Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2510
DünənDünən4879
Bu həftəBu həftə21689
Bu ayBu ay16862
Bu günə qədərBu günə qədər8505754

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

​Bəşşar Əsəd Moskvada səfərdə olub

Suriyadakı rejimin başçısı Bəşşar Əsəd ötən gecə Moskvada səfərdə olub.

"Dalğa TV" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmtiri Peskov bildirib .

Onun sözlərinə görə, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Bəşşar Əsəd arasında görüş keçirilib.

Görüşdə Rusiyanın Suriyada keçirdiyi əməliyyatların davam etdirilməsi müzakirə edilib.

D.Peskov deyib ki, danışıqlarda Rusiyanın yüksək vəzifəli rəhbərliyi iştirak edib: "Danışıqlar kifayət qədər uzun sürüb. Müzakirə edilən mövzu isə tam aydındır".

Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib

Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Dalğa TV"; xəbər verir ki, sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
Mədət Qəzənfər oğlu Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub.
O, 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.
Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb. 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax regional şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN-in Mütəşəkkil cinaytəkarlıqla mübarizə idarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin idarənin rəisi, 2002-2004-cü illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2010-cu illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli, 424 nömrəli Fərmanı ilə dövlətin ən ali mükafatı, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.
2011-ci ilin fevral ayında ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilib.
Evlidir, iki övladı var.

Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib

Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Prezidenti noyabrda Gürcüstana səfər edəcək

Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq gündən-günə daha çox inkişaf edir. Hər iki ölkə beynəlxalq arenada vahid mövqedən çıxış edir.

"Dalğa TV" Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə görüşdən sonra mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib: "Bizim iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri üzrə məhsuldar danışıqlarımız oldu. Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini tezliklə dünyaya, Mərkəzi Asiyaya və Çinə təqdim etməlidirlər".

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da Gürcüstana səfər edəcək: "Biz bu səfərə hazırlığı, eləcə də səfər zamanı imzalanacaq ikitərəfli sənədlərin layihələrini müzakirə etdik".

Öz növbəsində, G.Kvirikaşvili bildirib ki, Gürcüstan və Azərbaycan ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörməti təsdiq ediblər: "Hər iki ölkə əməkdaşlığı davam və inkişaf etdirmək, eləcə də enerji tranziti layihələrində vacib rol oynamaq niyyətindədir. Ölkələrimiz Avropa və Asiya arasında tranzit ölkəsi rolunu oynamaq üçün hər cür səy göstərəcək".

E.Məmmədyarov diqqətə çatdırıb ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə sahəsinin tikintisinin tezliklə başa çatdırılacağına ümid edir: "Bu layihə çox vacib nəqliyyat dəhlizidir və onun tezliklə reallaşdırılması məsələsini razılaşdırdıq".

G.Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan bu layihə çərçivəsində öz sahəsini inşa edib və ümid edir ki, cari ildə və ya gələn ilin sonuna dəmiryolun Türkiyə hissəsi də tikiləcək.

Elmar Məmmədyarov: “Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq gündən-günə gücləndirilir”

"Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq gündən-günə gücləndirilir".
"Dalğa TV"nin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir: "Biz görüşdə enerji və Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə bağlı müzakirə apardıq. Bu, önəmli nəqliyyat dəhlizidir. Azərbaycan prezidenti də deyib ki, Azərbaycanla Gürcüstan birlikdə bu dəhlizi dünyaya təqdim etməlidir. Artıq Gürcüstan ərazisində dəmiryol tikilib. Gözləyirik ki, Türkiyə tərəfi onu istifadəyə versin. Ümid edirik ki, Türkiyə bu ilin sonu və ya gələn ilin əvvəlinə kimi təhvil versin".

Giorgi Kvirikaşvili: Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Oktyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

"Dalğa TV" xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan ilə Gürcüstan arasındakı tarixi dostluq münasibətlərindən danışıb. O bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlıq yeni müstəvidə inkişaf edir. Milli Məclisin sədri əlaqələrimizin daha da möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət daşıdığını vurğulayıb. O, bu səfərin də əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.

Azərbaycana səfərindən məmnun olduğunu deyən Giorgi Kvirikaşvili dost ölkələrimizin yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb. "Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır", - deyən Baş nazirin müavini ölkəsinin əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Artur Rasi-zadə: "Azərbaycan-Gürcüstan əlaqələri sürətlə inkişaf edir"

Baş nazir Artur Rasi-zadə Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

"Dalğa TV" xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayan baş nazir Artur Rasi-zadə bu səfərin də qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib. Baş nazir iki dost ölkə arasında sabit qarşılıqlı faydalı əməkdaşlığın qurulduğunu söyləyib, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün lazımi addımların atılacağına əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan,"Dağlıq Qarabağ" münaqişəsinə toxunan A.Rasi-zadə problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini diqqətə çatdırıb.

İki ölkə arasında strateji tərəfdaşlığın önəmini vurğulayan Giorgi Kvirikaşvili Gürcüstanın hər zaman Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Regiondakı mövcud problemlərdən bəhs edən Gürcüstanın baş nazirinin müavini bildirib ki, bölgədə sabitliyin bərqərar olması iki ölkənin inkişafı üçün vacib şərtlərdəndir. Qonaq, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha da inkişafına təkan verəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti Gürcüstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.

"Dalğa TV" xəbər verir ki,Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirib. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyən Giorgi Kvirikaşvili iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri vəzifəsində Giorgi Kvirikaşvilinin ilk xarici səfərini Azərbaycana etməsini iki ;ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın iki ölkəni birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə birgə regional layihələrin, o cümlədən "Cənub" qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışıldı, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Almaniya kansleri Türkiyənin prezidenti və baş naziri ilə görüşüb

Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel bu ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

"Dalğa TV"nin Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti qeyd edib ki, əsas müzakirə mövzusu terrora qarşı mübarizə olub: "Önəmli müzakirələrdən biri də qaçqınların Türkiyədəki durumu və Qərbə axını ilə bağlı oldu".

Ərdoğan görüşdə "terror təşkilatlarına qarşı birgə hərəkət etməyin lazımlılığı" barədə də danışdıqlarını qeyd edib.

Merkel də öz növbəsində Türkiyənin bu günə qədər 2 milyondan artıq qaçqın qəbul etdiyini xatırladıb. O deyib ki, qaçqın axınının artacağını, bu axının Türkiyə üzərindən Avropa Birliyinə də yönələcəyini görmək mümkündü: ";Bu məsələdə Türkiyənin yükünü mütləq birlikdə üstlənməyin lazım olduğunu qeyd edirik".

Angela Merkel baş nazir Əhməd Davudoğlu ilə də bir saat 15 dəqiqə sürən təkbətək görüş keçirib.

İlham Əliyevdən fövqəladə toplantı

Bu gün Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə toplantı keçirib.

"Dalğa TV" xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, bu gün bazar günü olmasına baxmayaraq dövlət başçısı işə çıxıb.

Məlumatlara görə, toplantı Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutub.

Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.

Digər məlumatlara görə, dünən prezident Eldar Mahmudovu vəzifədən azad etməzdən əvvəl onu şəxsən qəbul edib və nazirin yarıtmaz fəaliyyəti faktlarla qarşısına qoyulub.

Məhz həmin ərəfədə də Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən MTN-də əməliyyat keçirildiyi qeyd edilir.

Onu da əlavə edək ki, bu hadisələr dövlət başçısının Qazaxıstan səfərindən geri qayıtmasından dərhal sonra baş verib.

Bütün bunlarla bağlı dövlət qurumları tərəfindən xüsusi açıqlamanın veriləcəyi gözlənilir. Azərbaycan ictimaiyyəti nazirin işdən çıxarılmasının təfərrüatları və baş verənlərlə bağlı məlumatlandırılacaq.

 

Gürcüstanın XİN rəhbəri Bakıya gəlir

Gürcüstanın yeni təyin olunan xarici işlər naziri Georgi Kvirikaşvilinin sabahdan Azərbaycana rəsmi səfəri başlayır.

Xarici İşlər Naziriyindən mətbuat xidmətindən "Dalğa TV"ə verilən məlumata görə, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı barəsində danışıqlar aparılacaq.

Qeyd edək ki, Georgi Kvirikaşvili xarici işlər naziri təyin olunduqdan sonra ilk xarici səfərini Azərbaycana edir.

MTN-də xüsusi əməliyyat - Bir neçə general saxlanıldı

Azərbaycan prezidenti İlham Əliyevin 17 oktyabr sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən çıxarılması ölkədə sensasiya kimi qəbul edilib.

"Dalğa TV" xəbər verir ki, xəbər sürətlə tirajlandıqdan sonra məsələ ətrafında müxtəlif fərziyyələr yayılmağa başlayıb. Bir sıra xəbər saytları şəxsi mənbələrinə əsaslanaraq hətta sabiq nazirin və ətrafındakı bir neçə generalın həbs edildiyini, digər qrupu isə eks-MTN şefinin daha yüksək posta-baş nazir postuna gətiriləcəyini yazırlar.

Strateq.az saxlanıldığı iddia edilən şəxslərin adlarını da açıqlayıb. Saytın yaydığı məlumata görə, nazir vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşını həbs ediblər.

***

Məsələdə digər bir nüans da diqqəti çəkir. Qaynar.info Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra eks-nazirin qudası Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevın həbs edilməsi xəbərini yayıb.

Sayt iddia edir ki, Cahangir Hacıyevin indiyə kimi həbs olunmamasına səbəb Eldar Mahmudov olub. Belə ki, Eldar Mahmudov şəxsi nüfuzundan istifadə edərək, qudasını həbsdən yayındıra bilib.

Mənbə son olaraq bildirir ki, yaxın saatlarda məlumat rəsmi təsdiqini tapacaq.

Qeyd: Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumatlara görə isə vəzifəsindən azad olunan Eldar Mahmudovun həbsi ilə bağlı xəbər həqiqətə uyğun olmasa da nazirikdə xüsusi əməliyyatın keçirildiyi dəqiqdir.

Belə ki, dünən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları MTN-də əməliyyat keçiriblər. Və hal-hazırda da nazirlik sözügedən qurumun əməkdaşlarının nəzarəti altında saxlanılır. Lakin bu əməliyyatlar nəticəsində kimlərin saxlanıldığı və əməliyyatın məhz hansı səbəbdən həyata keçirildiyi haqda ictimaiyyətə rəsmi və qeyri-rəsmi heç bir bilgi sızdırılmayıb.

MTN-də baş verənlərlə bağlı cinayət işinin açıldığı da artıq dəqiqləşib. Dünən və bu gün yaşananlarla bağlı Respublika Prokurorluğunun xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir. İctimaiyyət MTN-də nə baş verənlərlə bağlı rəsmi qurumlar vasitəsilə məlumatlandırılacaq.

“Qafqazinfo son olaraq onu da öyrənə bilib ki, artıq dünəndən telefon danışıqlarının dinlənilməsi ilə bağlı müstəsna səlahiyyət MTN-dən alınıb. Amma bu səlahiyyətin MTN-dən bir günlük-sözügedən əməliyyata görə və ya bir dəfəlik alınması isə hələlik məlum deyil.

Saytda Axtarış

Son xəbərlər