Rusiya XİN Qərbi Gürcüstanın daxili işlərinə müdaxilədə ittiham edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrini Gürcüstanın daxili siyasi proseslərinə müdaxilə etməkdə ittiham edib.

“Dalğatv” xəbər verir ki, Zaxarova keçirdiyi brifinqdə jurnalistin “Rusiya Gürcüstan hakimiyyətini dövlət çevrilişinə cəhdlərlə bağlı əvvəlcədən xəbərdar etmişdimi?” sualını cavablandırarkən bu barədə danışıb.

Rusiya XİN rəsmisi bildirib ki, Gürcüstanda siyasi proseslərin gərginləşdiyi dövrdə Moskva baş verən hadisələrə mütəmadi münasibət bildirib və xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə cəhdlərinə diqqət çəkib.

“Gürcüstanda hadisələrin inkişaf etdiyi dövrdə baş verən prosesləri fəal şəkildə şərh edirdik. Bildirirdik ki, suveren dövlət olan Gürcüstana qarşı onun daxili işlərinə müdaxilə kimi qiymətləndirilə biləcək müxtəlif vasitələrdən istifadə olunur. Ölkəni Gürcüstanın milli maraqlarına zidd narrativlərin təsiri altına salmağa çalışırdılar. Bütün bunlar, ilk növbədə, Gürcüstan vətəndaşlarının iradəsinə qarşı yönəlmişdi. Biz konkret faktlara əsaslanaraq bu məsələlər barədə açıq danışırdıq”, – deyə Zaxarova qeyd edib.

O, Gürcüstanda qəbul edilmiş “Xarici agentlər haqqında” qanun ətrafında yaranmış vəziyyəti də Qərbin ölkənin daxili işlərinə müdaxiləsinə nümunə kimi göstərib.

“Biz həmin qanunun timsalında Qərbin bu məsələdən necə manipulyasiya vasitəsi kimi istifadə etdiyini və Gürcüstanın daxili işlərinə müdaxilə etdiyini izah edirdik. Əvvəlcə qanunun ləğvinə nail olmağa çalışdılar, daha sonra isə buna heç bir hüquqları olmadığı halda, etiraz əhval-ruhiyyəsini süni şəkildə istiqamətləndirməyə cəhd göstərdilər”, – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey