Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Saqareco rayonun Yormuğanlı kəndində olub
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Saqareco rayonun Yormuğanlı kəndində 20 Yanvar və Tbilisidə 1989-cu ilin 9 aprelində baş verən qanlı hadisənin qurbanlarının xatirəsinə ucaldılan “Şəhid” abidəsini ziyarət edib.
“Dalğa tv”, “Report”-a istinadən xəbər verir ki, ziyarətdə səfirlik əməkdaşları, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, kənddən olan 20 Yanvar şəhidi Ələsgər Qayıbovun yaxınları və yerli sakinlər də iştirak ediblər.
Memorial abidənin önünə qərənfillər düzülüb, Azərbaycan və Gürcüstanın müstəqliyyi uğrunda şəhid olanların ruhuna dualar oxunub.
F.Quliyev çıxışında bildirib ki, 20 Yanvar şəhidləri hər il Gürcüstanda da hörmət və ehtiramla yad olunur:
“Gürcüstandan olan altı şəhidin xatirəsinin əbədiləşdirilməsi, onlar haqqında məlumatların toplanaraq gürcü dilində də çap olunması ilə bağlı təşəbbüslər var. “Qara Yanvar” qanlı tarix olsa da, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Bu tarixin gələcək nəsillərə və Gürcüstan ictimaiyyətinə çatdırılması çox vacibdir”.
Həmçinin Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev çıxışında Bakıdakı qanlı hadisələrin şahidi olduğunu deyib. O, şəhidlərin ölməz olduğunu və onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını bildirib.
Daha sonra Ə.Qayıbovun yaxınları ziyarət olunub, şəhidin doğulduğu kənddə xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunub.
Qeyd edək ki, “Şəhidlik” memorialı 1991-ci il yanvarın 20-də açılıb. Müəllifi əslən Saqarecodan olan Azərbaycanın əməkdar rəssamı mərhum Zahid Hüseynovdur (Şəmirli).