Batumidə “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk, qurumun və “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin yüksək ali şəxsləri, Gürcüstanın dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil edirlər.
Konfransda “Şərq tərəfdaşlığı” proqramının nailiyyətləri, 2020-ci ilə qədər əməkdaşlıq planları və cari geosiyasi vəziyyət müzakirə olunacaq. Tədbirdə əməkdaşlığın əsas istiqamətlərinə həsr olunmuş tematik sessiyalar təşkil olunacaq. İştirakçılar əməkdaşlığın gücləndirilməsi üçün və 2020-ci ildən sonra Avropaya inteqrasiya proseslərinin təşviqi ilə bağlı yeni ideyalarla bölüşəcəklər.
Tədbir iştirakçıları həmçinin demokratik proseslər, Qara dənizdə təhlükəsizlik və bölgədə davam edən münaqişələr, tərəfdaşların Aİ ilə iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə yönəlmiş nəqliyyat, energetika və digər iqtisadi sahələr üzrə layihələri nəzərdən keçirəcəklər.
Konfrans sabah da davam edəcək.
Beynəxlalq konfransla yanaşı, Batumidə “Şərq tərəfdaşlığı” üzrə birinci İnvestisiya Forumu da keçiriləcək.