Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1596
DünənDünən634
Bu həftəBu həftə8032
Bu ayBu ay52731
Bu günə qədərBu günə qədər7423205

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Marneulidə "Gürcüstanda Azərbaycan mədəniyyəti ənənələri" mövzusunda tədbir keçirilib

Noyabrın 24-də Marneulidə "Gürcüstanda Azərbaycan mədəniyyəti ənənələri" mövzusunda tədbir keçirilib.

"Dalğa TV"nin məlumatına görə, Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanova bildirib ki, tədbiri keçirməkdə məqsəd azərbaycanlıların mədəniyyəti haqqında digər millətlərə məlumat verməkdir. Mövzu ilə bağlı məruzələr dinlənilib. Tədbirin bədii hissəsində yerli sənət ustaların ifasında aşıq mahnıları səsləndirilib.

Bakıda gürcü rəssamlarının sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamları - Gürcüstan Rəssamlıq Akademiyasının rektoru akademik Qiya Ququşvili və professor Ketevan Matabellinin fərdi sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərgi nazirlik və Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilib.

Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, muzeyin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Qeyd edilib ki, son illər Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələr genişlənib. Sərgilərin və digər mədəniyyət tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilib.

Tədbirdə Gürcüstan Rəssamlıq Akademiyanın rektoru, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze və Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Valeri Asatianiyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Fəxri doktoru" adı verilməsi haqqında diplomlar, Mədəniyyət və Turizm Nazirliyinin təşəkkürnamələri təqdim olunub.

Tiflisdə tanınmış Azərbaycan rəssamının sərgisi açılıb - FOTO

"Noyabrın 11-də Tiflisdə fəaliyyət göstərən TBC qalereyasının təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Əliyar Əlimirzəyevin 18 rəsm əsərindən ibarət sərgisinin açılışı olub.

"Dalğa TV"nin məlumatına görə, tədbirdə Gürcüstanın görkəmli rəssamları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, gürcü və azərbaycanlı jurnalistlər, həmçinin səfirliklərin əməkdaşları iştirak ediblər.

Tədbirdə nümayiş olunan rəsm əsərləri gürcü rəssamlarının ciddi marağına səbəb olub. Sərgi iştirakçıları azərbaycanlı rəssamın qeyri-adi bir mövzuya müraciət etdiyini və məhz buna görə də rəssamın yaratdığı rəsm əsərlərinin və heykəllərin fəlsəfi məna kəsb etdiyini bildiriblər. Tədbirdə sərgi iştirakçılarına rəssam Əliyar Əlimirzəyevin yanicə nəşr olunan kataloqu təqdim edilib.

Rəssam Ə. Əlimirzəyev APA-ya açıqlamasında sərginin noyabrın 27-dək davam edəcəyini bildirib: "Əsərlərimin sərgisi ilk dəfə iyul ayında Avropa Oyunları ərəfəsində "Qız Qalası" qalereyasında keçirilib. Bakıda sərgim keçiriləndə TBC qalereyasının rəhbərliyindən təklif aldım ki, Tiflisdə sərgimi təşkil edək", rəssam vurğulayıb.

Rəssam qeyd edib ki, onun rəsm əsərlərinin sərgisi Fransada, Rusiyada, Avstriyada və Danimarkada baş tutub, Moskva və Parisdə fəaliyyət göstərən muzeylər isə onun əsərlərini alıblar.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva APA-ya açıqlamasında Azərbaycanın əməkdar rəssamı Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət sərgisinin ilk dəfədir ki, Tiflisdə təşkil olunduğunu bildirib: "Biz bu sərgi üçün Bakıda və Tiflisdə fəaliyyət göstərən "Qız Qalası" və TBC qalereyalarının rəhbərlərinə təşəkkürümüzü bildiririk. Bu sərgi əsl incəsənət nümunələrinin nümayişidir. Məhz buna görə də sərgi iştirakçılarının sevincini və təəccübünü hiss etdik.Çünki rəssamın müraciət etdiyi mövzular mücərrəd, fəlsəfi və qeyri-adi mövzulardan ibarətdir. Biz azərbaycanlı rəssamın Gürcüstandakı bu uğuruna sevinirik," S. Ağayeva qeyd edib.

