İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Bakının Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Dalğatv “AZƏRTAC”- a istinadən xəbər verir ki, dövlət başçısına stansiya və layihəni həyata keçirən Çinin “Universal Energy” şirkətinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, “Qobustan” GES Azərbaycanda hərrac yolu ilə reallaşdırılan ilk Günəş enerjisi layihəsidir. Layihə üçün Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar ərazi ayrılıb. 2024-cü ildə keçirilən hərracın qalibi “Universal International Holdings Limited” şirkəti olub.
Stansiyanın ildə təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bununla hər il 45 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə atılan karbon emissiyaları isə 97 min ton azalacaq.
“Qobustan” GES-in istifadəyə verilməsi ilə Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücü 2170 MVt-a, bu tip stansiyaların sayı isə 85-ə çatacaq.
Hazırda bərpaolunan enerji mənbələri Azərbaycanın ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. 2027-ci ilin sonunadək ölkədə əlavə 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
