Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün630
DünənDünən4736
Bu həftəBu həftə5366
Bu ayBu ay34829
Bu günə qədərBu günə qədər8523721

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan prezidentinə Serbiyanın ali ordeni təqdim olunub

Azərbaycan prezidenti İlham Əliyev Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.

APA-nın məlumatına görə, səfir Neboyşa Rodiç Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın ali ordenini dövlət başçısına təqdim edib.

Əli Həsənov: "Cocuq Mərcanlının tikintisi, qayıdış prosesinin başlaması xalqımızda böyük ruh yüksəkliyi yaradıb"

“Keçən il 1-4 aprel döyüşləri və o döyüşlər nəticəsində əldə olunan qələbə Azərbaycanın müstəqillik dövründə ordumuzun ən uğurlu qələbəsidir”.

APA-nın məlumatına görə, bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.Ə. Həsənov deyib ki, bu qələbə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında əldə edilib: “Artıq qələbədən 1 il ötür. Biz adətən, hər il işğal altında olan rayonlarımızın işğal gününü qeyd edirik. İşğal gününü qeyd etməyimizin ideoloji mənası var, yəni dünya ictimaiyyətinə bir daha torpaqlarımızın işğal altında olduğunu çatdırırıq. Digər tərəfdən, insanlarımız bir sıxıntı keçirirdilər ki, işğal günü yığışırıq, qeyd edirik. Ancaq xoş məqamdır ki, bu gün işğal gününü qeyd etmirik, azad edilən bir kəndin ərazisindəyik. Bu kənddə yaşamaq üçün imkan yaranan kimi Azərbaycan prezidenti kəndin bərpası haqqında sərəncam verdi və burada sürətlə tikinti işlərinə başlandı. İlkin olaraq 50 ev, bir məktəb tikilir. Eyni zamanda Cocuq Mərcanlıda Şuşa məscidinin analoqu olan bir məscidin də tikintisi başlanıb”.

Baş nazirin müavini Cocuq Mərcanlıda aparılan tikintinin digər məcburi köçkün qəsəbələrin tikintisindən fərqli olduğunu qeyd edib: “Bütün qəsəbələr prezidentin ayırdığı vəsait və şəxsi nəzarəti altında tikilib. Ancaq geri qayıdışın ilk qaranquşu olan bu kəndin bərpası xüsusən prezidentin şəxsi nəzarəti altındadır. Mütəmadi olaraq, kəndə aparılan tikinti işləri ilə bağlı prezidenti məlumatlandırırıq. Bu kəndin tikintisi, qayıdış prosesinin başlaması ilə əlaqədar nəinki məcburi köçkünlərdə, ümumən xalqımızda böyük ruh yüksəkliyi var. Azərbaycanda hara gedirsən, Cocuq Mərcanlı deyirlər. Nəinki Azərbaycanda, artıq bütün dünyada Cocuq Mərcanlı ifadəsi işlədilir. Bu, Azərbaycan prezidentinin apardığı xarici, ideoloji siyasətin konkret nəticəsidir ki, azad olunmuş bir kəndin bərpası bütün dünyaya səs salıb”.

Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır"

"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır".

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda nəşr olunan “Novoye vremya” qəzetində dərc olunan məqaləsində qeyd edib.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş yazısında S. Lavrov bildirib ki, Rusiya digər həmsədr ölkələr olan Fransa və ABŞ-la birlikdə tərəflərə münaqişənin davamlı həllinə nail olmaq istiqamətində kömək edir: “Bu məsələnin həlli üçün ötən ilin yayında Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Rusiya prezidenti Vladimir  Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlərində və xarici işlər nazirləri arasında çoxsaylı təmaslar zamanı müzakirə olunur. Bir sıra razılıqlar əldə olunur. Bir neçə məsələ qalıb, lakin bu məsələlər ən çətinidir. İşin nəticəsi ilk növbədə tərəflərin siyasi iradəsindən, kompromisli qərara hazır olmasından və uyumluluq nümayiş etdirməsindən asılıdır”. 

Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü keçirilib.

Dalga tv-nin xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.  

Bu gün Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub.

Dalga tv xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qazaxıstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Qazaxıstan prezidenti Azərbaycana gəlib

Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib.

Dalga tv-nin məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan prezidentini hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün aprel döyüşlərində həlak olan pilotların anım günüdür

Bu gün qoşunların təmas xəttində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən həlak olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.

Dalga tv  Report-a istinadən xəbər verir ki, bu münasibətlə anım tədbirləri keçirilib.

Mərasimlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin zabit heyəti, şəhidlərin hərbçi yoldaşları, yaxınları, eləcə də yerli icra hakimiyyətlərinin rəhbər nümayəndələri iştirak ediblər.

T.Musazadə, Ü.Vəlizadə və B.İsmayılov ötən il aprel döyüşlərində şəhid olub. Hər üç pilot II Fəxri xiyabanda dəfn edilib.

Millət vəkilləri: “Aprel döyüşləri Azərbaycanın torpaqlarını itirməsiylə razılaşacağı barədə mifi puça çıxardı”

“Aprel döyüşləri bir dönüş nöqtəsidir”.

Bunu keçən ilin aprel ayında  cəbhədə baş verən gərginlik, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatının ildönümü ilə bağlı APA-ya açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev söyləyib.

R. Rzayev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı uzun müddətdir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların aparıldığını xatırladıb: “Təəssüflər olsun ki, hələlik Minsk Qrupunun həmsədrlərinin kifayət qədər beynəlxalq hüquqa söykənən ədalətli mövqelərini görə bilmirik, ikili standartlarla üzləşirik. Bu mənada aprel döyüşlərindən sonra Minsk Qrupu çərçivəsində bir sıra dönüşlər baş verdi, Azərbaycan prezidenti  İlham Əliyev görüşlər keçirdi. Bəzi konfidensial məsələlərdən məlumatımız olmasa da, bu dönüşü hiss edirik”.

Millət vəkili aprel döyüşlərinin Azərbaycan ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoyduğunu da vurğulayıb: “Ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu ortaya qoydu. Azərbaycan xalqımızın bu mövqeyi dünya ictimaiyyətinə də aydın oldu. Aprel döyüşləri Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxardı. Aprel döyüşlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Silahlı Qüvvələrimizin tam nəzarətinə keçdi. İnsanların böyük həvəslə tezliklə doğma kəndlərinə qayıtmaq arzusunu ortaya qoyması, dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı müvafiq sərəncamı da xüsusi qeyd etmək lazımdır.  İnsanların hamısı öz kəndlərinə qayıtmaq, həyatlarını məhz bu kənddə davam etdirmək istəyir. Artıq kənddə yaşayış evləri tikilir, müvafiq infrastruktur yaradılır. Bu göstərdi ki, digər torpaqlarımız da işğaldan azad edilən zaman insanlar məhz öz torpaqlarına qayıdacaqlar. Bu, çox mühüm amildir”.

R. Rzayev aprel hadisələrinin xalqın Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, birliyin olduğunu ortaya qoyduğunu nəzərə çatdırıb: “Bu, dünyaya, Minsk Qrupunun həmsədrlərinə də bir mesaj oldu. Bu döyüşlərdə şəhidlərimiz oldu, onlara Allahdan rəhmət diləyirəm. Bizim hər birimiz torpaqlarımızın azadlığı uğrunda canımızdan keçməyə hazır olmalıyıq”.

Millət vəkili ötən gün dövlət başçısının  aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçi ilə görüşünü və bu görüşdə verilən mesajları da yüksək qiymətləndirib: “Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazisində antiterror əməliyyatı keçirməyə və separatçı, işğalçı qüvvələri öz torpaqlarından çıxarmağa tam hüququ var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən işlər sayəsində bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü, qüdrətli ordusuna çevrilib. Dövlət başçısı hərbiçilərlə görüşündə bildirdi ki, keçən ilin aprelində Azərbaycan ordusu imkanlarının çox az bir qismindən istifadə edib. Apreldə qazanılan qələbə Azərbaycanın danışıqlar prosesində mövqeyini gücləndirib, yeni imkanlar yaradıb. Aprel hadisələri işğalçı Ermənistan ordusu məhz dinc əhalini hədəf alması ilə başladı. Aprel döyüşlərindən sonra dövlət başçısı cəbhəyanı bölgədə zərər çəkən əhali ilə görüşdü, dövlət vəsaiti hesabına dağıntıya məruz qalmış evlərin bərpasına başlandı. Eyni zamanda döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitləri təltif etdi. Hərbçilərlə görüş də göstərdi ki, Ali Baş Komandan hər zaman əsgər və zabitlərimizin yanındadır. Bu gün aparılan siyasətin əsas prioritet də məhz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır”.

Politoloq, millət vəkili Rasim Musabəyov APA-ya açıqlamasında deyib ki, aprel döyüşləri status-kvonun əbədi olacağı barədə baxışın puç olduğunu üzə çıxarıb: “Məlum oldu ki, hərbi əməliyyatlar istənilən an bərpa oluna bilər. Digər tərəfdən, aprel döyüşlərinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi  hər zaman lovğalanaraq bəyanatlar verirdilər ki,  Ermənistanın hərbi üstünlüyə malikdir, Azərbaycanın öz torpaqlarını azad edə bilməz, hətta istəsələr, Kürə qədər irəliləyə bilərlər. Aprel döyüşləri Ermənistanın lovğalığını bitirdi, əksinə, konkret məğlubiyyətlə üzləşdilər. Müdafiə xəttinin yarılması, vacib strateji yüksəkliklərin azad edilməsi, nəhayət, Ermənistanın hərbi rəhbərliyinin istefaya göndərilməsi bunun təsdiqidir. Beləliklə, aprel döyüşlərində Azərbaycan ordusunun üstünlüyünü, kimlərinsə mövcud vəziyyəti, status-kvonu əbədi qoruyub saxlamaq iddialarının reallıqdan uzaq olduğunu nümayiş etdirdi”.

R. Musabəyov ötən gün hərbçilərlə keçirilən görüşdə dövlət başçısının bir daha Azərbaycanın mövqeyini ortaya qoyduğunu qeyd edib: “Azərbaycanın mövqeyi əslində hər zaman dəyişməz olub. İşğal edilən torpaqlar Azərbaycan əraziləridir və Azərbaycan öz torpaqlarını heç vaxt heç kimə güzəştə getməyəcək. Bunu gözləyənlər varsa, onlar yanılırlar. Dövlət başçısı da bir daha bəyan etdi ki, Azərbaycan mövqeyindən geri çəkilməyəcək. Əsas mesaj da budur. Eyni zamanda Ali Baş Komandan Ermənistana xəbərdarlıq etdi ki, həddini bir daha aşmasın. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın keçən ilin aprelində ordusunun imkanının az bir qismindən istifadə edib, ordumuzun bir daha Ermənistanın ağlını başına gətirmək üçün daha böyük imkanları var. Bu, həm də Ermənistanın son dövrlərdəki həyasızlığına bir cavabdır. Ancaq təbii ki, biz müharibə istəmirik, torpaqlarımızın danışıqlar yolu ilə qaytarılmasını arzulayırıq. Mahiyyətcə, danışıqların başlanılması dövlət başçısı tərəfindən dəstəklənib. Azərbaycan substansiv, yəni mahiyyət üzrə danışıqların bərpa olunmasına da hazırdır. Azərbaycan prezidenti hərbçilərlə görüşdə də bunu bir daha vurğuladı”.

Ermənistan silahlı bölmələri Qazax və Tovuzdakı mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində  sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, XocavəndFüzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Kəlbəcərsiz 24 il...

58 min rayon sakini ata-baba torpağından didərgin salınıb.

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 24 il keçir.

Dalga tv xəbər verir ki, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb.

İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.

Ermənilərin aprel vandalizmi FOTOLARDA

Aprel döyüşlərinin baş verməsindən bir il ötür. Azərbaycan tarixinə şanlı qələbə kimi düşən aprel döyüşləri, həm də erməni vandalizmini bir daha dünyaya nümayiş etdirdi.

Ötən ilin aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artileriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəyib və ya onlar dağıdılaraq tam yararsız hala salınıb.

Ağdamda hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir. Tam yandırılan evlərin sayı - 5, tam dağıdılan evlərin sayı - 30, atəş zərbəsindən zərər çəkən evlərin sayı - 37-dir. Bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəsi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.

Dalga tv azvision.az-a istinadən xəbər verir ki, Tərtərdə ermənilərin təxribatı nəticəsində 256 evə ziyan dəyib. Həmin evlərdən 22-si tamamilə dağıdılıb. Goranboy rayonunda ötən il aprelin 2-dən 5-dək ermənilərin cəbhə boyu kəndləri atəşə tutması nəticəsində təkcə Tapqaraqoyunlu kəndində 50 ev ziyan çəkib.

Bundan başqa Ağdam, Tərtər və Ağcabədi rayonlarında məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən mülki şəxslərə dəyən zərər aradan qaldırılıb. Evləri qismən zərərçəkən sakinlərə təmir üçün müəyyən materiallar verilib. Dağılmış evlər yenidən bərpa olunub. Prezidentin tapşırığı ilə ayrılmış vəsait hesabına 120 ailəyə dəymiş ziyana görə maddi təminat ödənilib. 

