Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı beş milyonu ötüb
Almaniyada günəş enerjisindən istifadənin genişlənməsi ilə enerji transformasiyası prosesində mühüm mərhələyə çatılıb.
”Dalğatv”xəbər verir ki, Federal Şəbəkə Agentliyinin məlumatına əsasən, ölkədə fəaliyyət göstərən günəş enerjisi panellərinin (fotovoltaik sistemlərin) sayı 5 milyon 5 minə yüksəlib.
Almaniya Günəş Enerjisi İttifaqı (BSW-Solar) bu nailiyyəti enerji sektorunda aparılan islahatların uğurlu nəticəsi kimi qiymətləndirib. Hazırda ölkədə ümumi gücü 104 qiqavat olan günəş enerjisi sistemləri fəaliyyət göstərir. Bu göstəricinin 38 faizi yaşayış evlərinin dam örtüklərinə, 29 faizi sənaye və ticarət obyektlərinə, 32 faizi açıq sahələrə, 1 faizi isə balkonlara quraşdırılmış sistemlərə aiddir.
Təkcə 2023-cü il ərzində Almaniyanın enerji sisteminə 17 qiqavat həcmində yeni günəş enerjisi qurğuları əlavə olunub. Bu artım nəticəsində günəş enerjisi artıq ölkənin ümumi elektrik tələbatının təxminən 15 faizini ödəyir. Son dövrlərdə balkonlar üçün nəzərdə tutulmuş kiçik panellərin populyarlaşması da artım tempinə ciddi təsir göstərib. 2024-cü ilin əvvəlindən etibarən quraşdırılan 1,25 milyon panelin yarı milyondan çoxu məhz balkon sistemlərinə aiddir.