Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4855
DünənDünən4879
Bu həftəBu həftə24034
Bu ayBu ay19207
Bu günə qədərBu günə qədər8508099

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İrakli Qaribaşvili istefa verdi - VİDEO

"Mən baş nazir vəzifəsindən istefa verməyi qərara aldım".

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

"Dalğa TV" Qruziya Online nəşrinə istinadən məlumatına görə, o bu barədə Prezident administrasiyasında keçirilən fövqəladə brifinqdə bildirib.

"Bu gün mən baş nazir vəzifəsindən istefa verməyi qərara aldım", - Qaribaşvili deyib.

Gürcüstan Konstitusiyasına əsasən, ölkənin baş naziri istefa verdiyi təqdirdə, hökümətin bütün üzvlərinin səlahiyyətləri avtomatik olaraq dayandırılır, və onlar öz vəzifələrini müvəqqəti icra edən olurlar.

Baş nazir vəzifəsinə ən real namizəd kimi Gürcüstan XİN-in rəhbəri Georgi Kvirikaşvili göstərilir.

Azərbaycan MM-ə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim olunub - TAM MƏTN

Azərbaycan Milli Məclisinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub.

"Dalğa TV" xəbər verir ki , APA-nın əldə etdiyi məlumata görə, qanun layihəsinin müəllifi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.
APA layihəni təqdim edir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlara üzv olmuş, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmağa çalışmışdır. Bu gün Azərbaycan dünya birliyində layiqli yer tutan, regiondakı proseslərə həlledici təsir göstərən dövlətlərdən biridir. Lakin, təəssüf ki, müstəqillik illərində Azərbaycan Respublikası bir sıra ölkələrin, xüsusən də Amerika Birləşmiş Ştatlarının müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartları ilə üz-üzə qalıb. Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərirlər. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır.

Mütəmadi olaraq dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayan ABŞ-ın özü hər vəhclə insan hüquqları ilə bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır. ABŞ indiyə qədər BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü ratifikasiya edib. ABŞ hazırda "Uşaq hüquqlarına dair" Konvensiyaya qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir.

Son illər ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamafobiya təzahürləri xeyli güclənmiş, cəmiyyət üzərində total nəzarət sistemi bərqərar olmuş, şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması halları artmışdır. Leqal korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas atributlarından birinə çevrilmişdir. ABŞ daxilində cərəyan edən neqativ proseslər, habelə dünya hegemonluğu iddiası Azərbaycan Respublikasını bu ölkə ilə əməkdaşlığa və illər ərzində formalaşmış ikitərəfli münasibətlərə yenidən baxmağa sövq edir.

İrqi və dini ayrı-seçkilik

Əsrlər boyu Amerikanın yerli xalqları soyqırıma məruz qalmış, nəticədə 3 milyondan çox hindu öldürülmüşdür. XIX əsrin ortalarınadək Afrikadan bu ölkəyə ən ağır işlərdə istifadə etmək üçün 12 milyondan çox kölə gətirilmişdir. İrqi və dini dözümsüzlük ABŞ-da indi də davam etməkdədir. Belə ki, Nyu-Yorkda polislər tərəfindən atəşə məruz qalanların 50 faizi, öldürülən və həbs edilənlərin isə 70 faizi qaradərililərdir. Bu ölkədə 20-29 yaşında olan qaradərililərin üçdə biri ya həbsxanada, ya da istintaq təcridxanasındadır. 2014-cü ilin avqustunda Missuri ştatının Ferqyuson şəhərində polislərin 18 yaşlı silahsız qaradərili Maykl Braunu qətlə yetirmələri şəhərdə əhali ilə hökumət qüvvələrinin genişmiqyaslı qarşıdurmasına səbəb olmuşdu. Qətldən sonrakı hadisələr ABŞ-dakı irqi ayrı-seçkiliyi, polis özbaşınalığını, vətəndaşların sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulduğunu əyani surətdə nümayiş etdirdi. Belə ki, etiraz edənlərə qarşı qeyri-adekvat güc tətbiq olunmuş, aksiyaların dağıdılması üçün şəhərə milli qvardiya yeridilmiş, nümayişçilərə qarşı polis dəyənəyindən, su şırnağından, gözyaşardıcı qazdan, rezin güllələrdən və digər xüsusi vasitələrdən geniş istifadə olunmuşdur.

ABŞ-da qaradərililərlə yanaşı, Asiya mənşəlilər, xüsusən də müsəlmanlar gündəlik həyatda daha çox diskriminasiyaya məruz qalan insan qruplarıdır. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ölkənin müsəlman əhalisinin xüsusi xidmət orqanları tərəfindən izlənilməsi və dinlənilməsi, kütləvi informasiya vasitələrində və siyasətçilərin çıxışlarında onların təhqir olunması geniş hal alıb. Təsadüfi deyil ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Donald Tramp seçkiqabağı çıxışlarının birində müsəlmanların Birləşmiş Ştatlara girişinə qadağa qoyulmasını təklif etmişdir.

Cəmiyyət üzərində total nəzarət sisteminin qurulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması

ABŞ hökumətinin 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra "təhlükəsizlik və terrorla mübarizə" bəhanəsi ilə həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə total nəzarət sistemi bərqərar edilmişdir. Xüsusi xidmət orqanlarının vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilə etməsi, onları dinləməsi və izləməsi kütləvi hal alıb. Müxtəlif məlumatlara əsasən, Federal Təhqiqatlar Bürosu vətəndaşların telefon danışıqlarına gizli olaraq qulaq asır. Əvvəl bu praktika müsəlman ölkələrindən gələnlərə qarşı tətbiq edilirdisə, hazırda istənilən amerikalının telefonu dinlənilə bilər. 2009-cu ildə ölkədə internetdə təhlükəsizliyə cavabdeh olan nəzarət qurumu yaradılmışdır. Təhlükəsizlik orqanları vətəndaşların elektron poçtlarını istədiyi vaxt açıb oradakı məlumatları oxuya bilir. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snodenin verdiyi məlumatlara görə, onun çalışdığı təşkilat kod adı PRİSM olan proqramla 9 böyük telekommunikasiya şirkətinin (Microsoft, Google, Apple, Facebook, Yahoo və s.) istifadəçilərini mütəmadi olaraq dinləmiş, sosial mediada izləmiş, onların kontaktlarına daxil olmuşdur.

Kütləvi tədbirlər zamanı jurnalistlərin polis basqısına və həbslərə məruz qalması da bu ölkədə adi hala çevrilib. Hələ 2008-ci ildə respublikaçıların Minnesota ştatında keçirilən qurultayı zamanı 42 jurnalist, o cümlədən 1200-dən artıq televiziya və radio kanalında proqramları yayımlanan Eymi Qudman və onun 2 prodüseri həbs edilmişdi. Ferqyusonda baş verən iğtişaşlar zamanı 52 jurnalist polislər tərəfindən döyülüb və ya odlu silahla hədələnib, onlardan 21-i isə həbs edilib.

Korrupsiya

Amerikalıların 80 faizi hesab edir ki, ölkənin hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Təkcə 2015-ci ilin ilk aylarında müxtəlif səviyyəli məmurlara qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə olan rüşvətdir.

Ali icra hakimiyyətinin ən yüksək pillələrində təmsil olunan şəxslərin, habelə bir sıra konqresmenlərin müxtəlif şirkətlərlə işbirliyində olmasına, onlara lobbiçilik etməsinə dair məlumatlar mütəmadi olaraq mətbuatda yer alır. İlin əvvəllərində senatorlardan biri 14 maddə üzrə, o cümlədən "dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması faktının gizlədilməsi" maddəsi üzrə ittiham edilərək həbs olunmuşdu.

İlinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbərinin son 7 il müddətində şəhər büdcəsindən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkar olunub.

Belə cinayətlər kütləvi şəkildə törədilsə də, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır və ya açılsa da, mətbuatdan gizlədilir.

Seçki saxtakarlığı

ABŞ-ın seçki sisteminin kifayət qədər qüsurlu olması artıq heç kimdə şübhə doğurmur. Lakin seçki praktikasında müxtəlif fırıldaq və hoqqabazlıqların geniş yayılması vəziyyəti daha da pisləşdirir, bu ölkədə demokratik ənənələrin üstündən xətt çəkir. 2000-ci ilin prezident seçkiləri zamanı səslərin sayılmasında saxtakarlıq olduğu barədə araşdırmalar sona çatdırılmadı, Florida ştatında səslərin yenidən sayılması prosesi yarımçıq saxlanıldı.

Səsvermə zamanı çoxlu pozuntulara yol verilir, Latın Amerikasından olan qeyri-leqal miqrantlar "karusel əməliyyatı"na cəlb edilir. Səs vermək üçün üzərində şəkil olmayan, yalnız ünvan, ad və soyad göstərilən hər hansı kağız da (kommunal xərclərin ödənilməsi barədə qəbz, məktub və s.) qəbul edilir ki, bu da saxtakarlığa yol açır. Cəmi 7 ştatda şəkilli sənəd tələb olunur. Əhalinin 10 faizinin şəkilli dövlət sənədi yoxdur.

Seçicilərin qeydiyyatı da bərbad vəziyyətdədir. Belə ki, vətəndaş özü seçici kimi qeydiyyata düşməsə, siyahıya salınmır. Bu da seçicilərin təxminən dörddə birinin səsvermədən kənarda qalmasına səbəb olur.

Vaxtından əvvəl (hətta 1 aydan çox) səsvermə praktikası geniş tətbiq olunur. Bir qayda olaraq, prezident seçkilərində iştirak edən seçicilərin təxminən üçdə biri bu cür səs verir.

Poçt vasitəsilə səsvermə tətbiq olunur. Bülleten və əlavə zərf poçt vasitəsilə seçicinin evinə göndərilir. O, bülleteni evdə doldurub həmin zərfə qoyur və geri göndərir. Hər seçkidə 20 faizədək amerikalı belə səs verir.

ABŞ seçki sistemi demokratik seçkilər üçün zəruri olan beynəlxalq norma və prinsiplərin qanunvericiliyə daxil edilməsindən kənarda qalıb. Sonuncu prezident seçkilərini müşahidə etmiş avropalı parlamentarilər bildiriblər ki, onlara müşahidə etmək üçün məntəqələri sərbəst seçmək imkanı verilməyib, yalnız hakimiyyət orqanlarının əvvəldən müəyyənləşdirdiyi məntəqələrə göndəriliblər. Səsvermə zamanı müşahidəçiyə şəkil çəkmək, mobil telefon saxlamaq, hətta insanlarla danışmaq qadağan olunur. Bəzi ştatlarda ATƏT-in müşahidəçiləri məntəqəyə buraxılmayıb, hətta onları məntəqənin yaxınlığına da qoymayaraq həbslə hədələyiblər. Məsələn, son prezident seçkilərində Texasın prokuroru bildirib ki, müşahidəçi məntəqəyə 30 metrdən çox yaxınlaşsa həbs olunacaq.

Səsvermə günü təşviqat aparılır, inzibati resurslardan istifadə olunur, ekzit-pollar açıq müzakirə olunur, azyaşlı uşaqlar təşviqata cəlb olunur, partiyalar zəng edib seçiciləri səsverməyə çağırırlar. Hərbi hissələrdə səslər kütləvi şəkildə saxtalaşdırılır.

Seçki fondları üçün məhdudiyyət qoyulmayıb. Kimin pulu çoxdursa, qalib gəlmək imkanı da yüksəkdir. Ona görə də siyasətçilərin əksəriyyəti iri korporasiyalarla işbirliyindədir.

Beynəlxalq hüququn norma və prinsiplərinin pozulması

XX əsrin sonlarından etibarən ABŞ terrorla mübarizə və demokratik standartların tətbiqi şüarı altında müstəqil dövlətlərin daxili işlərinə müdaxiləni daha da gücləndirib. Məhz ABŞ-ın müdaxiləsi nəticəsində İraq, Liviya, Suriya, Yəmən kimi ölkələr vətəndaş müharibəsi həddinə gətirilib, xaos, iqtisadiyyatın tənəzzülü, ərazi bütövlüyünün pozulması təhlükəsi ilə üzləşiblər. Adıçəkilən ölkələrdə dövlət orqanlarının fəaliyyəti iflic vəziyyətinə salınıb.

ABŞ hökuməti anti-terror əməliyyatları həyata keçirdiyi İraq, Əfqanıstan və digər müsəlman ölkələrində vətəndaşların heç bir dəlil-sübut olmadan qanunsuz həbs edilməsinə və onlarla qeyri-insani rəftar edilməsinə rəvac vermişdir. Bütün dünya İraqdakı Əbu-Qreyb və Kubadakı Quantanamo həbsxanalarında ABŞ hərbçilərinin və xüsusi xidmət orqanları əməkdaşlarının əsir və dustaqlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəlmişdir. Sonralar müstəqil hüquq müdafiəçiləri müəyyən etmişlər ki, bütün işgəncə və qətllər ABŞ hərbi komandanlığı tərəfindən sanksiyalaşdırılır. İndiki ABŞ Administrasiyasının seçkiqabağı vədlərinə baxmayaraq, Kubadakı Quantanamo həbsxanası hələ də bağlanmamış, oradakı məhbuslar azadlığa buraxılmamışlar.

Separatçı rejimlərə dəstək vermədiyini iddia edən ABŞ Ermənistan - Azərbaycan Daşğlıq Qarabağ münaqişəsinə münasibətdə tam fərqli mövqe tutur. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə baxmayaraq, ABŞ Konqresi 1992-ci ildə məhz Azərbaycana dövlət yardımlarını qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qəbul edib. Digər separatçı qurumların rəhbərlərinə qarşı viza qadağası və digər sanksiyalar tətbiq edildiyi halda, qondarma "Dağlıq Qarabağ Respublikası"nın təmsilçiləri ABŞ-a mütəmadi olaraq səfər edir, müxtəlif tədbirlərdə iştirak edirlər. 1999-cu ildən başlayaraq, ABŞ Konqresinin qərarı ilə tanınmamış quruma hər il əhəmiyyətli məbləğdə birbaşa maliyyə yardımı ayrılır. Bütün bunlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutmadığını sübut edir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi

Qərara alır:

Xarici İşlər Nazirliyinə tövsiyə edilsin ki, aşağıdakı kateqoriyalara aid olan şəxslərə Azərbaycan Respublikasına gəlmək üçün viza verilməsindən imtina etsin:
ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvləri;
ABŞ Konqresində Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvləri;
erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilər;
Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər;
ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər;
ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilmiş şəxslər;
seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlar;
ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.
Özəl sektorun təmsilçilərinə tövsiyə edilsin ki, ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etsinlər.

Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilsin:
ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;
ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin;
Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı dayandırılsın;
ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunsun;
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılsın.

