Brüsseldə azərbaycanlı itkin ailələri etiraz aksiyası keçiriblər

Oktyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin qarşısındakı “Place du Luxembourg” meydanında azərbaycanlı itkin ailələrinin etiraz aksiyası keçirilib.

Dalğatv “AZƏRTAC “a istinadən xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiya barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Aksiya iştirakçıları Ermənistanla münaqişə zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini və bu məsələyə beynəlxalq diqqətin artırılmasını tələb ediblər.

Tədbirdə səsləndirilən bəyanatda bildirilib ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı dövründə 4010 azərbaycanlı itkin düşüb. Onların arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub.

Bəyanata əsasən, indiyədək işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb, 328 itkin şəxsin kimliyi müəyyənləşdirilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib.

Aksiya iştirakçıları Ermənistanı itkinlərin taleyinə dair məlumatları və müvafiq arxiv sənədlərini təqdim etməyə, Avropa İttifaqı institutlarını isə məsələyə diqqət ayırmağa çağırıblar.

Tədbir çərçivəsində itkin düşmüş şəxslərin fotoşəkilləri, şəxsi əşyaları və ailələrinin mesajlarından ibarət xüsusi instalyasiya nümayiş etdirilib.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova bildirib ki, ailələr yaxınlarının taleyi barədə həqiqəti öyrənmək istəyirlər və bu istiqamətdə beynəlxalq dəstəyə ehtiyac duyurlar.

“Heç bir ailə sonsuza qədər gözləməməlidir”, – deyə o vurğulayıb.

İtkin ailələri yaxınlarının taleyinə aydınlıq gətirilənədək Avropada etiraz və maarifləndirmə aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey