Valdas Dambrauskas: “Borussiya” ilə oyunda heç-heçəyə yaxın idik”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Dortmund “Borussiya”sına qarşı keçirdikləri oyunu dəyərləndirib.
Dalğatv xəbər verir ki, mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib.
“Bərabərliyə yaxın olsaq da, rəqibin keyfiyyəti öz sözünü dedi. “Borussiya”nı qələbə münasibətilə təbrik edirəm. Futbolçularımla qürur duyuram, onlar əllərindən gələni etdilər”, – deyə Dambrauskas bildirib.
Baş məşqçi komandasının taktiki planı ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:
“Düşünürəm ki, oyun planımız kifayət qədər aydın idi. Matçı yenidən izləsəniz, bunu görə bilərsiniz. Stadionda olan hər kəs də bunu gördü”.
Dambrauskas hücumçu Mbina ilə bağlı suala cavabında futbolçunun çıxışından razı qaldığını və gələcək oyunlarda daha çox şans qazana biləcəyini qeyd edib.
“Borussiya”nın Avropanın ən güclü komandalarından biri olduğunu vurğulayan mütəxəssis məğlubiyyətə baxmayaraq, yetirmələrinin mübarizəsindən razı qaldığını bir daha bildirib.
