Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2236
DünənDünən3331
Bu həftəBu həftə11668
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468267

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Putin Ukraynaya gedir

altRusiya prezidenti Vladimir Putin avqustun 14-də Ukraynanın tabeliyində olan, ancaq sonradan referendum vasitəsilə Rusiyaya birləşdirilən Krıma işgüzar səfər edəcək. 
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vladimir Putin cümə axşamı Krıma baş çəkəcək və Dövlət Dumasının deputatları qarşısında çıxış edəcək. Dövlət Dumasının bütün fraksiyaları görüşdə iştirak edəcək", - deyə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Peskov əlavə edib.
Peskov vurğulayıb ki, Vladimir Putin görüşünü Yaltada keçirəcək.
Prezidentin həmçinin Sevastopolda da görüşlər keçirəcəyi gözlənilir. 

İlham Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət edib

alt“Son on il ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab baş nazir, əziz qardaşım. Türkiyənin tarixində ilk dəfə ümumxalq səsverməsi yolu ilə keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu seçkilər qardaş Türkiyənin tarixində yeni mərhələnin başlanğıcı olacaq. Birbaşa səsvermənin nəticəsi xalqın Sizə olan böyük inam və etimadının aşkar təzahürü, qardaş Türkiyənin hərtərəfli inkişafı və çiçəklənməsi yolunda həyata keçirdiyiniz uğurlu siyasətə və əvəzsiz xidmətlərinizə verilən yüksək qiymətdir. Cəmiyyətin demokratik inkişafı yolunda tarixi hadisə olan, açıq, sərbəst və şəffaf şəraitdə keçirilən bu seçkilər, eyni zamanda, qardaş Türkiyə xalqının iradəsinin bariz ifadəsidir. Bu qələbəniz həmçinin Türkiyənin qələbəsidir. Məmnunluqla qeyd etmək istəyirəm ki, son on il ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri isə bu müddət ərzində möhtəşəm yol keçərək möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Uğurlu ikitərəfli və çoxtərəfli əməkdaşlığımız, birgə səylərimizlə həyata keçirdiyimiz nəhəng layihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yol xətti və yenicə başladığımız TANAP və digərləri ölkələrimizin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırır, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edir. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da davam edəcək və inkişaf edəcək.

Əziz qardaşım, fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın isə əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm”.

"Soçi görüşü iki ölkə arasında müsbət addımdır"

altAvropa Şurasının baş katibi Tyorbyorn Yaqland Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilmiş üçtərəfli görüşü ilə bağlı bəyanat verib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, T. Yaqland tərəfləri gərginliyi azaltmağa çağırıb.

Baş katibi bildirib ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentlərdən sonra keçirilən görüş iki ölkə arasında dialoqun bərpası baxımından müsbət addımdır: “Mən hər iki tərəfi son günlər xeyli itkilərə səbəb olmuş zorakılıqlara son qoymaq üçün bütün mümkün cəhdləri göstərməyə çağırıram. Mən bu qurbanlardan dərin üzüntümü dilə gətirirəm. Bütün avropalıların yaşamaq hüququnu müdafiə edən Avropa İnsan Haqları Məhkəməsinin üzvü olan ölkələr arasında zorakılıq olmamalıdır”.

"Türkiyə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək"

alt"Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsindən sonra Ankara Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək"

Dalgatv-nin  Trend-ə istinadən verdiiyi xəbərə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Məzhər Bağlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə üçün mühüm ölkələrdən biridir.

O deyib: "Türkiyə daim Azərbaycanın problemlərini özününkü kimi qəbul edir, onun uğurlarını da öz uğuru hesab edir".

M.Bağlının sözlərinə görə, bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət ayırdığını qeyd edib.

Qeyd edək ki, Türkiyədə seçki qutularının 98 faizindən çoxu açılıb. Bu barədə Türkiyənin Ali Seçki Şurasının (MSK) məlumatında deyilir.

İlkin məlumatlara görə, Türkiyədə avqustun 10-da keçirilən prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğan liderlik edir. O, seçicilərin 51,85 faizinin səsini toplayıb.

İkinci yerdə 38,48 faiz səslə Ekmeleddin İhsanoğlu, üçüncü yerdə isə səslərin 9,72 faizini toplayan Səlahəddin Temirdaş gəlir.

Türkiyədə prezident seçkilərində seçicilərin 75 faizi iştirak edib. Türkiyənin fəaliyyətdə olan Prezidenti Abdullah Gülün səlahiyyətləri avqustun 28-də başa çatır.

Ərdoğan rəsmən prezidentdir

altTürkiyənin 12-ci prezidentinin kimliyinə aydınlıq gəlib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən hazırkı baş nazir Rəcəb tayyib Ərdoğan 52,06 faiz səs toplayıb. Ərdoğanın əsas rəqibi Ekməllədin İhsanoğlu 38,27 faiz yığıb. Selahattin Demirtaş isə 9.68 faiz nəticə göstəreə bilib.

Son məlumatlara görə, Ərdoğana 20 milyon seçici səs verib.

“Erməni qoşunu çıxmalıdır“ - İlham Əliyev

alt

"Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır"
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə 3 ölkənin (Rusiya, Azərbaycan və Ermənistan) prezidentləri ilə görüşündə deyib.

"Bu münaqişə çox uzandı, inanıram ki, Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni təkan veriləcək. Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamı qəbul edib. Orada dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüf olsun ki, artıq 20 il keçib, ancaq qətnamələr kağız üzərində qalıb".

Türkiyədə prezident seçkiləri sona çatıb

altBu gün yerli saatla 08:00-da başlayan 12-ci prezident seçkiləri 18:00-da başa çatıb.

2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.

Türkiyədə 53 milyon 17 min 214 seçici var. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.

Dalgatv Trend-ə istinadən xəbər verir ki, Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.

Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaşdır.

I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib

altBu gün Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın birgə görüşü keçirilib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, görüşün detalları barədə geniş məlumat açıqlanmayıb.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin hər iki prezidentə Rusiyada görüşdükləri üçün təşəkkürünü bildirib. O deyib ki, prezidentlərlə təkbətək və daha sonra qeyri-rəsmi görüşlərində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıb.

V. Putin qeyd edib ki, Dağlıq Qarabağ probleminin nizamlanması üzrə beynəlxalq formatı qəbul edirlər və bu format daxilində tərəfdaşlarla əməkdaşlığa davam edəcəklər. Amma o, belə bir formatda da müzakirə aparılmasını faydalı hesab etdiyini bildirib.

Azərbaycan prezidenti İlham Əliyev də görüşə görə təşəkkürünü bildirib və qeyd edib ki, V. Putinlə görüşdə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb: “Bu münaqişə həllini tapmalıdır. Dünən də qeyd etdiyimiz kimi, münaqişənin həlli xeyli uzandı. Ümid edirəm ki, Sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə təkan verəcək”.

Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli üçün danışıqlar formatı, hüquqi baza var: “BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazisindən erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çoxdur bu qətnamələr kağız üzərində qalıb”.

Prezident ATƏT-in Minsk qrupunun bu istiqamətdə işlədiyini, tərəflərin yaxınlaşdırmağa çalışdığını, lakin bunun o qədər də uğurlu alınmadığını qeyd edib: “Ona görə də düşünürəm ki, Rusiyanın yaxın dost, tərəfdaş və qonşu ölkə kimi bu nizamlanma prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli nizamlanmasına nail olacağıq”.

Ermənistan prezidenti Serj Sarkisyan da V. Putinə təşəkkür edərək, indiki mürəkkəb vəziyyətdə onun münaqişənin nizamlanmasına diqqət və vaxt ayırmasını yüksək qiymətləndiklərini bildirib.

S. Sarkisyan deyib ki, münaqişənin həlli mümkündür və problem kompromis, ATƏT-in Minsk qrupunun təklif etdiyi prinsiplər əsasında həll olunmalıdır.

Daha sonra çıxış edən V. Putin Azərbaycan və Ermənistan prezidentinin münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyi barədə dediklərinə diqqət çəkərək, bundan məmnuniyyət duyduğunu dilə gətirib.

“Həqiqətən də əsas məsələ budur. İnsanların ölməsindən böyük faciə ola bilməz. Qeyd etmək lazımdır bu münaqişə bizə Sovet İttifaqından miras qalıb və biz problemin həllini tapmaq üçün səbr, müdriklik və qarşılıqlı hörmət nümayiş etdirməliyik.

Sözsüz ki, xoş niyyət varsa, istənilən mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Mən belə gəlir ki, həm Azərbaycan, həm də erməni xalqlarının belə niyyəti var”.

Sonra görüş mətbuat işçilərinin iştirakı olmadan davam etdirilib.

Rusiya hökuməti Ermənistanın Avrasiya İttifaqına üzvlüyünü təsdiqlədi

alt

Ötən gün Rusiya Nazirlər Kabinetinin iclasında Ermənistanın Avrasiya İttifaqına üzvlüyünü nəzərdə tutan müqavilə təsdiqlənib.

Modern.az rus mətbuatına istinadən xəbər verir ki, bundan sonra qərar imzalnması üçün prezident Vladimir Putinə təqdim olunacaq. Müqavilədə rəsmi Yerevanın iqtisadi birlikdə hansı status və çərçivədə üzv olacağı ilə bağlı əsas baza elementləri yer alıb.

Qeyd edək ki, iylun 17-də jurnalsitlərin suallarını cavablandıran Ermənistan baş naziri Ovik Abramyan “oktyabrın sonlarına qədər Avrasiya İttifaqına üzv olacayıq” –deyə ölkə ictimaiyyətinə vəd vermişdi. 2015-ci il yanvarın birindən Avrasiya İttifaqının vahid qaydalar sistemi faktiki fəaliyyətə başlayır.

Xatırladaq ki, Rusiya, Qazaxıstan və Belarusun daxil olduğu Avrasiya İqtisadi Birliyi bu il mayın 29-da Astana şəhərində imzalanmış müqavilə əsasında rəsmən élan olunub

Obama müdaxilə səlahiyyəti verib

altABŞ Prezidenti Barak Obama, ABŞ ordusuna "İraq Şam İslam Dövləti (İŞİD) təşkilatının, İraqın şimalındakı Amerikan personalını təhlükəyə qoyması vəziyyətində" hava hücumunun həyata keçirilməsi üçün səlahiyyət verib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İraq Şam İslam Dövləti (İŞİD) təşkilatının ən son hücumlarını qınayıb. Təhlükəsizlik Şurası, IŞİD-in son hücumlarından sonra keçirdiyi təcili yığıncaqda, İraqdakı son hadisələri qiymətləndirib.

15 ölkədən ibarət olan Təhlükəsizlik Şurasının üzvləri, İraqda xristianların yaşadığı şəhərlərin İŞİD-in nəzarətinə keçməsinin ardından, Fransanın etdiyi təcili çağırış ilə yığıncaq keçirmişdir.

“Həbsim barədə sanksiya Putinə hədiyyədir”

altGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsində həbs olunması barədə verilən sanksiyanı “müharibənin ildönümündə Putinə hədiyyə” kimi qiymətləndirib.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, sabiq prezident öz bəyanatında hakimiyyətin bu addımının cəmiyyətdə dərin qütbləşmə yaradacağını bildirib: “Mən fəxr edirəm ki, bu qədər axtarmaqlarına baxmayaraq, mənə qarşı əsaslı faktlar tapa bilməyiblər. Sabiq nazir İrakli Okruaşvilinin mənə qarşı ifadəsi var, onu saxtakarlıq və korrupsiyaya görə işdən qovmuşduq. Nino Burcanadze və Çaxalyanın ifadələri var, onları da başa düşmək olar”.

M. Saakaşvili əlavə edib ki, Tblisiyə gedib, həbsxanaya oturmağa vaxtı yoxdur: “Mənim buna vaxtım yoxdur, onların da bunu etməyə imkanı. Nə üçün biz imkan veririk ki, bütün dünyanın gözü qabağında bizi ələ salsınlar? Yəqin, indi Putin Kremldə rəqs edir, çünki mənim həbsim barədə sanksiyanı ona hədiyyə ediblər”.

Prezident Ağdama 5,2 milyon ayırdı- Sərəncam

alt

Prezident İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur ki, son illərdə Ağdam rayonunun işğal altında olmayan 91 min nəfərə qədər əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb. 6600-dən çox ailə üçün 17 yeni qəsəbə salınmış, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi, 11 klub icma mərkəzi inşa edilmiş, uzunluğu 260 kilometr olan elektrik, 117 kilometr olan içməli su xətləri, yeni yollar çəkilmiş, yaşayış məntəqələri qazlaşdırılib. Rayon mərkəzinin yerləşdiyi Quzanlı qəsəbəsində, Mərkəzi rayon və uşaq xəstəxanaları, doğum evi, Təcili Tibbi Yardım Stansiyası, Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər tikilib.

Sərəncama əsasən, Quzanlı qəsəbəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Prezident digər sərəncamı isə, Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzalayıb.

Sənəddə bildirilir ki, iyirmi bir min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan- Səfərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Saytda Axtarış

Son xəbərlər