Gürcüstanda yanacaq yenidən bahalaşıb
Gürcüstanda yanacağın qiymətində növbəti artım qeydə alınıb.
Dalgatv xəbər verir ki, son bir həftə ərzində bəzi yanacaqdoldurma məntəqələrində benzinin bir litrinin qiyməti 8 tetriyədək, dizelin qiyməti isə 20 tetriyədək artıb.
Yeni qiymətlərə əsasən, “Wissol”da benzinin qiyməti növündən asılı olaraq 3,89–4,54 lari, dizel isə 4,83–4,87 lari arasında dəyişir.
“SOCAR”da benzinin qiymətləri dəyişməz qalsa da, dizel 18 tetri bahalaşıb. Hazırda şirkətin məntəqələrində dizelin bir litri 4,70–4,80 lariyə satılır.
“Rompetrol”da benzin qiymətləri dəyişməyib, dizel isə 12 tetri bahalaşaraq 4,79–4,87 lariyə çatıb.
“Gulf”da benzinin qiyməti 4–6 tetri, dizel isə 20 tetri artıb. Hazırda dizelin bir litri 4,75–4,85 lari arasında təklif olunur.
“Portal”da benzin 5 tetriyədək, dizel isə 15–20 tetri bahalaşıb. “Lukoil”da isə benzinin qiymətində 5–8 tetri, dizeldə 9 tetri artım qeydə alınıb.
Qeyd edək ki, Gürcüstanda yanacağın bahalaşması dünya bazarında neft qiymətlərinin gerilədiyi dövrə təsadüf edir. Son bir həftədə WTI markalı xam neftin bir barelinin qiyməti 102 dollardan 90 dollara, “Brent” isə 105 dollardan 99 dollara enib.
