Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3558
DünənDünən5123
Bu həftəBu həftə3558
Bu ayBu ay33021
Bu günə qədərBu günə qədər8521913

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Sabah Ermənistanın müdafiə naziri İrana səfər edəcək Böyüt

Sabah Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə İRNA agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb
Səfər çərçivəsində Tehranda iki ölkənin müdafiə nazirləri arasında görüş keçiriləcək. V. Sərkisyanın səfərində məqsəd İran və Ermənistan arasında müdafiə sahəsində məsləhətləşmələri davam etdirməkdir. Səfərin gündəliyinə Tehran və İrəvan arasında ikitərəfli və regional əlaqələri möhkəmləndirmək də daxildir.

Azərbaycanlı Başqırdıstan baş nazirinin müavini təyin olunub

Başqırdıstan Respublikasının başçısı Rüstəm Xamitov azərbaycanlı Fərhad Səmədovu respublikanın baş nazirinin müavini vəzifəsinə təyin edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report “Başinform”a istinadən xəbər verir.

Qeyd edək ki, Fərhad Səmədov 23 aprel 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. O, V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib.

F.Səmədov əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan SSR-nin Sənaye Tikinti Nazirliyi 7 nömrəli trestində başlayıb. O, trestdə mühəndis və baş mühəndis kimi çalışıb.

Həmyerlimiz 2016-cı ildə Başqırdıstan “Birləşmiş Neft-Kimya Şirkəti” ASC-nin prezidenti olub.

Saakaşvili Trampın inaqurasiya mərasimini “kolluqdan” izləyib – VİDEO

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili, Trampın inaqurasiyası zamanı Ukrayna telekanalları tərəfindən çəkilən görüntülərindən narazı qalıb.

Oxu.Az aznews.az-a istinadən xəbər verir ki, bu haqda o, öz Facebook səhifəsində paylaşım edib.

Siyasətçi iddia edir ki, şəkillər o, inaqurasiya mərasimini tərk edərkən çəkilib:

“Biz Ukrayna telekanallarına təklif etmişdik ki, Trampın inaqurasiyasına getməyimizi işıqlandırsınlar, ancaq bundan imtina etdilər. Lakin onlar mənim mərasimi tərk edərkən çəkilən qeyri-rəsmi şəkillərimi paylaşdılar”.

Bu şərhi ilə bərabər Saakaşvili jurnalistlərin yaydıqları foto və videonu screen edərək paylaşıb.

Siyasətçinin sözlərinə görə, bu materiallar sübut edir ki, “düşmənlər” ondan qorxurlar.

Azərbaycan prezidenti: "Yeni silahların alınmasına dair Moskva ilə danışıqlar aparırıq”

"Biz yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparırıq".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA "Novosti"-yə müsahibəsində deyib.

Dövlət başçısı Rusiyanın hərbi sənayesinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: “Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir”.

Azərbaycan prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var: “Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”. 

Əli Həsənov: “Koçaryan da, Sarkisyan da Azərbaycan vətəndaşlarıdır”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti, fransız yazıçısı Jerar Kardonla görüşüb.

Modern.az xəbər verir ki, Komitədən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.

Ə.Həsənov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. O, qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında qərar və qətnamələr qəbul edilib:

“Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırki prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər”.

J.Kardonun sualını cavablandıran Ə.Hsənov bildirib ki, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün səmərəli idarəçilik mexanizmi yaradılıb: “Qaçqın və məcburi köçkünlər üçün bütün lazımi şərait yaradılsa da onların əsas istəyi öz doğma torpaqlarına qayıtmaqdır. Çünki vətən doğulduğun yerdən başlayır”.

Türkiyə səfiri: “Azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənlərini sipər edərək verdikləri mücadilə əsla unudulmayacaq”

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, açıqlamada deyilir:

“Azərbaycanın müstəqilliyi və istiqlalı yolunda aparılan mübarizənin önəmli dönüş nöqtələrindən olan 20 Yanvar 1990-cı il qətliamı və azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənlərini sipər edərək inanc dolu bir ruhla verdikləri mücadilə əsla unudulmayacaq. Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası halına gələn can Azərbaycanın istiqlalı uğrunda bundan 27 il öncə həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi, Azərbaycanla tam həmrəylik hissiyyatımızı vurğulamaq istəyirik”.  

Sergey Lavrov Dağlıq Qarabağa qanunsuz səfər edən blogerin saxlanılmasına münasibət bildirib

"Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik".

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.

O həmçinin həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib: "Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək. Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik".

Qeyd edək ki, A. Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında Minskdə saxlanılıb. Onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı"na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi "Dövlət sərhədinin pozulması haqqında" qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.

Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycanın Tiflisdəki səfirliyindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, görüş zamanı D. Həsənov etimadnaməsinin surətini M. Canelidzeyə təqdim edib.

O, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

M. Canelidze isə D. Həsənovu səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və əlaqələrin inkişafı istiqamətində D. Həsənovun simasında tezliklə yeni-yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Görüşdə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı perspektivləri, enerji, nəqliyyat və turizm sahəsindəki layihələrin icrası və s. məsələlər müzakirə olunub. Tərəflər həmçinin regional layihələrin genişləndirilməsinin zəruriliyindən danışaraq, Gürcüstan, Türkiyə və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanlı deputat: “Saakaşvilinin partiyasını tərk etməmişəm”

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Vahid Milli Hərəkat Partiyasının sıralarını tərk etmədiyini açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə A. Süleymanov özünün "Facebook" səhifəsində yazıb:

"Bütün seçicilərimə çatdırmaq istəyirəm ki, başqa partiyaya keçməmişəm. Vahid Milli Hərəkat Partiyasında fəaliyyətimi davam etdirəcəyəm. Hər bir insanın seçiminə hörmətlə yanaşıram".

Qeyd edək ki, Tiflisin sabiq meri Giqi Uqulava həbsdən çıxandan sonra Vahid Milli Hərəkat Partiyası parçalanıb. Partiyadan ayrılanlar yeni siyasi təşkilat yaratdıqlarını bəyan ediblər. Onların arasında Vahid Milli Hərəkat Partiyasından parlamentə seçilmiş deputatlar da var. 27 deputatdan 21 nəfər G. Uqulava ilə Giqi Bokeriyanın yaratdığı yeni təşkilatda yer alıb. A. Süleymanov istisna olmaqla, qalan 5 nəfər Vahid Milli Hərəkat Partiyasında fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər. A. Süleymanovun mövqeyi bəlli olmadığı üçün partiyanın parlamentdə fraksiya yaradıb-yaratmayacağı sual altında idi.

Xatırladaq ki, Gürcüstan qanunlarına əsasən, parlamentdə fraksiya yaratmaq üçün 6 deputat kifayət edir.

Gürcü nazir: “Azərbaycandan kifayət qədər qaz tədarük olunarsa, bizim əlavə qaza ehtiyacımız qalmaz”

 

"Qazprom" şirkəti ilə razılaşmaya əsasən Gürcüstan Rusiyadan əlavə həcmdə təbii qaz almağa məcbur deyil. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu qazın tranzitinə dair yeni şərtlər barədə açıqlama verən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria bildirib.

"Gürcüstan üzərindən Ermənistana tədarük edilən Rusiya qazının tranzit haqqı əvvəlki kimi qazla yox, pulla ödəniləcək. Bundan əlavə, yeni müqavilənin şərtlərinə əsasən, Gürcüstan Rusiya qazını bazardakından, daha aşağı qiymətə, yəni min kubmetr qazı 215 dollara yox, 185 dollara ala biləcək. Bu, Gürcüstanın əsas təbii qaz təchizatçısı olan Azərbaycanın təklif etdiyi qiymətlə bərabərdir", - deyə nazir qeyd edib.

Nazir qeyd edib ki, Gürcüstan Rusiya ilə müqavilə imzalayarkən üzərinə Rusiyadan qazın alınmasına dair heç bir öhdəlik götürməyib: "Strateji tərəfdaşımızdan bizə kifayət qədər qaz ixrac olunarsa, bizim əlavə qaza ehtiyacımız qalmaz, biz bu qazı almayacağıq və bu mövzu bağlıdır", - deyə nazir bildirib.

