Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün488
DünənDünən4736
Bu həftəBu həftə5224
Bu ayBu ay34687
Bu günə qədərBu günə qədər8523579

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

XİN: Azərbaycan ərazilərinin işğalı ilə barışmayacaq

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel döyüşləri ilə bağlı bəyanat yayıb.

XİN-dən Dalga tv-yə verilən məlumata görə bəyanatda deyilir:

“2016-cı ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsindən bir il ötür. 2 aprel 2016-cı ildə Ermənistan işğal olunmuş ərazilərdəki mövqeyindən atəşi intensivləşdirərək, qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrini və Azərbaycanın nəzarətindəki yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır artilleriya və böyük kalibrli silahlardan hədəfə aldı. Ermənistanın bu hücumları və növbəti zorakı addımları nəticəsində Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qaldı, aralarında uşaqlar olmaqla 6 nəfər həlak oldu və 33 nəfər ağır yaralandı. Dövlət və özəl mülkiyyətə zərər yetirildi.

Azərbaycan Respublikası silahlı qüvvələri tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyini təmin etmək və Ermənistanın növbəti təxribatlarının qarşısını almaq üçün zəruri əks-həmlə tədbirləri görüldü.

Ermənistanın təxribatçı hücumları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi xidmətçiləri arasında həlak olanlar və yaralananlar oldu. Ölümündən sonra Azərbaycan hərbi qulluqçularının cəsədlərində Ermənistan tərəfindən işgəncələrin törədilməsi halları da qeydə alındı.

5 aprel 2016-cı ildə Moskvada Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşdırıldı. Amma buna baxmayaraq, Ermənistan yenidən 26-27 aprel 2016-cı ildə təmas xətti boyunca yaşayış məntəqələri və kəndlərdə yaşayan mülki Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutdu.

Aprel hadisələri bir daha nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu cəbhədə vəziyyətin gərginləşməsinin əsas səbəbidir və münaqişənin siyasi həlli üçün başlıca maneədir.

Aprel gərginliyindən sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin təşəbbüsü ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası Prezidentlərinin 16 may 2016-cı ildə Vyanada görüşü keçirildi. Rusiya Federasiyası Prezidentinin dəvəti əsasında 20 iyun 2016-cı ildə Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin görüşü keçirildi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlar aparıldı.

O vaxtdan etibarən Ermənistan həyata keçirdiyi qərəzli siyasi-hərbi təxribatları və müxtəlif bəhanələri ilə təşəbbüsün saxlanmasına və Sankt-Peterburqda əldə edilmiş anlaşmaların konkret əməllərə keçirilməsinə, gərginliyin azaldılmasına imkan vermədi və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına başlamadı.

Ermənistanın siyasi-hərbi rəhbərliyinin son bəyanatları və müharibə çağırışlı ritorikası və substantiv danışıqları boykot etməsi və qeyd-şərtlər irəli sürməsi açıq surətdə Ermənistanın konstruktiv şəkildə münaqişənin həllində niyyətli olmadığını göstərir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi imkanlarını artırması, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişməsi danışıqlar prosesini pozmaq və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirmək kimi çirkin niyyətlərini aşkara çıxarır.

Azərbaycan Respublikası bir daha bəyan edir ki, heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Münaqişənin həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərini öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, işğala əsaslanan status kvonun dəyişdirilməsi və regionda davamlı sülhün təmin olunması üçün Ermənistandan konstruktiv şəkildə substantiv danışıqlarda iştirakın tələb edilməsinə çağırırıq”.

BMT Dağlıq Qarabağla bağlı çağırış etdi

BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb.

Dalga tv APA-ya istinadən xəbər verir ki, bu barədə bəyanatla BMT baş katibinin nümayəndəsi Fərhan Haq çıxış edib.

BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatlarını tam dəstələyərək tərəfləri atəşkəsi poza biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

“Biz gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayırıq və əsaslı danışıqları bərpa etmək üçün tərəfləri zəruri siyasi iradə göstərməyə çağırırıq”, - deyə Fərhan Haq qeyd edib.

Hərbi ekspert: İlham Əliyev çox ciddi mesajlar verdi

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə çox mühüm, ciddi mesajlar verdi.

Dalga tv-nin xəbərinə görə, bunu APA-ya açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

Ş.Ramaldanov bildirib ki, ordumuzun gücünü, qüdrətini, Azərbaycan cəmiyyətinin Qarabağ məsələsində birliyini qeyd edən Ali Baş Komandan bildirdi ki, Ermənistan düzgün qərar qəbul edib, işğal edilmiş torpaqlardan çəkilməsə, Azərbaycan malik olduğu bütün güc və vasitələrlə işğalçı qüvvələri darmadağın edəcək: 

“Ali Baş Komandan həm də Azərbaycan ordusu hərəkətə keçəcəyi halda Ermənistan cəmiyyətini nələrin gözləyəcəyini, hansı itkilərin olacağını açıqladı. Bu, erməni cəmiyyətinə, erməni analarına bir ismarıcdır. Dövlət başçısı humanist insan kimi bildirdi ki, Azərbaycan dövləti hələ Ermənistan cəmiyyətinə düzgün qərar qəbul etmək, itkilərdən çəkinmək üçün vaxt verir”.
 
Ehtiyatda olan polkovnik Azərbaycan prezidentinin çıxışında Azərbaycanın öz ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyini, bir qarış torpağın da işğal altında qoymayacağını bəyan edib: 

“Bu, həm də Ali Baş Komandanın Silahlı Qüvvələrə verdiyi qiymət və inamdır. Eyni zamanda ordumuza gələcəkdə torpaqlarımızın azad edilməsi üçün verilən tapşırıqdır. Ali Baş Komandanın tapşırığı ilə əlaqədar Silahlı Qüvvələrdə müəyyən hazırlıq aparılacaq, döyüş hazırlığı daha da artırılacaq və konkretləşdiriləcək. Aprel döyüşləri bir daha göstərdi ki, ordumuzu işğalçı qüvvələri məğlub etmək imkanı var, bu imkandan da ordumuz istifadə edəcək”.

Ş.Ramaldanov dövlət başçısının həm də beynəlxalq qurumlara mesaj ünvanladığını vurğulayıb: 

“Dövlət başçısı bildirdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi öz daxili işidir, ona görə də heç bir başqa dövlət buna müdaxilə edə bilməz. Eyni zamanda beynəlxalq təşkilatlara ismarıc göndərdi ki, münaqişənin Azərbaycan ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həlli üçün aktiv hərəkətə keçsinlər və Ermənistana lazımi təzyiqlər göstərsinlər. Əgər beynəlxalq qurumlar buna nail ola bilməsə, o halda Azərbaycan bir yolu var. Bu da silah gücü ilə torpaqlarını azad etməsidir”.
 
Ş.Ramaldanov Azərbaycan prezidenti və Ali Baş Komandan İlham Əliyevin aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşünü vacib addım kimi qoymətləndirib: 

“Bu görüşdə həm Azərbaycan Silahlı Qüvvələrinin və Ermənistan Silahlı Qüvvələrinin bugünkü durumuna müqayisəli qiymət verildi, həm də beynəlxalq qurumlara lazımi mesajlar ünvanlandı. Azərbaycan xalqının torpaqlarımızın işğaldan azad edilməsində israrlı olacağı bir daha diqqətə çatdırıldı. 

Bu mesajlardan hər kəs öz payını götürməlidir. Beynəlxalq qurumlar passivliyə və münaqişənin həllinə ikili standartlarla yanaşmaya son qoymalıdır. Son vaxtlar həyasızlıq edin, hədələr səsləndirən, konstruktivlik nümayiş etdirməyən, status-kvonu saxlamağa çalışan Ermənistan isə mövqeyinə yenidən baxıb, torpaqlarımızı işğaldan azad etməlidir. Əks halda, Azərbaycan güc yolu ilə torpaqlarını azad edəcək. Artıq gözləmək olmaz. Çünki zaman göstərir ki, müəyyən qüvvələr sülhsevərliyimizdən istifadə edir, vaxtı uzadır”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Ali Baş Komandan aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə çox dəqiq və ciddi mesajlar çatdırıb:

“Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələri aprel ayında bütün imkanlarından istifadə etməyib, cüzi şəxsi heyətlə bu qələbəni əldə edib, geniş miqyaslı hərbi əməliyyat aparmaq planı qarşıya qoyulmamışdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri keçən ilin aprelində yalnız düşmənin silahlı təxribatının qarşısını alarkən bu nəticəni əldə edib. Yəni Azərbaycanın qarşısında Qarabağı işğaldan azad etmək kimi bir vəzifə olsaydı, Silahlı Qüvvələr bu tapşırığı da yerinə yetirərdi. Azərbaycan prezidenti beynəlxalq qurumların münaqişəni sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini gözlədiyimiz üçün hələlik bu addımın atılmadığını, Ermənistan vətəndaşlarının da ölümünü istəmədiyimizi vurğuladı”.

Ü.Cəfərov BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğal edilməsi ilə əlaqədar 4 məlum qətnaməsini xatırladıb: 

“Erməni silahlı qüvvələri Azərbaycan ərazisində işğalçı statusundadır. Yaxın zamanlarda danışıqlar prosesində hər hansı irəliləyiş olmayacaqsa, Azərbaycan yəqin ki, bu məsələni güc yolu ilə həll edəcək. Azərbaycanın bunun üçün yetərli silah və insan resursu var, hərbi hazırlığımız çox yüksək səviyyədədir. Azərbaycan ordusu keçən ilin aprelində 20 ildir ki, Ermənistan ordusunun cəbhədə güclü müdafiə xətti yaratması ilə bağlı mifi dağıtdı. Bu, Ermənistana ciddi siqnal idi. Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək. 

Bu günlərdə ermənilər də çox narahatdırlar ki, Azərbaycan aprel uğurunu təkrar edəcək. Onsuz da Azərbaycan əsgəri gec-tez üzərinə düşən missiyanı yerinə yetirəcək, buna heç kimin şübhəsi olmamalıdır. Ermənistan və işğalçıya havadarlıq edənlər də Azərbaycanın artıq belə bir qərar verəcəyindən narahatdır. Azərbaycan prezidenti görüşdə bir daha bəyan etdi ki, ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, ölkəmizin ərazi bütövlüyü də bərpa olunacaq. Azərbaycan Silahlı Qüvvələri də tam heyətdə bu tapşırığı yerinə yetirməyə hazırdır. 

Azərbaycan qarşısına qoyulan məqsədə nail olmaq üçün 2016-cı ildə də ən müasir silahlar alıb və yəqin ki, yaxın vaxtlarda beynəlxalq qurumların hesabatlarında da bu, əksini tapacaq. Həmin silah və texnikalar Qarabağ savaşında öz sözünü deyəcək. Azərbaycanın siyasi-hərbi rəhbərliyinin mövqeyi qətidir - Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunana qədər lazımi addımlar atılacaq”.

Sabah Azərbaycan və İsveçrə arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş qüvvəyə minəcək

 Sabah Azərbaycan və İsveçrə arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş qüvvəyə minəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report” verilən məlumata görə, Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişə əsasən diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız səyahət edə biləcəklər.

Bundan əlavə, bir çox kateqoriyadan olan şəxslər, o cümlədən, yaxın qohumlar (ər-arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr), rəsmi nümayəndə heyətlərinin üzvləri, iş adamları və kommersiya təşkilatlarının nümayəndələri, təhsil və ya təlim məqsədilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, elmi, akademik, mədəni və ya incəsənət tədbirlərində iştirak edən şəxslər, jurnalistlər, beynəlxalq idman tədbirlərinin iştirakçıları, tibbi məqsədlərlə səyahət edən şəxslər, beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər və s. sadələşdirilmiş qaydada viza əldə edə biləcəklər.

Sazişin vətəndaşlara yaratdığı digər üstünlükləri, çoxdəfəlik və uzunmüddətli, yəni etibarlılıq müddəti 1, 2 və ya 5 il olan vizaların alınmasının sadələşdirilməsi, habelə viza üçün tutulan rüsumun 35 avroya endirilməsidir. Eyni zamanda, yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, idmançılar, elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər, təcili tibbi müalicə məqsədilə səyahət edənlər, təqaüdçülər, 18 yaşadək olan uşaqlar, jurnalistlər və s. viza rüsumundan azad edilirlər.

Qeyd edək ki, bu sazış 2016-cı il oktyabrın 10-da İsveçrənin Bern şəhərində imzalanıb. Azərbaycan Prezidenti 2016-cı il dekabrın 16-da imzaladığı sərəncamla sazişi təsdiqləyib. 

Qubada soyqırım qurbanları yad olunur

Qubada soyqırım qurbanları yad edilir.

Dalga tv-nin APA-ya istinadla verdiyi məlumata görə, Quba Soyqırımı Memorial Kompleksinə yürüş keçirilib. Yürüşdə ölkənin bütün bölgələrindən vətəndaşlar iştirak edib. Kompleksin önündə təşkil olunan tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, məzarlıq 2007-ci il aprelin 1-də ərazidə qazıntı aparılarkən aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.

Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

ABŞ Əliyev və Sarkisyanın görüşünü hazırlayır

ABŞ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünü təşkil etməyə çalışır. 

Dalga tv xəbər verir ki, bu barədə mənbəyə istinadən “Aykakan Jamanak” qəzeti məlumat yayıb. 

Xatırladaq ki, ötənilki aprel müharibəsindən sonra 2016-cı ilin mayında Vyanada, iyunda isə Sankt-Peterburqda Əliyev-Sarkisyan görüşü keçirilib.  

“İndi isə yeni görüş hazırlanır. Bununla yanaşı, Serj Sarkisyan martın 14-də Moskvaya ikigünlük səfəri zamanı Vladimir Putin ilə Dağlıq Qarabağ problemini müzakirə edib. O zamana qədər isə elə bu məqsədlə İlham Əliyev Moskvada olub”, - məlumatda deyilir. 

Nəşr yazır ki, Serj Sarkisyan Moskvadan qayıtdıqdan sonra işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gedib, orada yerli hakimiyyətə Qarabağ münaqişəsinin nizamlanması üzrə inkişafı nümayiş etdirib.  

Qəzetin mənbəyinin məlumatına görə, Moskvada Serj Sarkisyana ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə hər iki tərəfə qarşı tələblərin sərtləşdiriləcəyi bildirilib. 

Prezident İlham Əliyev: “Heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz”

“Deyə bilərəm ki, Ermənistan öz müstəqil həyatını, bax, bu işğala qurban verdi. Çünki əgər bu işğal olmasaydı, əgər onlar Azərbaycan ilə münasibətləri normal qura bilsəydilər bu gün Ermənistan müstəqil ölkə kimi bəlkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə deyib.

O qeyd edib ki, ermənilər bu işğala görə müxtəlif ölkələrdən, müxtəlif xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər: “Çünki bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici borc kritik həddə çatıb, yoxsulluq demək olar ki, 40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur. Bunlar öz xalqını nə qədər aldadacaqlar? Ona görə də bu vəziyyətə düşmələrinin əsas səbəbi onların işğalçı siyasətidir. Bu gün bu yolu seçmiş Ermənistan rəhbərliyi öz xalqını uçuruma aparır. Biz isə müstəqillik dövründə əsl müstəqil ölkəyə çevrildik. Biz sübut etdik ki, bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Ermənistan isə demək olar ki, bütün bu imkanlardan məhrum olub və bu, əlbəttə, heç bir ölkəyə başucalığı gətirmir. Ona görə, bugünkü Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə ki, onların maraqları üçün işğala son qoyulmalıdır, məsələ o qədər tez həllini tapar, sülh bərpa olunar və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edər”.

Azərbaycan Prezidenti hərbçilərlə görüşüb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçi ilə görüşüb. 

Dalga tv xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyevin görüşdə çıxış edib.

Dövlət başçısı deyib: “Aprel döyüşlərindən bir il keçir. Mən bu hərbi qələbə gününün ildönümü ərəfəsində Müdafiə Nazirliyinin rəhbərliyini, döyüşlərdə iştirak etmiş hərbçiləri dəvət etmişəm. Xahiş edirəm ki, ilk növbədə, aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin və eyni zamanda, həlak olmuş mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir il bundan əvvəl Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Onların arasında azyaşlı bir qız uşağı da həlak olmuşdur. Bu, növbəti təxribat idi. Ondan əvvəlki dövrlərdə də Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atırdılar. 2014-cü ilin noyabr ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara tutarlı cavab vermişdir. Onların keçənilki təxribatı daha da genişmiqyaslı idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik.

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir.

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir. O vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdir və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq. Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdır və biz strateji mövqelərimizi o vaxt itirdik. O, dövlətə, xalqa qarşı bir xəyanət idi və ermənilər, Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Qeyd etdiyim kimi, ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar.

Aprel döyüşləri zamanı onlar beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət etmişlər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlamışlar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz.

Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etmişdir. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir.

Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır.

Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyət yaranıb. Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü. Əlbəttə, onlar bilirdilər ki, Azərbaycan dövləti Dağlıq Qarabağ problemini istənilən yolla həll edə bilər. Bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə bəyan etmişlər və bu yaxınlarda da bəyanatlar səsləndi ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi işğala son qoymaq deməkdir. Çünki status-kvonu Ermənistan dəyişdirməlidir. Onlar işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan çıxarmaqla status-kvo dəyişdiriləcək və sülh üçün əsas yaranacaq.

Biz bu döyüşlər zamanı və döyüşlərdən sonra xalqımızın qəhrəmanlığını gördük. Ermənistan həmişə olduğu kimi, döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə atəş açır. Bu dəfə də belə oldu. Bizim yüzlərlə kəndlimizin evləri dağıdıldı, bir neçə mülki şəxs həlak oldu. Ancaq təmas xəttinə yaxın yerlərdə yaşayan insanlarımız, vətəndaşlarımız çox böyük cəsarət göstərmişlər. Biri də yerindən tərpənmədi. Öz evlərini, kəndlərini tərk etmədilər. Ermənilər hesab edirdilər ki, 1990-cı illərin əvvəllərində olduğu kimi olacaq. Ancaq onlar səhv etdilər. O vaxt satqın AXC-Müsavat rəhbərliyi ancaq hakimiyyət barədə düşünürdü və vətəndaşlar da onu bilirdilər ki, o hakimiyyətdən hər hansı bir dəstək, hər hansı bir kömək gözləmək əbəsdir, mənasızdır. Bu dəfə isə vətəndaşlarımız tam əmin idilər ki, Azərbaycan dövləti və ordusu onları müdafiə edəcək, onların əziyyətlərinin, tökülmüş qanın əvəzini çıxacaq. Belə də oldu. Hesab edirəm ki, bu, əsas amildir. Ona görə Azərbaycan vətəndaşları - düşmənlə üz-üzə, daim təhlükədə yaşayan Azərbaycan vətəndaşları çox yüksək qiymətə layiqdirlər. Aprel döyüşlərindən sonra mən təmas xəttində yerləşən kəndlərə baş çəkərkən bir daha Azərbaycan xalqının cəsarətini və Vətənə bağlılığını əyani şəkildə gördüm.

Aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq. Eyni zamanda, döyüşlərdən sonra hərbi hospitalda yaralı hərbçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük Vətən sevgisi var. Ağır, yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir. Bax, budur bu gün Azərbaycan gənci, Azərbaycan vətəndaşı, onun düşüncəsi, onun əqidəsi və Vətənə olan sevgisi. Bizim ölkəmizi gücləndirən əsas amillər bunlardır.

Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Mən əminəm ki, biz buna nail olacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb, yaradıb, qurub, tikib. Biz Dağlıq Qarabağ bölgəsinin tarixini yaxşı bilirik. İndi XIX əsrdə ermənilərin oraya necə köçürülməsi barədə çox gözəl elmi əsərlər, kitablar yazılır. Hətta XX əsrin əvvəllərində çar Rusiyasında dərc edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, nəinki Dağlıq Qarabağda, indiki Ermənistan Respublikasında da əksər toponimlər Azərbaycan mənşəlidir. O da sirr deyil və bunu artıq beynəlxalq aləm də bilir ki, indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma “Dağlıq Qarabağ qurumu”nun heç bir gələcəyi yoxdur. Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik.

Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumadı. Bəlkə də buna ümid edirdilər. Biz demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürük ki, ermənilərin iddiaları azalmır. Onlar vaxtaşırı ən yüksək səviyyədə müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var. Biz aprel döyüşləri zamanı onları yerinə oturtduq. Hər an hazır olmalıyıq ki, onları yerinə oturdaq. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Heç bir ölkə bu qondarma qurumu tanımır. Orada bu yaxınlarda keçirilmiş qondarma “referendum” bunu bir daha göstərdi. Bizim bütün qonşu dövlətlərimiz, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr ölkələri birmənalı şəkildə bəyanatlar vermişlər ki, onlar bu “referendum”u tanımırlar. Bu, o deməkdir ki, Ermənistan və onun rəhbərliyi növbəti dəfə özünü biabır etdi. Hər dəfə orada qondarma “referendum” keçirilərkən bu, bizim xeyrimizə işləyir. Çünki hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər bunu qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstəkləyirlər və təsdiqləyirlər.

Biz ərazi bütövlüyümüzü, əlbəttə ki, bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq. Sadəcə 1990-cı illərin əvvəllərində ovaxtkı hakimiyyətin, xüsusilə AXC-Müsavat hakimiyyətinin xəyanətkar və satqın fəaliyyəti nəticəsində biz o torpaqları müvəqqəti olaraq itirmişik. Ancaq biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik.

Bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır.

Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın.

Bizim işimiz haqq işidir. Bunu xalqımız, beynəlxalq aləm bilir və bizim haqq işimiz bizə haqq verir ki, məsələni istədiyimiz yolla həll edək. Baxın, BMT Təhlükəsizlik Şurası, - dünyada bu təşkilatdan ali qurum yoxdur, - dörd dəfə qətnamə qəbul edib və tələb edib ki, erməni silahlı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Əməl edilmir. Amma bu, beynəlxalq təşkilatın qərarıdır, qətnaməsidir. Bu, əsasdır. Digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul ediblər. Yəni, bu, məsələnin həlli üçün hüquqi baza yaradır, çox önəmlidir. Əgər biz buna tarixi həqiqəti də əlavə etsək, əlbəttə ki, burada iki fikir ola bilməz. Dağlıq Qarabağ tarixi və hüquqi cəhətdən Azərbaycan torpağıdır və biz, əlbəttə ki, bu torpaqlara qayıdacağıq. Bunun üçün daha güclü olmalıyıq. Bütün siyasi və beynəlxalq tədbirlər görülübdür. Sadəcə olaraq, iqtisadiyyatımızı, ordumuzu daha da gücləndirməliyik.

Deyə bilərəm ki, Ermənistan öz müstəqil həyatını, bax, bu işğala qurban verdi. Çünki əgər bu işğal olmasaydı, əgər onlar Azərbaycan ilə münasibətləri normal qura bilsəydilər bu gün Ermənistan müstəqil ölkə kimi bəlkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil. Onlar bu işğala görə müxtəlif ölkələrdən, müxtəlif xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından, demək olar ki, tam asılı vəziyyətə düşüblər. Çünki bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici borc kritik həddə çatıb, yoxsulluq demək olar ki, 40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur. Bunlar öz xalqını nə qədər aldadacaqlar? Ona görə də bu vəziyyətə düşmələrinin əsas səbəbi onların işğalçı siyasətidir. Bu gün bu yolu seçmiş Ermənistan rəhbərliyi öz xalqını uçuruma aparır.

Biz isə müstəqillik dövründə əsl müstəqil ölkəyə çevrildik. Biz sübut etdik ki, bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Ermənistan isə demək olar ki, bütün bu imkanlardan məhrum olub və bu, əlbəttə, heç bir ölkəyə başucalığı gətirmir. Ona görə, bugünkü Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə ki, onların maraqları üçün işğala son qoyulmalıdır, məsələ o qədər tez həllini tapar, sülh bərpa olunar və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edər.

Biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcəkdir. Bildiyiniz kimi, baxmayaraq ki, indi maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu da təbiidir, ancaq ordumuzun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyət yoxdur. Mən hökumətə də bunu demişəm, bütün dövlət qurumları bunu bilir. İlk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silah, texnika alınır. Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır.

Mən bu gün sizi dəvət edərək bir il əvvəl baş vermiş hadisələrə bir daha öz qiymətimi vermək, ordumuzu uğurlar münasibətilə təbrik etmək istəyirəm. Sizə və Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıram. Sağ olun”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Məruzə edirəm ki, Sizin rəhbərliyiniz ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır, mənəvi–psixoloji durumu yüksək səviyyədədir. Xüsusi qeyd etmək istəyirəm ki, sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülmüşdür. Yeni, müasir, işıqlı hərbi şəhərciklər şəxsi heyətin istifadəsinə verilmişdir. Zabit və gizirlər həm xidməti, həm də daimi mənzillərlə - mindən çox mənzillə təmin olunmuşlar. Mən xüsusi qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla biz “Açıq qapı” günü keçirmişik. İcazə verin valideynlərin xahişini Sizə çatdırım. Onlar dərin minnətdarlıqlarını bildirirlər ki, hərbi qulluqçular üçün belə yüksək səviyyədə şərait yaradılıb və təminat yüksək səviyyədədir.

Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin şəxsi heyəti Sizin diqqət və qayğınızı daim hiss edir və buna görə Sizə dərin minnətdarlığını bildirir. Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməyə hazırdır və qadirdir. Sağ olun cənab Prezident”.

 

31 Mart - tarixin bir günü və ya bir günün tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Dövlət Pedaqoji Kollecində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixin bir günü və ya bir günün tarixi” mövzusunda tədbir keçirilib.

ADPU-dan Dalga tv-yə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları kollecin foyesində tələbələrin 31 Mart Soyqırımı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Dövlət himninin səsləndirilməsi və faciə qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Kollecin direktoru Qulu Novruzov ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verib. Qeyd olunub ki, mənfur qonşularımız tarixboyu “Böyük Ermənistan” xülyası ilə yaşayıb və hər zaman torpaqlarımıza göz dikiblər. Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın xalqımızın tarixinə qanlı hərflərlə yazılıb.

1918-ci il 31 mart soyqırımından bəhs edən Qulu Novruzov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, BDU-nun dosenti Boran Əziz və digər çıxış edənlər Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdikləri bu cinayətləri kəskin tənqid edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının vacibliyini vurğulayıblar.

Sonra tələbələrin ifasında bədii kompozisiyalar təqdim olunub.

İlham Əliyev əlillərlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sərəncamda göstərilən vəsaitdən 2017-ci il ərzində təyinatı üzrə istifadə olunmasını təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Rusiya XİN ötən ilin aprelində Dağlıq Qarabağda baş vermiş toqquşmaların ildönümü ilə bağlı bəyanat verəcək

Rusiya Xarici İşlər Nazirliyi ötən ilin aprelin 2-də Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanat hazırlayacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Tunisin “Qadınlar Davamlı İnkişaf Naminə” təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Afrikanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platformasının, Tunisin “Qadınlar Davamlı İnkişaf Naminə” təşkilatının rəhbəri Kamel Esseghairi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Mən Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə inanıram.  Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacib olduğunu, habelə ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm. Mən bu təşəbbüsün mövcud münaqişəyə böyük töhfə verə biləcəyinə inanıram. Bu səbəbdən məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün  bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Saytda Axtarış

Son xəbərlər