Azərbaycan İstanbulda keçiriləcək XX Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

Aprelin 4-6-da İstanbulda XX Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.

“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantıda 42 ölkədən 200-dən çox dövlət rəsmisi, 4 ölkə başçısı, 10 sabiq prezident, nazirlər, millət vəkilləri, siyasətçilər, elm və din adamları iştirak edəcək.

Vəqfin sədri Akkan Suver “Report”a bildirib ki, builki zirvə “İnsanlıq bir yol ayrımında” başlığı altında keçiriləcək və dünya gündəmini zəbt edən əsas məsələlər müzakirə olunacaq: “Azərbaycan yenə də bu iqtisadi zirvənin əsas qonağıdır. Zirvə çərçivəsində enerji məsələlərini, xüsusilə TANAP, TAP və “Şahdəniz-2” layihələri diqqət mərkəzində saxlayacayıq. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da geniş məruzəsi olacaq”.

Zirvədə Azərbaycan geniş rəsmi nümayəndə heyəti ilə təmsil olunacaq. Azərbaycanın energetika naziri Natiq ƏliyevDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı toplantıda çıxışlar edəcək, dövlət rəsmiləri və nazirlərlə ikitərəfli görüşlər keçirəcəklər.

Zirvədə Türkiyənin eks-prezidenti Abdullah Gül də iştirak edəcək.

Aprel döyüşləri: Qarabağın işğaldan azad olunmasının başlanğıcı

 

Bakı. 1 aprel. Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları beynəlxalq güclərin dəstəyi ilə Ermənistanın işğalı altındadır. Ötənilki aprel döyüşləri Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu işğalçıya və havadarlarına bir daha göstərdi.

Xalqımız və ölkəmizin dostu olan dövlətlər rəsmi Bakının öz torpaqlarını işğaldan azad etmək üçün atdığı addımları tam müdafiə etdi. Siyasi partiyaların, ictimai təşkilatların, gənclərin, ictimaiyyətin geniş təbəqələrinin eyni mövqedən çıxış etməsi və hərbi əməliyyatları dəstəkləməsi, ölkənin hər yerində və müttəfiq dövlətlərdə Azərbaycan ordusuna dəstək üçün keçirilən aksiyalar bunu deməyə tam əsas verir.

Bəs cəbhədə nə baş vermişdi? Azərbaycan Müdafiə Nazirliyi həmin günlərdə bildirmişdi ki, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib.

Azərbaycan XİN-in bəyanatında Ermənistanın üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu, mülki əhali və obyektləri artilleriya atəşinə tutması xüsusi qeyd olunmuşdu. 

Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötənilki döyüşlərə belə qiymət verib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”.

Dövlət başçısı deyib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi: “Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır: “Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir”.

Amma Azərbaycanın 20 ildən çoxdur üzləşdiyi ikili standartlar aprel döyüşlərinə münasibətdə də özünü göstərdi. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün rəsmi Bakı ilə Yerevan arasında vasitəçilik edən, lakin heç bir irəliləyişə nail olmayan ATƏT-in Minsk qrupunun həmsədrləri belə Azərbaycana təzyiq etməkdən çəkinmədi. Məsələ ondadır ki, hətta döyüşlər getdiyi dövrdə belə vasitəçilər Ermənistanı öz işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmağa çağırmadılar. Verilən bəyanatlarda işğalçı ilə işğala məruz qalan eyniləşdirilir, "tərəflər" adlandırılaraq döyüş əməliyyatlarını dayandırmağa çağırılırdı. 

Həmin günlərdə Rusiya prezidenti Vladimir Putinin qoşunların təmas xəttində hərbi əməliyyatların başlanmasından "dərin narahatlıq keçirdiyi" barədə xəbərlər yayılmışdı. Onun mətbuat katibi Dmitri Peskov isə bildirmişdi ki, Rusiya prezidenti "münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə" çağırıb.

ATƏT atəşkəsin geniş miqyasda pozulması halları ilə əlaqədar "ciddi naratlığını" bildirmişdi. Təşkilatın Minsk qrupunun o vaxtkı həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya, indi də bu vəzifədədir) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yaymışdı. Həmsədrlər tərəfləri atəşi dayandırmağa və cəbhə xəttində vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırmışdılar.

Onlar "münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını və müharibənin çıxış yolu olmadığını" vurğulamışdılar. 

ATƏT-in o vaxtkı sədri, Almaniyanın keçmiş xarici işlər naziri, hazırki prezident Frank-Valter Ştaynmayer münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırmışdı. 

ABŞ-ın o vaxtkı dövlət katibi Con Kerri yaydığı bəyanatda tərəfləri "atəşkəs rejiminə riayət etməyə və təmkinli olmağa, gərginliyin artmasına yol verməməyə" dəvət etmişdi.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu aprel döyüşlərindəki uğurları ilə sübut etdi və bunu hamıya göstərdi. Beynəlxalq vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə səy göstərməkdənsə, atəşkəsə, problemin sülh yolu ilə həllinə çalışdıqlarını bəyan edirlər.

Bu danışıqlar və müzakirələr nəticəsində indiyədək Azərbaycanın bir millimetr torpağı belə işğaldan azad edilməyib. Aprel döyüşləri isə işğalçının hərbi yolla da torpaqlardan çıxarmağın mümkünlüyünü sübut etdi.

Aprel döyüşləri Ermənistan ordusunun arxasında duran gücləri də göstərdi. Bu, həm də Azərbaycan torpaqlarını işğal edənləri və bu vəziyyətin qalmasında maraqlı olanları ifşa etdi.

Həmin hadisələr Ermənistan Silahlı Qüvvələrinin də iç üzünü açdı. Ölkənin müdafiə naziri Seyran Ohanyan və başqa hərbi vəzifəlilər yarıtmaz fəaliyyətlərinə görə işdən azad edildilər. Məlum oldu ki, ohanyanlar isə havadarlarının əlində “günah keçisi”dir.

Yeri gəlmişkən, aprelin 2-də Ermənistan parlamentinə seçkilər keçiriləcək. S.Ohanyan da deputatlığa namizəddir və təbliğat kampaniyasında 8 il təmsil olunduğu hakimiyyəti tənqid edir.

Aprel döyüşlərindən sonra Rusiya Ermənistana “İsgəndər” əməliyyat-taktiki raket kompleksi verdi. Bu günlərdə isə Ermənistan prezidenti Serj Sarqsyan həmin silahla Azərbaycanı hədələdi. Ölkə parlamenti sədrinin müavini isə “Dağlıq Qarabağı Azərbaycandan qorumaq üçün” bu raketdən istifadəni əsirgəməyəcəklərini bildirib.

Rusiya Ermənistandakı mövqeyini qorumaq üçün ötən bir il ərzində çox çalışdı. “Qazprom Ermənistan” başçısını belə Ermənistanın baş naziri etdirdi.

Moskva rəsmi Bakı ilə də danışıqları davam etdirməklə Ermənistanla Azərbaycana elə ciddi fərq qoymadığını sübut, yaxud nümayiş etdirməyə çalışsa da, deyəsən buna nail ola bilmədi. Çünki “İsgəndər”in Ermənistana verilməsi və Sarqsyanın hədəsi qarşılığında münasibət bildirməməsi bunu deməyə əsas verir.

Beləliklə, hazırkı vəziyyət deməyə əsas verir ki, münaqişənin dinc yolla tənzimlənməsinə ümid yoxdur. Avropa və Mərkəzi Asiya üzrə Böhran Qrupunun proqram rəhbəri Maqdalena Qrono da bunu vurğulayıb: “Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə heç bir ümid qalmayıb”.

Aprel döyüşləri aşağıdakıları da sübut etdi:

- Beynəlxalq vasitəçilər işğalçını Azərbaycan torpaqlarından ya çıxmağa məcbur edə bilmir, ya da bunu istəmirlər;

- Beynəlxalq vasitəçilər məsələ ilə bağlı verdikləri bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dilə gətirmirlər;

- Azərbaycan torpaqlarının işğal altında saxlanılmasında Ermənistana yardım edən güclər özünü gizlədə bilmədi;

- Torpaqların danışıqlar yolu ilə yaxın zamanda azad olunmayacağı təsdiqləndi;

- Ermənistan ordusunun döyüş qabiliyyətinin, təchizatı və nizam-intizamının aşağı səviyyədə olduğu üzə çıxdı;

- Ermənistanın baş sponsorunun bir dövlətdən ibarət olmadığını və s.bir daha təsdiqləndi.

Ona görə də belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan torpaqları işğaldan azad olunmayanadək aprel döyüşlərinin təkrarlanması qaçılmazdır. Başqa sözlə, aprel döyüşlərindən yeni döyüşlər doğar.

Saytda Axtarış

Son xəbərlər