Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2188
DünənDünən3331
Bu həftəBu həftə11620
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468219

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İran Ermənistan və Azərbaycanı danışıqlara çağırıb

altİran Ermənistan və Azərbaycanı razılaşmanın əldə edilməsi üçün danışıqlara çağırır.

Dalgatv APA-ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxam çıxış edib.

M. Əfxam qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin güc yolu ilə həlli yoxdur.

Toqquşmalar zamanı itkilərin olmasından təəssüfləndiyini deyən diplomat tərəfləri təmkinli olmağa çağırıb.

Gürcüstanın xarici işlər naziri və prezidentin müşavirləri azərbaycanlıların və ermənilərin yaşadığı bölgələrdən olan jurnalistlərlə görüşüb

altGürcüstanın xarici işlər naziri Maya Pancikidze Kvemo-Kartli və Samsxe-Cavaxeti bölgələrində fəaliyyət göstərən gürcü, azərbaycanlı və erməni jurnalistlərlə görüş keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə əsas mövzu Gürcüstanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalaması və avrointeqrasiya olub. M. Pancikidze bildirib ki, Gürcüstanın yolu Avropa yoludur. O, çıxışından sonra jurnalistlərin suallarını cavablandırıb.

Nazir Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində heç bir problem olmadığını, bu layihənin Gürcüstan və bölgə üçün ən prioritet layihələrdən biri olduğunu deyib: “Düşünürəm ki, dəmir yolu 2015-ci ildə təhvil veriləcək”.

M. Pancikidze Ukraynada baş verən hadisələrin Gürcüstana təhlükə törətməyəcəyini söyləyib. Onun sözlərinə görə, Gürcüstanda əhali və dövlət Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasını tam dəstəkləyir, bu səbəblə ölkədə Ukrayna variantının baş verməsi gözlənilmir.

Sonra Gürcüstan prezidentinin iqamətgahında prezidentin milli azlıqlar üzrə məsləhətçisi Sofiya Şamadini jurnalistləri qəbul edib. O, ümid etdiyini bildirib ki, jurnalistlərin assosiasiya sazişi və avrointeqrasiya prosesləri barədə lazımi məlumatları var və onlar regionlarda əhalini məlumatlandıracaqlar. Tədbirdə çıxış edən prezidentin xarici əlaqələr üzrə müşaviri İvane Maçavariani assosiasiya sazişinin Gürcüstan üçün vacib bir sənəd olduğunu və bu sənədin imzalanmasına çox qısa vaxt qaldığını vurğulayıb: “Gürcüstanın gələcəyi Avropa ilə bağlıdır. Biz Avropa Birliyi ilə assosiasiya sazişini imzalamağa doğru gedirik. Saziş ticarət və iqtisadiyyatın modernləşməsinə kömək edəcək, infrastruktur yaxşılaşacaq. AB ilə əməkdaşlıq və yaxınlaşmaq Gürcüstan üçün yeni mərhələdir. Sazişdən sonra Gürcüstanda regionlar inkişaf edəcək, əhali Avropa standartlarının necə olduğunu hiss edəcək və bu standartlarla yaşayacaq. Sonda Gürcüstan əraziləri işğaldan azad olacaq”.

Qeyd edək ki, görüşlər Gürcüstanda fəaliyyət göstərən “Çoxmillətli Gürcüstan” adlı qurumun təşkilatçılığı ilə keçirilib.

"Həmsədrə hücumu Ermənistan rəhbərliyi təşkil edib”

alt“Hər dəfə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunur, yığılır, amma hələ ki nəticə yoxdur. Ancaq Ermənistan tərəfi bilməlidir ki, vaxt gələcək, bütün sənədlər öz təsirini göstərəcək”.

Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə birgə keçirilən mətbuat konfransında deyib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, Ə.Həsənov qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərin ölkə ərazisinə hərəkəti tam sərbəstdir və heç bir məhdudiyyət yoxdur: “Çaloka Beyanı ilə qarşılıqlı etimad məsələsi müzakirə olunub. Azərbaycanın qarşılıqlı etimad problemi heç zaman olmayıb və olmayacaq. Ermənilərlə 200 il birlikdə yaşamışıq. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra əvvəlki qaydada ermənilərlə həmin yerlərdə birgəyaşayış davam edəcək. Əgər qarşılıqlı etimad pozulacaqsa, bu, yalnız ermənilər tərəfindən baş verə bilər. Azərbaycan tərəfindən heç zaman belə hal olmayıb və olmayacaq da”.

Ə.Həsənov xatırladıb ki, bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər zamanı Laçına gedərkən orada Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə qarşı hücum təşkil edilib: “Mən nəyə görə deyirəm ki, Ermənistan rəhbərliyi? Çünki bu başqa cür də mümkün deyil. Bu pozuntular həmişə Ermənistan tərəfindən olub və bu gün də var. Bunu da beynəlxalq aləm və dövlətlər gördü”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağın bir qarışını da Ermənistana güzəştə getməyəcək. Onun sözlərinə görə, bu, Azərbaycan prezidenti, hökuməti və xalqının birmənalı, dönməz mövqeyidir: “Ermənilər nə qədər bunu tez başa düşsələr, düz yola, konstruktiv yola gəlsələr, daha yaxşıdır. Hələ ki, itirən onlardır. Bu problem öz həllini tapacaq. Ermənilər son anda görəcəklər ki, uduzan özləridir”.

Azərbaycan və Rusiya müdafiə nazirləri görüşüblər

alt

Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri görüşüblər.

Dalgatv-nin Trend-ə istinadən verdiyi məlumata görə, Moskva şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfrans çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib.

Görüşdə ölkələr arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Obama İlham Əliyevə məktub göndərdi

alt

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, B. Obama təbrik məktubunda prezident İlham Əliyevi və Azərbaycan xalqını “Respublika Günü” münasibəti ilə təbrik edib: “1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlətin, Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması münasibəti ilə əlamətdar bayramı qeyd edən Azərbaycan xalqına biz də qoşuluruq. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində güclü əməkdaşlıq mövcuddur və biz Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasında iştirakını yüksək qiymətləndiririk”.

B. Obama məktubunda Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyətə də toxunub: “Biz Azərbaycanın insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün Azərbaycana kömək etməyə hazırıq. Bu hamımızın arzuladığı daha güclü sabiq və müstəqil Azərbaycana əhəmiyyətli töhfə verəcək”.

Yerevanda Putinə qarşı aksiya

altYerevanda nümayiş iştirakçıları Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin persona non grata elan olunmasını tələb edib və rəsmi Moskvanın siyasətinə etiraz bildiriblər.

Bazar günü bir qrup Ermənistan vətəndaşı “Putinizmə Yox!”, “Azad, müstəqil Ermənistan” şüarları ilə Yerevanın Azadlıq meydanından Rusiya səfirliyi qarşısına yürüş təşkil ediblər.

Nümayiş iştirakçıları əllərində Ermənistan, Avropa İttifaqı bayraqlarını, siyasi məhbus hesab etdikləri Volodya Avetisyanın və Şant Harutyunyanın şəkillərini tutub və “Eşq olsun Ukraynaya!” şüarları səsləndiriblər.

Fəallar bu aksiya ilə Rusiyanın bir sıra iri şəhərlərində “demokratik qüvvələrin Putinizmə qarşı” etiraz aksiyalarına qatıldıqlarını bildiriblər.

Aksiyanın təşkilatçıları “Kremlin Ermənistanı Gömrük İttifaqına birləşməyə məcbur etməsinə, işğalçılıq siyasətinə” və Rusiya səfiri Ivan Volınkinin “Ermənistan Respublikasının suverenliyinə hörmətsizlik” göstərməsinə qarşı etiraz ediblər.

Onlar Rusiya diplomatını Ermənistanda persona non grata (arzuolunmaz şəxs) elan etməyi tələb ediblər.

Dalgatv-nin  BBC Azərbaycanca-ya istinadən verdiyi xəbərə görə, səfir Volınkin Rusiyada dərc olunan “Noyev kovçeq” qəzetinə müsahibəsində Rusiyanın Ermənistan informasiya məkanında “daha fəal iştirak etməsinin” labüdlüyünü bildirib və iki ölkə arasında münasibətləri “korlamaq istəyən QHT-lərin neytrallaşdırılması ilə daha fəal məşğul olmağa” çağırıb.

Səfirin bu sözləri bir sıra yerli ictimai təşkilatları tərəfindən Ermənistanın daxili işlərinə müdaxilə və suverenliyinə qəsd kimi qiymətləndirilib.

Aksiyada iştirak edən sovet dissidenti, Milli Müqəddərat Birliyi Partiyasının sədri Paruyr Hayrikyan qeyd edib ki, “aksiyanı anti-Rusiya hesab etmək düzgün deyil”.

“Bura toplaşanlar bu gün Putinizmə qarşi yürüşlər təşkil edən dünya demokratik qüvvələrinin bir hissəsidir... Putin hamı, o cümlədən rus xalqı üçün tiran və bəladır”, - Hayrikyan deyib.

Nümayişçilərlə onları Rusiya səfirliyinin yaxınlığına buraxmayan polis arasında qarşıdurmanın iki daha fəal iştirakçısı tutulub polis şöbəsinə aparılıb, nümayiş başa çatdıqdan sonra buraxılıblar.

Türkiyə xarici işlər naziri Azərbaycana gələcək

alt“Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ayın sonunda Azərbaycana gələcək”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun söyləyib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, səfir bildirib ki, bu il Türkiyə parlamentinin sədrinin də Azərbaycana səfəri gözlənilir.

“Bu il Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının da toplantısı keçiriləcək”, - deyə diplomat vurğulayıb.

Elçin Quliyev Gürcüstan daxili işlər naziri ilə görüşüb

altAzərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzeni qəbul edib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntəqələrində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

Prezident Gürcüstan DİN rəhbərini qəbul edib

altAzərbaycan prezidenti İlham Əliyev Gürcüstan daxili işlər naziri Aleksandr Çikaidzeni qəbul edib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə İlham Əliyevin bu yaxınlarda Gürcüstana səfəri məmnunluqla xatırlanıb, ölkələr arasında strateji əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən daxili işlər orqanları arasında daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı silsilə tədbirlərə Azərbaycan səfirliyində yekun vurulmuşdur

altXalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gürcüstanda keçirilən silsilə tədbirlərə Azərbaycan səfirliyində təşkil olunmuş geniş mərasimlə yekun vurulmuşdur. 
Bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, Gürcüstan parlamentinin, Azərbaycan və gürcü ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri Ulu Öndərin mənalı ömür yolundan danışılmışdır.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlham Talıbov geniş məruzə ilə çıxış etmişdir. Natiq Ulu Öndərin güclü dövlət, güclü iqtisadiyyat, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərə əsaslanaraq qüdrətli dövlət qurulması kimi ideyalarının bu gün uğurla davam etdirildiyini, qlobal layihələrin gerçəkləşdirilməsi ilə Azərbaycanın dünya birliyinin diqqət mərkəzində olduğunu, Azərbaycan-Gürcüstan münasibətlərinin daha da dərinləşdirilməsi və s. kimi məqamları diqqətə çatdırmışdır. O demişdir ki, Heydər Əliyev həyatını xalqa sədaqətlə xidmət işinə həsr etmiş, daim xalqa arxalanmışdır.
Azərbaycanın bölgədə və dünyada çiçəklənən bir dövlətə çevrilməsində Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyasının mühüm rol oynadığı və Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində uğurların daha da artdığı qeyd edilmişdir.
Gürcüstan parlamentinin deputatları Demur Başaleişvili, Mahir Dərziyev, Azər Süleymanov, yazıçı Quri Otibaia və başqaları ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa etdiyini və Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bu müstəqilliyin əbədi və dönməz olmasının tam əsasının qoyulduğunu vurğulamışlar.
“Qruziya onlayn” informasiya agentliyinin baş redaktoru, müstəqil ekspert Qoça Qvaramia AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, öz xalqına, Vətəninə misilsiz xidməti sədaqət nümunəsinə çevrilmiş Heydər Əliyev kimi müdrik insanın yubiley tədbirlərində iştirak etməkdən qürur hissi keçirirəm. Məhz o böyük şəxsiyyətin bu keyfiyyətləri onu Ümummilli Lider zirvəsinə yüksəltmişdir. O bildirmişdir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bölgənin lider dövlətinə çevrilmiş transmilli layihələri reallaşdırmışdır.
Sonda “Dostluğa çağırış” filmi nümayiş etdirilmişdir.

 

Gürcüstanın daxili işlər naziri Azərbaycana gəlir

altGürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, nazir səfər zamanı ölkə rəhbərliyi, o cümlədən azərbaycanlı həmkarı, fövqəladə hallar naziri və Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüşlər keçirəcək.

Görüşlər zamanı qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq, Gürcüstanda son zamanlar DİN-də aparılmış islahatlara toxunulacaq.

DİN rəhbərinin Azərbaycana səfəri mayın 16-da başa çatacaq.

Saytda Axtarış

Son xəbərlər