Gürcüstan və Azərbaycan arasında mədəniyyət sahəsində dostluq münasibətləri" mövzusunda görüş keçirilib

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Gürcüstan Parlamentinin Milli Kitabxanasının və Mədəniyyət muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə "Gürcüstan və Azərbaycan arasında mədəniyyət sahəsində dostluq münasibətləri" mövzusunda görüş keçirilib.

"Dalğa TV"nin məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və hümanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizə Nazirliyinin əməkdaşları, gürcü və azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşü Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva və Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktor müavini Mirian Xositaşvili açıblar. Sonra gürcü ziyalılarından Meri Kobiaşvili, tarix elmləri doktoru, professor Quram Marxuliya, tarix üzrə araşdırmaçı professor Petre Qoçaqidze-Çaladidi, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov və başqaları Gürcüstan və Azərbaycan mədəni əlaqələrin inkişafından, noyabrın 5-6-da Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərindən söhbət açıblar.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlı və gürcü ziyalılarının iştirakı ilə hər iki ölkənin mədəniyyəti ilə bağlı kitabın nəşr olunması təklifi irəli sürülüb. Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktor müavini Mirian Xositaşvili çıxışında azərbaycanlılarla gürcülərin mədəni həyatından bəhs edən kitabın dosluqdan bəhs edəcəyini bildirib: " Bu kitabın yaranmasına parlamentin milli kitabxanası və mədəniyyət muzeyi dəstək verəcək. Kitabda Gürcüstan və Azərbaycan dostluğundan, Gürcüstanda yaşayan görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyatından bəhs edən məqalələr dərc olunacaq. Bu kitab böyük abidə olmalı və biz tarixi dostluğumuzu təbliğ etməliyik. Gürcülərdən sonra ölkəmizdə ikinci böyük millət azərbaycanlılardır. Biz dostluğumuzu daim inkişaf etdirməliyik," M. Xositaşvili qeyd edib.

Tədbirdə həmçinin Gürcüstanın bütövlüyü uğrunda döyüşən və Gürcüstan tarixində xalq qəhrəmanı kimi yer alan Xudu Borçalının da həyatı barədə kitaba məqalə yerləşdirilməyi təklif olunub. Görüşün sonunda mədəni əlaqələrin inkişaf etdirilməsi barədə Gürcüstan Parlamentinin Milli Kitabxanası və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi arasında memorandum imzalanıb.

Tiflisdə muzeylərə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Tiflisdə "MDB ölkələrinin muzeylərində problemlər və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

"Dalğa TV"nin verdiyi məlumata görə, tədbirdə çıxış edən Gürcüstan Mədəniyyət nazirinin müavini Manana Berikaşvili postsovet illərindən qalan muzeylərdə hələ də problemlərin mövcud olduğunu və onların həllinin vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycanı Avropa Mədəniyyət Parlamentinin üzvü və "Avropada ilin muzeyi mükafatı"nın münsiflər heyətinin üzvü Cahangir Səlimxanov, Azərbaycan Dövlət Xalça Muzeyinin müdir müavini Yalçın Səlimov, "İçərişəhər" Tarixi Memarlıq Qoruğ Muzeyinin mədəni proqramlar şöbəsinin müdiri İradə Qasımova təmsil edib.

Beynəlxalq konfransda keçmiş SSRİ respublikalarından Estoniya, Latviya, Ermənistan, Qazaxıstan, Rusiyadan olan nümayəndələr və keçmiş kommunist bloku ölkələrindən Slovakiya, Sloveniya, Bosniya və Herseqovina, Xorvatiya və s. ölkələr iştirak ediblər.

Cahangir Səlimxanov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyəti konfransda çox maraqlı təqdimatlarla çıxış edib: "Mən konfransda "Muzey bu gün: müxtəlif və bir-birinə zidd olan gözləntilərə cavab axtarışında" adlı məruzə ilə çıxış etdim və çıxışımı muzeylərlə bağlı Avropa təcrübəsinə əsaslandırdım. Tədbirdə Azərbaycan Dövlət Xalça Muzeyinin müdir müavini Yalçın Səlimovun "Müasir problemlər və onların həlli yolları: "Azərbaycan xalça muzeyi XXI əsrdə"" adlı təqdimatı da çox uğurla keçdi".

Beynəlxalq konfransda çıxış edən "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruq Muzeyinin şöbə müdiri İradə Qasımova APA-ya muzeyin yaradılması tarixindən danışdığını bildirib: "Konfransda İçərişəhərin "Bakının ürəyi" və "vizit vərəqəsi" , onun XII əsrə aid olduğu barədə ətraflı məlumat verdim. Qeyd etdim ki, İçərişəhərdə 500-dən çox tarixi-memarlıq nümunələri var. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksinin 2000-ci ildə Ümumdünya irsi siyahısına salındığını, İçərişəhərdə 4000 nəfərdən ibarət 1300 ailənin yaşadığını konfrans iştirakçılarının nəzərinə çatdırdım".

Bakıda gürcü rəssamın fərdi sərgisi açılacaq

Noyabrın 7-də Müasir İncəsənət Muzeyində gürcü rəssamı Mamuka Tsetsxladzenin

“Postcard” adlı fərdi sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Postcard” - şəhərlərin, evlərin, parkların, fəvvarələrin, küçələrdə gəzən insanların, tramvayların, gəmilərin, təyyarələrin, müxtəlif istiqamətlərdən görünüşü, müxtəlif zamanların hərəkətliliyi və ya səssizliyini əks etdirir. Bu əsərlərdə rəssamın uşaqlıqda və indi gördüyü tanış olan və olmayan şəhərlərin mənzərələri öz əksini tapıb.

Tanınmış gürcü rəssamı Mamuka Tsetsxladze 1960-cı ildə Tiflisdə anadan olub. 1986-cı ildə Gürcüstan Rəssamlıq Akademiyasını bitirib.

M.Tsetsxladzeni Azərbaycanda çox yaxşı tanıyırlar. O, dəfələrlə öz əsərlərini Bakıda nümayiş etdirib. Qırx il bundan əvvəl, hələ 13 yaşında olarkən, Mamuka Bakıda olub və qədim şəhərə vurulub.

Bu gün Mamuka Tsetsxladze nəinki öz vətənində, eləcə də bütün dünyada məşhurdur. Onun əsərləri ən tanınmış muzeylərin kolleksiyalarında saxlanılır, sərgiləri isə dəfələrlə Almanya, Macarıstan, Fransa, İtaliya və digər ölkələrdə keçirilib. Ən sevimli “Şəhərlər” silsiləsinə 50 kətan əsər daxildir. Sənətkarın əsərləri sanki müasirlikdən öz geniş ekspressiv stili ilə zamanın sakit keçmişinə bir pəncərə açır.

Qeyri-adi rəng kontrastları, sürətli rəngkarlıq yaxmalarının növbələşməsi Mamuka Tsetsxladzenin urbanistik mənzərələrinə “dərhallıq” hissi gətirir, sanki, bu anı, səmanın, binaların, fabriklərin kiçik keçid məqamlarını canlandırmağa tələsən rəssamın real mövcudluğudur.

Belə təəssürat yaranır ki, elə bil rəssam Tbilisi Rəssamlıq Akademiyasını bitirdikdən sonra əlində boyalar və etüdnik ilə zaman maşınına atılır. Gözlənilməz kompozisiya rakurslu və kolorit baxımdan emosional, təravətli əsərlər xüsusi ilhamla doludur.

Mamuka Tsetsxladzenin mənzərələrinin özünəməxsus üslubu seyrçiləri dərin düşüncələrə sövq edir. Bu düşüncələr seyrçini maneəsiz addımlayaraq bədii reallıqla dolu sehrli aləmə aparır.

Altmışıncı illərin mənzərələrinin qəhrəmanları olan Tbilisi, Moskva, Bakı, Paris, Səmərqənd və digər coğrafi nöqtələr bəzən qeyri-adi, gözlənilməz bədii təqdimatda çıxış edir.

Türkiyənin məşhur aktyoru Levent Kırca vəfat edib

Türkiyəli məşhur aktyor Levent Kırca vəfat edib.

"Dalğa TV"nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, 67 yaşlı aktyor uzun müddət qara ciyər xərçəngindən əziyyət çəkib.

Qeyd edək ki, L. Kırca 1948-ci ildə Samsunda dünyaya gəlib. 1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına başlayıb. Bir çox teatr tamaşası və filmdə rol alan aktyor 22 il yayımlanan "Olacaq o qədər" televiziya proqramını hazırlayıb.

Arzu Əliyevanın filmi Braziliyada - FOTO


Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.

AzNews.az azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən səfir Elnur Sultanov Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Diplomat qeyd edib ki, filmin çəkilməsində məqsəd faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.

Səfir E.Sultanov vurğulayıb ki, çəkilişləri 14 ay davam edən sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Bildirilib ki, filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.

Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər mənfi halların davam etdiyini vurğulayaraq ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən iyirmi ildən artıqdır işğal olduğunu qonaqların diqqətinə çatdırıb. Diplomat filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.

Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Filmin gələcəkdə də Braziliyada nümayiş etdirilməsi məqsədilə müxtəlif təkliflər səsləndirilib.

Tədbirdə Braziliyanın dövlət rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, akademik dairələrin, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.

Leyla Əliyevanın əl işi satışa çıxarıldı - FOTO

"Portağal ağacı".

Christie hərracında xeyriyyə aksiyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti və "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın əl işi sərgilənir.

 

"Dalğa TV" buro247.az-a istinadən xəbər verir ki, Londonda məşhur rəssam və dizaynerlər tərəfindən göy qurşağının bütün rəngləri ilə çəkilmiş ikimetrlik DNT spiralları şəklində 21 heykəl xeyriyyə hərracında satışa çıxarılıb. Heykəlləri onkoloji xəstəliklərlə mübarizə aksiyalarını dəstəkləyən "Cancer Research UK" xeyriyyə təşkilatı üçün "SomeOne" dizayner firması yaradıb. Heykəllərin tərtibatında Zaha Hadid, Tyerri Nuar və Edmund de Vaal kimi memar, dizayner və rəssamlar iştirak edib.

İctimai hərraclarda təqdim edilən heykəllərin sırasında Leyla Əliyevanın "Portağal ağacı" adlı işi də var. Onun yaradılmasına müəllifi mayesindən məşhur cemin hazırlandığı ispan portağal ağaclarının rəng qamması ilhamlandırıb. Leyla Əliyevanın sözlərinə görə, ağacın titrəyişi və onun narıncı barı hər və ümidi simvolizə edir. Hər yaz oyanan qədim ağac həyat davamlılığını və əbədi enerjini nümayiş edir.

Art-obyektlərin satışından əldə edilən gəlir Frants Krik İnstitutunun elmi araşdırmalar fonduna və onkoloji xəstəliklərlə mübarizə proqramına 100 milyon funtun tələb olunduğu Cancer Research Uk xeyriyyə mərkəzinə köçürüləcək.

Məşhur Zaha Hadid hərraca DNT spiralının qeyri-adi versiyasını - növbəti memarlıq layihəsinin hissəsi olmağa layiq olan tünd-göy spiral təqdim edib.

Fransalı Tyerri Nuar bir zamanlar Berlin divarının fraqmentlərində məşhur rəsmlər yaradıb. O, iki metrlik DNT spiralını müxtəlif rəngli optimistik simalarla bəzəyib. O, öz işini 31 yaşında döş xərçəngindən ölən assitenti Liza Braunun xatirəsinə həsr edib.

Xeyriyyə hərracının saytında ən bahalı işin müəllifi - ən tanınmış ingilis rəssam-keramikaçılarından biri, Britaniya imperiyasının kavaleri Edmund de Vaaldır. DNT spiralı yerinə rəssam ağ kövrək keramikadan ibarət installyasiya təqdim edir. Onun ilkin qiyməti 10 min funt sterlinqdir

 

Azərbaycan pavilyonu “Milan Expo 2015”də mükafat qazanıb - FOTO

Azərbaycanın "Milan Expo 2015" ümumdünya sərgisindəki milli pavilyonu İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi Nazirliyinin "Towards a Sustainable Expo" ("Davamlı Ekspoya doğru") proqramı çərçivəsində "Dizayn və materiallar" nominasiyası üzrə mükafatla təltif olunub.

"Dalğa TV" xəbər verir ki, "Milan Expo"da keçirilən təltifolunma mərasimində İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi naziri Can Luka Qalletti, İtaliya hökumətinin "Milan Expo"dakı baş komisarı Cuzeppi Sala iştirak edib. Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyəti vurğulanıb və dizayn elementlərinin seçildiyi qeyd olunub. Xatırladaq ki, "Milan Expo 2015" ümumdünya sərgisi may ayının 1-dən fəaliyyət göstərir. Oktyabrın 31-dək davam edəcək sərgidə Azərbaycan milli pavilyonla təmsil olunur.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi inşa olunan və "Milan Expo 2015"in mövzusuna uyğun dizayn edilən milli pavilyon "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlanır. 1800 m2 ərazidə təşkil olunan 4 mərtəbəli milli pavilyonda Azərbaycanın tarixi və mədəni irsi, zəngin ekoloji, enerji potensialı və unikal biomüxtəlifliyi təqdim olunur.


Milli pavilyon öz dizayn və məzmun kontentinin təqdimatına görə ümumdünya sərgisində iştirak edən ölkələr, eləcə də sərginin milyonlarla izləyicisi arasında favoritlər sırasındadır. Bu günədək milli pavilyonumuzun 2 milyondan çox ziyarətçisi olub. Azərbaycan pavilyonunun əsas özəlliyini həm də 3 biosferdə tərtib olunmasıdır. Bu biosferlərin hər birində müxtəlif mövzular təqdim edilir. 3 biosferin pavilyonun dizaynına daxil edilməsi həm də planetimizin kövrəkliyinə, onun qorunmasına diqqəti çəkir.

"Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgidə 145 ölkə iştirak edir. Bunlardan 54-ü milli pavilyonla, digərləri klasterlərlə (ekspoziyalar) təmsil olunur.

Sərgi başa çatdıqdan sonra Azərbaycanın milli pavilyonu Bakıya gətirilərək müəyyən olunmuş ünvanda izləyicilərin istifadəsinə veriləcək.

Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları ilk üçlükdədir

Cari ilin sentyabr ayında Gürcüstana 568 663 nəfər əcnəbi vətəndaş səfər edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çoxdur. "Dalğa TV"-nin Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu siyahıda birinci yerdə Türkiyə vətəndaşları olub, sonrakı yerlərdə isə Ermənistan, Azərbaycan və Rusiya vətəndaşları qərarlaşıb.

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstana ümumilikdə 4 491 039 nəfər səfər edib ki, bunun da 1 801 018 nəfərini turistlər təşkil edib. Bildirək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə turist sayı 1,6% artıb. Tranzitlə səfər edənlərin sayı 30,9% artaraq 1 807 862-yə çatıb.

Rusiya teatrı Bakıda uşaq kölgə tamaşasını nümayiş etdirəcək

Moskvanın "Trikster" Teatrı oktyabrın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında "Yazılmamış nağıl" adlı kölgə tamaşasını nümayış etdirəcək.

"Report"un verdiyi xəbərə görə, "Trikster" Teatrı 12 il əvvəl Vyaçeslav İqnatov və Mariya Litvinova tərəfindən yaradılıb.

İndiyədək teatr tamaşalarını Rusiya, İngiltərə, Almaniyada nümayiş etdirib. 2010-cü ildə "Lilikan haqqında dastan" tamaşası "Kukla Teatrında ən yaxşı tamaşa" kimi "Qızıl maska" teatr mükafatına layiq görülüb. Tamaşa, həmçinin "Ən yaxşı rejissor işi" və "Ən yaxşı rəssam işi" nominasiyalarına da təqdim edilib.  

Saytda Axtarış

Son xəbərlər