Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün427
DünənDünən1617
Bu həftəBu həftə9426
Bu ayBu ay40969
Bu günə qədərBu günə qədər7529186

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda benzin ucuzlaşdı

alt

Gürcüstandakı neft şirkətləri daxili bazarda satdıqları benzin və dizel yanacağının qiymətini aşağı salıblar.
 “Lukoil Georgia” şirkəti benzinin və dizel yanacağının qiymətlərini 5-10 tetri miqdarında ucuzlaşdırıb. Bununla da “avro requlyar” markalı benzinin 1 litrinin qiyməti əvvəlkindən 5 tetri az - 1,97 lari, “avro super” markalı benzinin 1 litrinin qiyməti 2,22 lari (5 tetri az), “premium avanqard” markalı benzinin dəyəri 2,12 lari (10 tetri az), dizelin 1 litrinin qiyməti isə 2,17 lari (5 tetri az) olub.

“Sun Petroleum Georgia” şirkəti də qiymətləri 5 tetri məbləğində azaldıb. Bu şirkət “avro requlyar” markalı benzini 2,02 lari, dizeli isə 2,04 lariyə satır.

Azərbaycan Dövlət Neft Şirkəti də Gürcüstanda satdığı benzin və dizelin qiymətini 5 tetri aşağı salıb.

Qeyd edək ki, 1 lari 0,58 ABŞ dollarıdır.

Bayram günlərinin dəhşətli STATİSTİKASI: 28 ölü, 126 yaralı

alt

Bayram günlərində, yəni son 6 qeyri-iş günündə Azərbaycanda baş vermiş yol qəzalarında 28 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə dekabrın 31-i, yanvarın 1-5-i tarixlərində respublika yollarında ümumilikdə 80 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 28 nəfər həlak olub. Daha 126 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təkcə son sutka ərzində ölkə yollarında baş vermiş 15 qəzada 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Lənkəranda baş vermiş ağır qəzada bir ailənin 3 üzvü dünyasını dəyişib.

31 dekabr: 9 hadisə, 3 ölü, 17 yaralı

1 yanvar: 11 hadisə, 6 ölü, 28 yaralı

2 yanvar: 12 hadisə, 8 ölü, 15 yaralı

3 yanvar: 19 hadisə, 3 ölü, 27 yaralı

4 yanvar: 14 hadisə, 2 ölü, 19 yaralı

5 yanvar: 15 hadisə, 6 ölü, 20 yaralı

Gürcüstanın baş keşişinin 81 yaşı tamam olub

alt

Yanvarın 4-də Gürcüstanın katalikos-patriarxı II İlyanın 81 yaşı tamam olub. Y ubiley münasibətilə II İlyanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, müdafiə naziri İrakli Alasania, bir neçə nazir və partiya sədrləri təbrik edib və dini liderə uzun ömür, cansağlığı arzulayıblar.

Qeyd edək ki, II İlya (Giorgi Quduşauri-Şiolaşvili) 1933-cü ilin yanvarın 4-də Vladiqafqazda anadan olub. 1977-ci ildən Gürcüstanın katalikos-patriarxı seçilib.

Körpüdən özünü ataraq, intihar etdi.

Sabunçu rayonunda bir gənc intihar edib.  "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını söyləyib.

Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) və polisə bu barədə məlumat veriblər. Hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.  Xəstəxanadan verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb. 

Son bir həftə ərzində Şamaxıda iki məktəbli qız özünü asıb

alt
Şamaxı rayonunda 11 yaşlı qız özünü asıb.


Şamaxı rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə yanvarın 5-də rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Pərvanə Hafiz qızı Səlimova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihara cəhd edib.

Göylər kənd orta məktəbinin V sinif şagirdi olan Pərvanə Səlimova koma vəziyyətində Ağsu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, dekabrın 30-da Göylər kəndində yaşayan 14 yaşlı Nuranə Aqil qızı İsmayılova da özünü asmışdı.

Hər iki faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Prezident İlham Əliyev xristianların Milad Bayramını təbrik edib

alt

Azərbaycan prezidenti İlham Əliyev Milad Bayramı münasibətilə təbrik məktubu yayıb.

Təbrik məktubunda deyilir:

“Hörmətli həmvətənlər!
İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik arzulayıram.
Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar. Bu gün Azərbaycan dövləti sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun hökm sürdüyü, yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi bir cəmiyyətə malikdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristian icması millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, inkişaf və quruculuq prosesində yaxından iştirak edirlər.
Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Milad bayramı yeniliyi, əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!”

