Zohran Mamdani Nyu-Yorkun ilk müsəlman meri olacaq

ABŞ-ın Demokratlar Partiyasından olan siyasətçi Zohran Mamdani 2026-cı il yanvarın 1-dən etibarən Nyu-York şəhərinin yeni meri olacağını bəyan edib.

Mamdani tərəfdarları qarşısında çıxışı zamanı bildirib:

“Yanvarın 1-də mən Nyu-Yorkun meri kimi and içəcəyəm.”

Məlumata görə, 34 yaşlı Zohran Mamdani son yüz il ərzində Nyu-York şəhərinə rəhbərlik edən ən gənc mer olacaq. O, həmçinin şəhərin ilk müsəlman meri kimi tarixə düşəcək.

Səslərin sayılması hələ davam etsə də, ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri – FOX News, NBC News, Associated Press, The Wall Street Journal və The New York Times – Mamdaninin qələbəsini yüksək ehtimalla təsdiqləyirlər.

Zohran Mamdani seçkilərdə müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasının nümayəndəsi Körtis Sliwa üzərində qələbə qazanıb.

O, seçki kampaniyası zamanı fəhlə sinfinin sosial rifahını yüksəltməyi vəd edib. Onun əsas vədlərinə aşağıdakılar daxildir:

  • kirayə qiymətlərinin artmasının qarşısının alınması;
  • şəhər avtobuslarında pulsuz gedişin təmin edilməsi;
  • ucuz ərzaq mağazaları şəbəkəsinin yaradılması;
  • 2030-cu ilə qədər minimum əməkhaqqının saatda 16,5 dollardan 30 dollara qaldırılması.

Mamdani sosial layihələrin maliyyələşdirilməsi üçün əmlak vergisinin artırılmasını, həmçinin özəl universitetlər üçün yeni əmlak vergisinin tətbiqini təklif edir. Elde olunan vəsaitin dövlət ali təhsil müəssisələrində pulsuz təhsilin maliyyələşdirilməsinə yönəldiləcəyi bildirilir.

Hazırda Nyu-Yorkun meri Erik Adamsdır. O, əvvəlcə növbəti seçkilərdə müstəqil namizəd kimi iştirak etməyi planlaşdırsa da, sentyabr ayında yarışdan rəsmi şəkildə çəkildiyini açıqlamışdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey