Fridrix Merts türk miqrantların Almaniyanın inkişafındakı rolunu yüksək qiymətləndirib
Almaniya Kansleri Fridrix Merts Türkiyədən gələn əmək miqrantlarının ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfələr verdiyini bildirib.
Dalğatv “ AZƏRTAC”a istinadən xəbər verir ki, Kansler bu barədə oktyabrın 20-də Berlində Almaniya ilə Türkiyə arasında işçi qüvvəsinin cəlb edilməsinə dair sazişin 65 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.
Merts qeyd edib ki, türk işçilər Almaniyanın sənaye potensialının formalaşmasında mühüm rol oynayıblar. Onun sözlərinə görə, Türkiyədən gələn miqrantlar ölkəni iqtisadi, mədəni və elmi baxımdan zənginləşdiriblər.
Kansler türk mənşəli insanların uzun illər Almaniyada yaşamalarına və cəmiyyətə inteqrasiya istiqamətində göstərdikləri səylərə baxmayaraq, bəzən hələ də əcnəbi kimi qəbul edilməsini tənqid edib.
“Yad olanlardan qorxmaq hər bir azad cəmiyyət üçün zəhərdir”, – deyə Merts vurğulayıb.
Qeyd edək ki, Almaniya ilə Türkiyə arasında əmək miqrasiyasına dair saziş 1961-ci il oktyabrın 30-da imzalanıb. Saziş çərçivəsində 1973-cü ilədək Almaniyaya təxminən 900 min türk işçi gəlib. Onların bir hissəsi sonradan ölkədə daimi məskunlaşıb.