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbirlər planı təsdiqləndi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
alt

 Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o cümlədən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər Xiyabanı ərazisində lazımi işlər aparılacaq, yanvarın 17-də bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunacaq. Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər Xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Prezident: “2013-cü il Azərbaycan üçün çox uğurlu olub” - TƏBRİK

alt

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

 

Prezident təbrik nitqində bildirib ki, 2013-cü il Azərbaycan üçün çox uğurlu olub: “Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilib. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artıb, güclənib. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak edib. Beynəlxalq hüququ, ədaləti müdafiə edib”.

 

Prezident dünyada beynəlxalq hüquq normalarının pozulmasından təəssüfünü də ifadə edib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Ancaq əfsuslar olsun ki, onlar icra edilmir”.

 

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalı olduğunu bildirən ölkə başçısı başqa variantın istisna olunduğunu bir daha vurğulayıb: “Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik”.

 

Ordu quruculuğu işində böyük uğurlar olduğunu deyən dövlət başçısı Azərbaycan Ordusunun bu gün dünyanın güclü orduları sırasında dayandığını bildirib: “Bu istiqamətdə hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir sözlə, Ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güclü dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da fəal siyasət aparacağıq”.

 

Son on ildə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmadığını deyən prezident bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatların bunu təsdiqlədiyini də vurğulayıb: “Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artıb ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni iş yeri açılıb. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilib. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr verib. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır”.

 

Prezident qeyd edib ki, beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırıblar: “Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görüb. Bu, çox böyük nailiyyət, nəticədir və  ölkəmizin uğurla inkişaf etdiyini göstərir. İqtisadiyyatımız çoxşaxəlidir, təkcə neft amilinə bağlı deyil. Son illər ərzində apardığımız iqtisadi islahatlar, iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə səbəb olub. Əminəm ki, növbəti illərdə iqtisadi sahədə daha da böyük uğurlar əldə ediləcək. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl icra edilir”.

 

İqtisadiyyatımn güclənməsinin sosial məsələlərin həllinə də kömək göstərdiyini deyən ölkə başçısı qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “ Ona görə, güclü sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə maaşlar, pensiyalar qaldırılıb, sovet vaxtlarından qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilib. Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz növbəti illərdə davam etdiriləcək. Bunu deməyə əsas verən bizim güclü iqtisadi potensialımızdır. İqtisadi müstəqillik olmadan heç bir ölkə özünü tam azad, müstəqil hesab edə bilməz. Ona görə, hesab edirəm ki, iqtisadi sahədə müstəqilliyin əldə olunması bizim ən böyük nailiyyətimizdir”.

 

Ölkəmizdə siyasi islahatların da davam etdiriləcəyini deyən prezident “Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar var. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir” deyə bildirib.

 

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin 2013-cü ildə daha da böyük miqyasda aparıldığını bildirən ölkə başçısı bu il daha da böyük uğurlara nail olunduğunu söyləyib: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan yaradıb. İlin əvvəlində yaradılmış “ASAN xidmət”in fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış “ASAN xidmət” bu gün dünyada da özünü Azərbaycan brendi kimi təsdiqləyir. İl ərzində bu xidmətə beş yüz mindən artıq vətəndaş müraciət edib. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı artırılacaq və eyni zamanda, elektron xidmətlərin sayı da artırılmalıdır”.

 

Prezident bildirib ki, yola saldığımız ildə Azərbaycan dünyanın humanitar mərkəzi kimi özünü bir daha təsdiq edib: “Bu il Azərbaycanda Üçüncü Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu iki tədbir dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib. Azərbaycan artıq dinlərarası, millətlərarası dialoqun aparılması üçün özünü bir mərkəz kimi göstərir. Ölkəmizdə mövcud olan dini və milli dözümlülük, tolerantlıq, bütün xalqların bir ailə kimi yaşaması bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük üstünlüyümüzdür. Deyə bilərəm ki, ölkəmizin bu sahədə təcrübəsi dünyada öyrənilir və təqdir edilir”.

 

Neft-qaz sektorunun ölkəmizin gələcək inkişafı üçün çox böyük məna daşıdığını deyən dövlət başçısı 2013-cü ildə bu istiqamətdə bir neçə vacib məsələnin həllini tapdığını xatırladıb: “Onlardan biri də Trans-Adriatik kəməri layihəsinin seçilməsidir. TAP layihəsi artıq əsas qaz ixrac marşrutu kimi təsdiq edilib. 2012-ci ildə Trans-Anadolu qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilib və bu il bu istiqamətdə böyük işlər görülüb. Dekabrın 17-də “Şahdəniz-2” layihəsinə start verildi. Bu, tarixi layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük infrastruktur və ən böyük enerji layihəsidir. TANAP, TAP, “Şahdəniz-2” layihələri Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir. Bir daha Azərbaycan xalqını bu böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu layihə xalqımızın uğurlu gələcəyi, yaşaması, ölkəmizin dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir layihədir”.

 

Ölkə başçısı bu il Azərbaycanda prezident seçkisi keçirildiyini də xatırladıb və seçkinin azad, ədalətli keçirildiyini deyib: “Seçkiləri müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək qiymət verdilər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət verib. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapıb. Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam”.

 

Bu il Azərbaycanın kosmik dövlətə çevrilməsinin də tarixi nailiyyət olduğunu deyən prezident kosmik sənayenin inkişafının ölkəmizin ümumi, intellektual və iqtisadi potensialını bir daha təsdiqlədiyini vurğulayıb.

 

Prezident bu günün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi də qeyd edildiyini vurğulayıb: “Dünyada yaşayan bütün azərbaycanlılar, əminəm, fəxr edirlər ki, bu gün güclü Azərbaycan dövləti var. O dövlət ki, öz vətəndaşları üçün çalışır, vətəndaşlarının qayğıları ilə yaşayır. Müasir, dinamik, demokratik dövlət ki, bu gün bütün azərbaycanlıların Vətənidir”.

 

Prezident bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər bir Azərbaycan ailəsinə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıb

 

2014-cü il yanvarın 1-nə dünya əhalisinin sayı

alt

2014-cü il yanvarın 1-nə dünya əhalisinin sayı 7 137 577 750 nəfər təşkil edəcək.

 

ABŞ-ın Əhalinin siyahıya alınması bürosundan bildiriblər.Keçən Yeni illə müqayisədə artım 77 630 563 nəfər və ya 1,1 faiz təşkil edir. Bu dövrdə artımı daha çox Hindistan təmin edib - 15,6 milyon nəfər. Bu göstərici ilə Hindistan Çin, Nigeriya, Pakistan və Efiopiyanı ötüb.

 

Qeyd edək ki, dünya əhalisinin sayı 7 milyardı 2012-ci ildə keçmişdi. 2025-ci ilə isə planetin əhalisinin 8 milyard nəfərə çatacağı gözlənilir.

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

alt
Azərbaycan prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dünya azərbaycanlılarına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
 
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.
 
Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcək.
 
Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub. Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz “Azərspace-1” milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış “Şahdəniz -2” enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılan bu möhtəşəm layihə 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” kimi Avropanın enerji təminatı xəritəsində əsaslı dəyişiklik edəcək və dövlətimizin beynəlxalq rolunu daha da gücləndirəcək.
 
Azərbaycanda son on ildə sosial-iqtisadi sahədə baş vermiş güclü sıçrayış cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərmiş, ictimai-siyasi proseslərin sağlam məcraya yönəlməsini şərtləndirib. Respublikamız demokratiya yolu ilə inamla addımlayır, ölkədə siyasi plüralizm, insan hüquq və azadlıqları təmin edilir, vətəndaş cəmiyyətinin inkişafına geniş şərait yaradılır. Bu il keçirilmiş prezident seçkiləri göstərdi ki, Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi yüksəkdir və davam etdirilən strateji kurs xalqın iradəsinə söykənir.
 
Hazırda Azərbaycan bölgədə həm də beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərin və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilib. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycanın iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunması isə dövlətimizin nüfuzuna və yürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür.
 
Uğurlarımızla bərabər qeyd etməliyəm ki, qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları da bu işə öz dəstəklərini verməlidirlər.
 
Bir reallığı da qeyd etməliyəm ki, müasir dünyada yaşanan qlobal proseslər müsbət meyllərlə yanaşı, ölkələrin milli inkişafına, xalqların milli-mənəvi dəyərlərinin qorunmasına bir çox problemlər də yaradır. Belə şəraitdə dünya ölkələrində yaşayan həmvətənlərimizin həmrəyliyi güclənməli, diaspor qurumlarının fəaliyyəti daha mütəşəkkil və çevik olmalıdır. Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik.
 
Bu bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edir, hər birinə xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıram!” 

 

İlham Əliyev və xanımı Qız Qalasında- FOTO

alt

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt Bakının rəmzlərindən biri olan Qız qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olublar.

"İşərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev dövlət başçısına və xanımına burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Qız qalası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xatirə şəkli çəkdiriblər.

Elşad Abdullayevə görə 7 il həbs

alt

Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Abdullayevin iyul ayında yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verir.

M. Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məcidov tutulub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndələrinə əsasən ittiham ediliblər.

Onu da qeyd edək ki, hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Saytda Axtarış

Son xəbərlər