıq regiona və tərəfdaş ölkələrin həyatına yeni bir nəfəs gəlir. Bu isə Azərbaycanın və Türkiyənin birgə formalaşdırdığı regional inkişaf, tərəqqi və özünəinam mühitinin qələbəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Rusiyalı ekspert: "TANAP üçün şərtlər Rusiyanın "Şimal" və "Cənub" axınlarının şərtlərindən daha yaxşıdır"

"TANAP layihəsi çox uğurludur. O, Azərbaycanın maliyyə imkanlarının genişləndirməsinə imkan verəcək".

Bunu rusiyalı ekspert Darya Qrevtsova Trans-Anadolu qaz kəmərinin (TANAP) iyunun 12-də istismara verilməsinin planlaşdırılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, TANAP ölkənin gəlirlərini artırmasına imkan verəcək: "Bu məhsulun məhz Avropa İttifaqı (Aİ) ölkələrinin bazarına çatdırılması tam təbiidir. Çünki Avrozona çoxsaylı iqtisadi fəal insanlara, çox inkişaf etmiş iqtisadiyyata və enerji resurslarına böyük tələbat deməkdir".

D.Qrevtsova Rusiyanın enerji resurslarını Aİ bazarına çıxarmaqda çox maraqlı olduğunu qeyd edib: "Məlum olduğu kimi, hazırda Rusiya "Şimal axını"nın ikinci xəttini, "Türk axını"nı inşa edir, "Drujba" neft kəməri ilə neft təchiz edir, bununla belə, Azərbaycanı böyük iqtisadi qələbə münasibətilə təbrik etmək lazımdır. Bu, Rusiyanın maraqları ilə necə bağlıdır? Əlbəttə ki, Azərbaycan qazı Rusiya qazı ilə rəqabət aparır, lakin Azərbaycan və Rusiya müdrikcəsinə davranır. Avropa İttifaqı Azərbaycan və Rusiyanın sərt rəqabət aparmasını və iki ölkədən Avropa dövlətlərinə təchiz edilən enerji resurslarının qiymətlərinin azalmasını istərdi. Amma Rusiya və Azərbaycan resurslarının çatdırılmasının sərt rəqabətə səbəb olmaması üçün siyasətini razılaşdırır, qiymətlərin azalmasına imkan vermir. Məhz elə bu səbəbdən Rusiya və Azərbaycanın əməkdaşlıq etməsi vacibdir. İdeal halda bu iki enerji nəhəngi qiymətləri razılaşdırmalı, şirkətlərinin və büdcələrinin daha çox qazanması üçün enerji resurslarının çatdırılma qiymətlərini maksimuma qaldırmalıdır".

Rusiyalı ekspert həmçinin bildirib ki, TANAP üçün şərtlər Rusiyanın "Şimal" və "Cənub" axınlarının şərtlərindən daha yaxşıdır, çünki Aİ ölkələri Azərbaycanı geosiyasi təhdid hesab etmir: "Məhz bu səbəbdən Rusiyaya qarşı Avropanın enerji paketini tətbiq etməyə çox çalışır. Azərbaycan üçün isə istisna edilib və bu, şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin bacarıqlı diplomatik siyasətinin təzahürüdür".

alt

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu ilin yayında Türkiyəyə qaz bu çıxış nöqtəsindən veriləcək.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ilin sonunda Avropa üçün qazı qəbul etməyə hazır olacaq.

Azərbaycan və Gürcüstan gömrükçülərinin bir inzibati binada fəaliyyət göstərməsi ilə bağlı danışıqlar aparılır

"Azərbaycan və Gürcüstan gömrükçülərinin bir inzibati binada fəaliyyət göstərməsi ilə bağlı danışıqlar aparılır".

"APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

S.Mehdiyevin sözlərinə görə, danışıqlar uğurlu alınsa, Azərbaycanda və regionda ilk dəfə olaraq vahid bina tikilərək iki ölkənin gömrük xidməti birgə fəaliyyət göstərəcək.

 

"Gürcü həmkarlarımızla danışıqlar aparılır. Hələlik bu sahədə yekun nəticə yoxdur. Müzakirələr başa çatarsa, iki ölkənin gömrük orqanlarının vahid bir məkanda fəaliyyət göstərməsi mümkün olacaq. Hər iki gömrük orqanlarının əməkdaşları bir yerdə çalışacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edir", - S.Mehdiyev əlavə edib.

SOCAR: “Cənub Qaz Dəhlizi”ni genişləndirmək üçün ayrı-seçkiliyə yol verməməliyik

"Təbii ki, biz gələcəkdə "Cənub Qaz Dəhlizi"ni genişləndirə bilərik".

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu qaz kəməri layihəsi digər ölkələrə də keçə bilər: "Bunun üçün başlıca olaraq biz heç bir ayrı-seçkiliyə yol verməməliyik. Məhz bunun sayəsində uğurla yeni investorları cəlb etməliyik," – deyə V. Bəylərbəyov qeyd edib.

Rövnəq Abdullayev: "Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək"

"Bir neçə il əvvəl Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını realizə etmək üçün qarşımızda müxtəlif imkanlar mövcud olsa da Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verildi. Hasil olunacaq qaz həcmlərinin dünya bazarlarına çıxarılması təşəbbüsü ilə çıxış edərək, Cənub Qaz Dəhlizi layihəsinin əsas ideya müəllifi Azərbaycan oldu".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018" 25-ci Yubiley Beynəlxalq konfransında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. O, Cənub Qaz Dəhlizi layihəsini müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, iki qitədə və bir neçə ölkədə həyata keçirilən kifayət qədər mürəkkəb bir meqa layihə adlandırıb.

"Buna baxmayaraq, bu gün biz artıq təbii qazın Xəzər dənizindən Avropaya nəql olunmasının bir addımlığındayıq. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur artıq yekunlaşıb. Dünən Cənub Qaz Dəhlizinin Türkiyəyə qədər olan hissəsi istismara verildi, iyunun 12-də isə SOCAR-ın operator olduğu TANAP layihəsinin istismara verilməsi planlaşdırılır. Beləliklə, bu möhtəşəm layihə başa çatmaq üzrədir:  4 seqmentdən  3-ü artıq   istifadəyə verilir. Əminəm ki,  ən yaxın zamanda bu uzunmüddətli çalışmaların bəhrələrini görə biləcəyik", - deyə R.Abdullayev vurğulayıb.

SOCAR prezidenti qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi başda olmaqla həyata keçirilən bütün bu layihələrin aparıcı qüvvəsidir və mərkəzindədir: "Bu layihələrdən həm region ölkələri, həm də müxtəlif şirkətlər bəhrələnir. Yeni qaz nəqli marşrutuna malik olduqdan sonra Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək. Bu isə ölkənin iqtisadi müstəqilliyini və beynəlxalq mövqeyini gücləndirəcək. Həmçinin Azərbaycan Cənub Qaz Dəhlizini açmaqla 3-cü tərəflərin bu layihəyə qoşulmasına, xarici tərəfdaşlarımızın da maliyyə gəlirlərini artırmalarına əlverişli şərait yaradıb. Region ölkələri olan Gürcüstan və qardaş Türkiyə də bu nəhəng layihədən mənfəət əldə edəcək, həm də tranzit ölkə olaraq beynəlxalq mövqelərini möhkəmləndirəcək. Hazırda Avropa ən perspektivli qaz bazarıdır. İnanırıq ki, Azərbaycan qazı Avropa bazarında yaxın gələcəkdə artan tələbatla mövcud təchizat arasında yaranacaq boşluğu dolduracaq və bütün hazırkı qaz təchizatçıları ilə bərabər yüksək tələbat olan bu bazarda özünə layiqli yer tutacaq".

 

Saytda Axtarış

ახალი ამბები