Qardabanidə Azərbaycanın şanlı qələbəsinin sevinci yaşanır

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda Azərbaycanın tarixi Qələbəsinə həsr olunan yürüş-mitinq keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları ilə bəzədilmiş avtomobillərlə rayon mərkəzində avtoyürüş də təşkil olunub.
Yürüşboyu iştirakçılar “Yaşasın Azərbaycan!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” və digər dəstək şüarları səsləndiriblər.
Sonra tədbir Qardabaninin mərkəzində mitinqlə davam edib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Tədbirin təşkilatçı,Qardabani şəhər sakini, ictimai fəal Şakir Mustafayev, Qardabani ağsaqqalı Firdovsi İskəndərov, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, onun müavini Mayak Nemətov, ictimai fəal Rahat Əlləzov və başqaları çıxış edərək Azərbaycan Ordusunun şanlı qələbəsindən danışıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qələbəsi Gürcüstanda yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olub. Gürcüstanda Azərbaycanın tarixi zəfər xəbəri böyük sevinc hissi ilə qarşılanıb.
Qeyd olunub ki, bu böyük Qələbə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin parlaq təzahürüdür. Dövlətimizin başçısının uzun illər ərzində Azərbaycan iqtisadi inkişafı, Ordunun müasir silahlarla təmin olunması və əsgərlərimizin hərbi, mənəvi-psixoloji hazırlığı istiqamətində gördüyü işlər Qələbənin əsasını qoyub.
Tədbirdə Azərbaycan-Gürcüstan, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının və dostluğunun önəmindən, bu ölkədə yaşayan azərbaycanlıların dövlətimizə dəstəyindən də söz açılıb.
Daha sonra aksiya iştirakçıları Rustavi şəhərinə gedərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül qoyub, xatirəsini ehtiramla yad ediblər.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey