Avropa Şurasının baş katibi Gürcüstan hakimiyyətini siyasi plüralizmi qorumağa çağırıb
Avropa Şurasının baş katibi Alen Berset Gürcüstan hakimiyyətini siyasi plüralizmi qorumağa və müxalifət partiyalarının sərbəst fəaliyyətinə şərait yaratmağa çağırıb.
Dalğatv xəbər verir ki, Berse bu barədə Gürcüstan Konstitusiya Məhkəməsində beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı proses ərəfəsində bəyanat yayıb.
Baş katib bildirib ki, siyasi plüralizm demokratik cəmiyyətin əsas prinsiplərindən biridir və Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin mühüm hissəsini təşkil edir.
Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ siyasi partiyaların ləğvi üçün ciddi hüquqi əsasların mövcudluğunu tələb edir. Belə qərarlar zərurilik və mütənasiblik prinsiplərinə uyğun olmalıdır.
Berse hakim çoxluğun siyasi müxalifətin parlament daxilində və xaricində legitim fəaliyyətinə hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
O, həmçinin Gürcüstanda vətəndaş cəmiyyəti, müstəqil media və dinc toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin artmasından narahatlığını ifadə edib.
“Avropa Şurası Gürcüstandakı hadisələri diqqətlə izləyəcək və ölkənin beynəlxalq öhdəliklərinə əməl etməsi, siyasi plüralizmin və fundamental azadlıqların qorunması istiqamətində dialoqu davam etdirəcək”, – deyə Berse bildirib.