Qeyd: Bu qərar layihəsi ilə nəzərdə tutulmuş sanksiyaların aradan qaldırılması üçün aşağıdakı məsələlər öz həllini tapmalıdır:
Ölkə daxilində:
insan hüquqlarının kobud şəkildə pozulmasına, irqi və dini ayrıseçkiliyə, ksenofobiya və islamofobiya təzahürlərinə, məhbuslarla qeyri-insani rəftara son qoyulması;
etiraz aksiyalarının iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiqindən imtina olunması;
söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması, vətəndaşların şəxsi həyatına müdaxilə hallarının qarşısının alınması;
korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması, lobbiçilik praktikasından imtina edilməsi;
seçki prosesində geniş yayılmış qüsurlu praktikadan imtina edilməsi, seçki saxtakarlığına son qoyulması;
Xarici ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdlərindən əl çəkilməsi;
Azərbaycan Respublikasına qarşı iftira və qarayaxma kampaniyasından imtina edilməsi, bu cür halların gələcəkdə təkrarlanmasına yol verilməməsi;
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn tələblərinə müvafiq birmənalı mövqe nümayiş etdirilməsi, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi, Dağlıq Qarabağdakı separatçı rejimlə bütün əlaqələrin kəsilməsi.

İlham Əliyev manatın məzənnəsindən danışdı-VIDEO

"Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil".

Dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq Azərbaycan inkişaf edir. Lakin neftin qiymətinin aşağı düməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə təsir edib.

"Dalğa TV" Report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.

"Neft gəlirlərinin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq.

Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq.

Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. ABŞ-da dollarla bağlı qəbul edilən son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur.

Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayır, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə aşağı düşsün. Şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq Azərbaycan bu vəziyyətdən əziyyət çəkir".

Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini sadələşdirir

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

Dekabrın 23-dən etibarən Rusiya Gürcüstan vətəndaşları üçün viza verilməsi prosesini asanlaşdıracaq.

"Dalğa TV"nin məlumatına görə, bu barədə RF Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, Rusiya tərəfi bundan sonra da iki ölkə vətəndaşlarının rahat gediş-gəlişini təmin etmək üçün lazımi addımlar atacaq.

Hətta qarşılıqlı əsasda vizasıs rejimə keçmək də istisna olunmur.

Diplomatik qurum qeyd edir ki, Rusiya-Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyub.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü təxirə salınıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Tbilisidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

"Dalğa TV"nin məlumatına görə, buna səbəb Gürcüstan xarici işlər naziri Gerogi Kvirikaşvilinin ailəsində ağır itkinin baş verməsidir.

Görüşün gələn ilin birinci rübündə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri Gerogi Kvirikaşvilinin dekabrın 23-də Tbilisidə görüşü nəzərdə tutulurdu.

Deputat: Ərzaq məhsullarının qiymət artımının qarşısını alınmalıdır

Dövlət bunun üçün mümkün olan hər şeyi edəcək.

Azərbaycan hökuməti manatın devalvasiyası nəticəsində ərzaq məhsullarının qiymətinin artımını qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək.

"Dalğa TV"-ın verdiyi xəbərə görə, bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hazırda devalvasiyanın qiymətlərə necə təsir edəcəyi barədə danışmaq çox çətindir, lakin dövlət qiymət artımının qarşısını almaq məqsədilə mümkün olan hər şeyi edəcək.

"Azərbaycana gətirilən məhsullar bahalaşmamalıdır. Manatın ucuzlaşması ola bilsin idxal edilən mallara təsir edəcək. Əsas olan qida məhsulları, kommunal xidmətlər, nəqliyyat üzrə qiymətləri qorumaqdır ki, yaranmış vəziyyət əhalinin rifahına çox güclü təsir etməsin", - deyə deputat bildirib.

Putinin dost hesab etdiyi - 12 ölkə

Rusiya prezidenti Vladimir Putinin dünya ölkələri arasında 12 xarici "dostu" var.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə bu Ukraynanın Ordu, Konversiya və Tərkisilah mərkəzinin analitiklərinin apardığı araşdırma nəticəsində məlum olub.

Putinin dost hesab etdiyi ölkələr arasında Çexiya, Macarıstan, Yunanıstan, Kipr, Serbiya, Monteneqro, Finlandiya, Türkiyə, Misir, İran, Azərbaycan və Ermənistan yer alır.

Analitiklər hesab edir ki, Çexiyada güclü Rusiyaya meyillilik var.Çünki kommunistlər ölkədə əsas təsiredici qüvvə hesab olunur.Amma iqtisadi problemlərə görə bines tərəfdaşı baxımından Rusiya Çexiya üçün cəlbedici deyil. Buna görə də Çexiyada heç kim Avropa ilə əməkdaşlığı təhlükə altına salmaq istəmir və vətəndaşların əksəriyyəti Avropa yolunu dəstəkləyir.

Macarıstan Rusiyanın əsas forpostu hesab olunur. Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə enerji daşıyıcıları sahəsində əməkdaşlığın perspektivli olduğunu düşünür .Amma analitiklər bunu "uğurlu siyasi oyun" hesab edirlər. Bunun təsdiqi kimi Rusiyaya qarşı sanksiyalar paketinin hazırlanması ilə bağlı təkrar səsvermə göstərilir. Putinin dəstəyi onlara yalnız Avropa ittifaqında iqtisadi çətinliklər olan zaman lazım ola bilər.

Yunanıstanı ekspertlər risk qrupuna daxil ediblər.Bu ölkədə ciddi rus lobbisinin mövcudluğu onu göstərir ki, Yunanıstan öz hava məkanını Suriya istiqamətində Rusiyaya verib. Yunanıstan Avropa İttifaqındakı gərgin vəziyyətlə əlaqədar Rusiyanın dəstəyinə arxalana bilər.

Kiprlə dostluq münasibətləri ona əsaslanır ki, 2008-ci ildə Kipr Rusiya iqtisadiyyatının əsas investorlarından biri olub. Rusiyada iqtisadi böhran ona gətirib çıxardı ki, Kipr Rusiyaya qarşı sanksiyaları tənqid edir, amma heç bir addım atmır.2013-cü ildən etibarən isə Kipr Avropa İttifaqından maliyyə yardımı almağa başlayıb.

Serbiya hələ də Rusiyanı tarixi müttəfiqi hesab edir. Serbiya MDB-dən kənar yeganə ölkədir ki, onun Rusiya ilə azad ticarət haqqında razılaşması var. Amma Rusiya Serbiyada iqtisadiyyatın artımına təsir edə bilmir. Bununla yanaşı Serbiya Avropa İttifaqına daxil ola biləcək namizəd ölkə statusuna malikdir. Analitiklərin fikrincə, Serbiya bütün geosiyasi güclərdən gəlir əldə etmək üçün Moskva ilə "oyun oynayır".

Monteneqroda vəziyyət tam aydın deyil .Ölkə NATO-ya daxil olmaq qərarına gəlib. Amma siyasi şərhçilərin fikrincə, ölkədə NATO əlehinə çıxışlar olsa da bu ciddi dəyişikliyə səbəb olmayacaq. Onlar hesab edir ki, "geosiyasəti boş ciblə oynamaq olmaz". Yəni Rusiyanın iqtisadi cəhətdən möcüzə silahı yoxdur.

Finlandiya hələ də Rusiyadan müəyyən asılılığını saxlayır. Amma Rusiyada iqtisadi böhranla əlaqədar olaraq ölkə mərhələlərlə enerji asılılığını azaldır. Hər iki ölkənin iqtisadiyyatı bir -birilə sıx bağlıdır.Ukrayna böhranından sonra Finlandiya müdafiə sistemini gücləndirməyə başlasa da , rəsmi Helsinki Moskva ilə isti münasibətlərini saxlamaqdadır.

Türkiyə üçün son dövrlərə qədər Rusiya ikinci əsas tərəfdaş olub. Krımın ilhaqı və Rusiyanın Ukraynanın şərqində həyata keçirdiyi əməliyyatlar Türkiyə -Rusiya münasibətlərinə heç bir təsir etməmişdi. İki ölkə arsında münasibətlərin gərginləşməsi Rusiyaya məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra başladı.

Misirin Rusiya ilə yaxınlığı əsasən onunla bağlıdır ki, ölkə ABŞ-qarşıdır.Ona görə ki, Vaşinqton İsraili dəstəkləyir. Həmçinin Misirin iri məbləğdə borcu var.

İran və Rusiya Suriyadakı maraqları eynidir. Bunun hesabına Rusiya-İran alyansı mövcuddur. Rusiya üçün xoşagəlməz fakt isə İranın dünya bazarında qiymətləri aşağı salmasıdır. İran ixracdan əldə olunan gəlirlərin azalmasına dözsə də, bu Səəudiyyə Ərəbistanına ciddi zərbə vuracaq.

Araşdırmada qeyd olunur ki, Azərbaycan da son dövrlər Rusiyaya meyl edir. Azərbaycan tərəfi bəyan edib ki, Avropa İttifaqı ilə əməkdaşlığı dayandırır və Rusiya əleyhinə sanksiyalara qoşulmur. Azərbaycan hərbi gücünün inkişaf etdirilməsi üçün addımlar atır və iri məbləğdə maliyyə vəsaiti xərcləyir.

Ermənistan hamıdan çox Rusiyadan asılı vəziyyətdədir. Analitiklərin araşdırmasına görə iki ölkənin əməkdaşlıqdan Ermənistan əhəmiyyətli mənfəət əldə edə bilməyib. Hələ ki, Rusiyanın maliyyə və siyasi köməyi ölkəni xilas edir.

Yekunda analitiklər belə qənaətə gəliblər ki, Putinin xarici ölkələr arasında özünə dost seçmə cəhdləri uğursuzluğa uğrayıb. O ölkələr Putinlə birgə olduğunu nümayiş etdirsələr də, əslində öz problemlərini həll etməyə çalışırlar.

Avakov Saakaşviliyə qahmar çıxdı

"Saakaşviliyə dair Ukraynaya məsləhəti Putin verməli deyil".

Ukraynanın Daxili işlər naziri Arsen Avakov bəyan edib ki, Ukrayna Mixeil Saakaşviliyə dair Rusiya prezidenti Vladimir Putinin məsləhəti olmadan da keçinə bilər.

 

"Dalğa TV" "Qruziya Online"-a istinadən xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

"Putin asır və qiymət verir. Saakaşviliyə qarşı tənqidimə baxmayaraq ona dair Ukraynaya məsləhəti və nə edəcəyi barədə qərarı Putin verməli deyil. Onun məsləhətləri olmadan da keçinərik!", - Avakov Rusiya prezidenti Vladimir Putinin Saakaşvilinin iş üslubu barədə bəyanatını şərh edərək yazıb.

Qeyd edək ki, yekun mətbuat konfransında rusiyalı lider Saakaşvilinin Gürcüstanı faktiki süquta gətirib çıxaran "fırıldaqçı qərarlar" qəbul etdiyini bəyan edib.

Xatırladaq ki, dekabrın 14-də Milli İslahatlar Şurasının iclasında Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili və DİN rəhbəri Arsen Avakov arasında mübahisə baş verib, mübahisə zamanı Avakov Saakaşviliyə su atıb.

Saakaşvili: Putin məni unuda bilmir

"O mənim Ukraynadakı işimi çox bəyənir".

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin "Saakaşvilinin təyinatı - bütün Ukrayna xalqının üzünə tüpürməkdir" ifadəsini şərh edib, "Dalğa TV" Gazeta-ya istinadən xəbər verir.

"Vladimir Vladimiroviç məni unuda bilmir. O mənim Ukraynadakı işimi çox bəyənir, və mən bunu anlayıram", - Saakaşvili öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiya prezidenti növbəti dəfə yalan danışıb.

"Amerikalıların mənə viza verməməsi yalandır. Mənim 10 illik turist vizam var".

Burcanadze: Gürcüstan Rusiya ilə vizaların ləğvinə dair fəal tədbirlər görməlidir

Gürcüstanın parlamentinin sabiq spikeri Nino Burcanadze hökuməti Rusiya ilə viza rejiminin ləğv olunması məsələsində hərəkətsizlikdə ittiham edib və ölkə rəhbərliyini bu istiqamətdə aktiv fəaliyyətə başlamağa çağırıb.

"Gürcüstan rəhbərliyi "Rusiya yönümlü" adını almaqdan çəkinərək yalnız bəyanatlar verməklə kifayətlənir və bu məsələlərin həll etməyə cəsarəti yoxdur. Mənim səfərlərimdən sonra siyasi cəbhədə müsbət nəticələr müşahidə edilməyə başlayıb və rəhbərlik effektiv olsaydı, hazırda Gürcüstan-Rusiya münasibətlərində tam başqa reallığın şahidi olardıq. İrəıiləyişə nail olmaq üçün fəal addımlar atmağın tam vaxtıdır", deyə Burcanadze qeyd edib.

Onun sözlərinə görə, o hələ yayda Rusiyanın Gürcüstanla viza rejiminin nəinki sadələşdirmək, hətta ləğv etmək niyyətində olduğu barədə məlumatlı olub: "Normal hökumət yüksək səviyyədə görüşlər keçirərək vizasız rejimin Gürcüstanın marağında olduğunu bəyan edərdi".

Qeyd edək ki, Nino Burcanadze 2015-ci ildə bir neçə dəfə Rusiyaya səfər edərək Dövlət Dumasının spikeri Sergey Narışkin və XİN rəhbərinin müavini Qriqori Karasin də daxil olmaqla bir neçə rəsmi şəxslərlə görüşüb.

Xatırladaq ki, Rusiya prezidenti Vladinir Putin ötən gün Moskvanın Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduğunu qeyd edib.

Qaribaşvili: “Putinin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edəcəyi barədə bəyanatı düzgün addımdır”

"Rusiya Federasiyası tərəfindən gürcülər üçün viza rejiminin ləğvi barədə bəyanatdan xəbərdarıq. Bu, doğru istiqamətdə olan addımdır."

Gürcüstan hökuməti administrasiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bu bəyanatla Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.

İ. Qaribaşvili bildirib ki, Rusiyadan olan turistlərin cəlb edilməsi və xalqlar arasında əlaqələrin dəstəklənməsi üçün 2011-ci ildə Gürcüstan hökuməti Rusiya vətəndaşları üçün viza rejimini ləğv edib. O, eyni yanaşmanın Rusiyada yaşayan gürcülər üçün əhəmiyyətli olduğunu bildirib: “Gürcüstan və Rusiya arasındakı fikir ayrılıqlarına baxmayaraq, son 3 ildə biz ticarət, nəqliyyat və humanitar sahələrdə irəliyə doğru nəzərəçarpan addımlar atmışıq. Biz Rusiyaya qarşı praqmatik siyasətimizi davam etdirəcəyik. Rusiyadan da bununla bağlı qarşılıq gözləyirik. Yaxın günlərdə biz tarixi hadisə olacaq Avropa Komissiyası tərəfindən Gürcüstan vətəndaşları üçün viza sadələşdirilməsi qərarı gözləyirik. Gürcüstan hökumətinin ehtiyatlı siyasəti konkret nəticələrə gətirib çıxarır. Bu yanaşma isə vətəndaşlarımız və Qərb tərəfdaşlarımız tərəfindən alqışlanır.

Vladimir Putinin böyük mətbuat konfransı – CANLI

Prezident minlərlə jurnalistə qarşı.

Dekabrın 17-də Rusiya prezidenti Vladimir Putinin böyük mətbuat-konfransı başlayıb.

 

"Dalğa TV" bu mətbuat-konfransının onlayn-yayımını təqdim edir.

 

 

Saytda Axtarış

Son xəbərlər