Xatırladaq ki, Gürcüstan 2007-ci ildən Rusiya qazını almır. Ölkəyə əsas xammal təchizatçısı Azərbaycandır. Azərbaycan Gürcüstana lazım olan təbii qazın 90% həcmini təmin edir.

Avropa Parlamentinin komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiqləyib

Avropa Parlamentinin Vətəndaş azadlıqları, ədliyyə və daxili məsələlər üzrə komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiq  edib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi  məlumata görə, viza rejiminin ləğvinə dair Avropa İttifaqı (Aİ) Şurası və Assambleya arasında əldə olunan sazişinin lehinə 42, əleyhinə 2 deputat səs verib.

Qeyd edək ki, ötən ayın əvvəli Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Gürcüstan vətəndaşlarının Avropaya qısamüddətli səyahətlər etmək üçün viza rejimin ləğvinə  dair ilkin razılığa gəliblər. Ona əsasan, saziş  pozuntular ortaya çıxdığı halda, onu ləğv edən mexanizmin tətbiqi ilə birgə qüvvəyə minəcək.

Sazişin qüvvəyə minməsi üçün Avropa Parlamenti onu institut olaraq təsdiq etməlidir.

Bununla bağlı iclasın yanvar ayında keçiriləcəyi gözlənilir.

Hikmət Hacıyev: “1994-1995-ci il razılaşmasında Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması barədə vaxt cədvəli var” - MÜSAHİBƏ

"İnsidentlərin araşdırılması mexanizmi Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır"

XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibəsi

- ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri bir-birilərini ittiham etməkdən vaz keçməyə çağırsalar da, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərin bəyanatlarını şərh edərkən yenə ittihamlarla çıxış edib. Bu barədə nə deyərdiniz?

- ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyd etdiyi kimi, qarşılıqlı ittihamlardan kənar durmaq üçün hər hansı şərhlə çıxış etmək niyyətində olmamağımıza baxmayaraq, Ermənistanın xarici işlər naziri E. Nalbandyanın danışıqlar prosesi və həmsədrlərin son bəyanatını təhrif edən ittihamlarını cavablandırmaq məcburiyyətindəyik. Ermənistan xarici işlər nazirinin bu açıqlaması ölkəsinin uğursuz siyasətinə və təxribatlarına bəraət qazandırmaq, erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. Bu məqsədlə E. Nalbandyan hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərini ittiham etməkdən çəkinmir. O, 1994-1995-ci illər üzrə atəşkəs rejimini, insidentlərin araşdırılması mexanizmlərini, Vyana və Sankt-Peterburq görüşlərini təhrif olunmuş formada təqdim edir, həmsədrlər tərəfindən Azərbaycan hərbi qulluqçusunun cəsədinin qaytarılması tələb olunsa da, bu məsələnin üzərindən riyakarcasına sükutla keçməyə çalışır.

- Ermənistan tərəfi tez-tez 1994-1995-ci illər üzrə atəşkəs rejimini xatırladır. Bunun səbəbi nədir?

- Nalbandyan 1994-1995-ci illər atəşkəs rejiminə toxunsa da, yalnız onun bir epizodunu qeyd edir. İnstitusional yaddaş pozuntusundan əziyyət çəkən Ermənistan xarici işlər nazirliyinə xatırlatmaq lazımdır ki, 1994-1995-ci il atəşkəs haqqında razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlanmışdı. Ermənistan xarici işlər naziri 1994-1995-ci il atəşkəs razılaşmasının məcburi qaydada yerinə yetirilməli olduğunu deyirsə, onda onun tərkib hissəsi olan vaxt cədvəlinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması da təmin olunmalıdır. Atəşkəs rejimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və münaqişənin siyasi həllinə şərait yaratmalı olduğu halda, Ermənistan atəşkəsdən bu günə qədər sui-istifadə edir, öz işğalını gücləndirmək və davam etdirmək üçün siyasi möhtəkirlik obyektinə çevirir.

- Nalbandyan növbəti dəfə insidentlərin araşdırılması mexanizmini gündəmə gətirir.

- Ermənistan xarici işlər nazirinin bu iddiası məntiqsizlik olaraq ən elementar şəkildə səbəb-nəticə kateqoriyalarına kökündən ziddir. Səbəbin həmişə nəticədən əvvəl gəldiyi hər kəsə aydın olsa da, Ermənistan xarici işlər naziri bunu hələ də başa düşə bilmir və ya başa düşmək istəmir. İnsidentlər nəticədir, səbəb isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasından sonra insidentlərin baş verməsi və nəticə etibarilə, onların araşdırılması üçün səbəb qalmayacaq. Vyana və Sankt-Peterburqda münaqişənin həlli üzrə aparılmış substantiv müzakirələrə uyğun olaraq, insidentlərin araşdırılması kimi texniki-köməkçi məsələ Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır. Ermənistan münaqişənin həllinin substantiv məsələlərindən yayınmaq üçün qəsdən diqqəti insidentlərin araşdırılması kimi məsələlərə yönəldir.

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında həlak olmuş Azərbaycan hərbçisinin cəsədinin təxirə salınmadan qaytarılması tələb olunsa da, Ermənistan xarici işlər naziri bu məsələyə toxunmur.

- 29 dekabr 2016-cı ildə Ermənistanın qəsdən Ermənistan-Azərbaycan sərhədində təxribat törətdiyi tam şəkildə aydındır. Ermənistanın dərhal dezinformasiya xarakterli təbliğata başlaması və onun ardınca ermənipərəst mövqeyi ilə fərqlənən Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının artıq sabiq baş katibi Nikolay Bordyujanın məsuliyyətsiz açıqlaması təxribatın əvvəlcədən hazırlanmış ssenari üzrə cərəyan etdiyini bir daha sübut edir. Ermənistanın bu təhlükəli hərbi avantürasının məqsədi KTMT-ni münaqişəyə cəlb etmək, təxribat vasitəsilə danışıqlar prosesini pozmaqdır.

Göründüyü kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyi çirkin məqsədləri üçün hər cür avantüraya və yalana əl atmağa hazırdır. Həmsədrlərin bəyanatında sırf humanitar əsaslarla, həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cəsədinin təxirə salınmadan qaytarılması tələb olunsa da, Ermənistan xarici işlər naziri bu məqamın üzərindən sükutla keçməyə çalışır. Nalbandyan ölkəsinin beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarına kökündən zidd olan qeyri-insani siyasətinə əsassız şəkildə bəraət qazandırmağa çalışır, Ermənistanın sərhəddə törətdiyi son təxribatı nəticəsində itkin düşmüş Azərbaycan hərbi qulluqçusunu, sıravi əsgəri utanmadan diversant adlandırmaqdan çəkinmir. Xüsusi təminatı, geyimi və silah-sursatı olmayan tək əsgər nə vaxtdan diversant oldu? Cenevrə konvensiyalarının tələblərini rəhbər tutaraq, həlak olmuş Azərbaycan hərbi qulluqçusu Çingiz Qurbanovun cəsədinin geri qaytarılması və ailəsinə təhvil verilməsi üçün beynəlxalq təşkilatlarla əlaqəli şəkildə zəruri tədbirlər görülür.

ATƏT-in Minsk Qrupunun həmsədrləri, KTMT-nin üzv dövlətləri və beynəlxalq ictimaiyyət Ermənistanın regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyan və münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa hesablanan bu təhlükəli hərbi avantüra cəhdlərini və çirkin niyyətini ciddi surətdə nəzərə almalıdırlar.

Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin substantiv danışıqlar yolu ilə mərhələli şəkildə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini davam etdirəcək.

Ermənistan regionu yeni təhlükələrə və hərbi avantüralara sürükləyən siyasətindən əl çəkməli, Azərbaycan ərazilərinin işğalına son qoymalı və münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Münaqişə nə qədər tez həll olunarsa, bir o qədər də tez regionda yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana bilər.

Saytda Axtarış

Son xəbərlər