Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb.
“Dalğa tv” “AZƏRTAC “a istinadən xəbər verir ki, görüş zamanı dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə əlaqədar bir daha başsağlığı verib.
Bolqarıstanın Baş naziri Rumen Radev göstərilən diqqətə, başsağlığına və ifadə olunan həmrəyliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edilib.
Tərəflər enerji sahəsində formalaşmış səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək, bu istiqamətdə tərəfdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu qeyd ediblər.
Söhbət zamanı Azərbaycan ilə Bolqarıstan arasında elektrik enerjisi dəhlizinin yaradılması layihəsi, enerji bağlantılarının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
