Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

“Dalğatv” xəbər verir ki, müzakirələr Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüş zamanı aparılıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dərin tarixi köklərə, qarşılıqlı etimada və dostluğa əsaslandığı, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanda həyata keçirilən dövlət-din siyasəti nəticəsində müxtəlif dinlərin, məzhəblərin və etnik qrupların dinc və qarşılıqlı hörmət şəraitində yaşaması üçün əlverişli mühit formalaşdırılıb. Ölkədə fəaliyyət göstərən dini konfessiyaların, o cümlədən gürcü pravoslav icmasının dini etiqad azadlığının təmin edildiyi qeyd olunub.

Gürcüstan nümayəndə heyəti Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib, dini sahədə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların milli-mənəvi və dini dəyərlərinin qorunması istiqamətində görülən işlər müsbət qiymətləndirilib.

Tərəflər dini sahədə qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey