ABŞ yeni nüvə hücumu sualtı qayığını istismara verib
ABŞ Hərbi Dəniz Qüvvələri yeni nəsil nüvə sualtı qayığını istismara verib
“Dalğatv” xarici medyaya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daha bir müasir nüvə hücum sualtı qayığı əlavə olunub. “Virginia Block IV” sinfinə aid olan və “USS Iowa” (SSN 797) adlandırılan bu yeni qayıq rəsmi mərasimlə istifadəyə verilib. Təqdimat Konnektikut ştatının Nyu-London şəhərində yerləşən dəniz bazasında baş tutub.
Bu sinfə daxil olan sualtı qayıqlar uzaqmənzilli hücum imkanları ilə seçilir. Onlar 1600 kilometrə qədər məsafəyə çata bilən 12 ədəd “Tomahawk” qanadlı raketi ilə silahlandırılıb. Qayığın texniki göstəricilərinə gəldikdə, onun uzunluğu 115 metr, eni isə 10 metr təşkil edir. Sualtı qayıq 240 metrdən çox dərinliyə enə və 25 düyündən artıq sürət yığa bilir.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri “Virginia” sinifinə aid müxtəlif modifikasiyalı 23 hücum sualtı qayığını idarə edir. Bundan başqa, donanmanın tərkibində 26 “Los-Anceles” sinifli, 3 “Seawolf” sinifli hücum sualtı qayığı, 154 “Tomahawk” raketi ilə təchiz edilmiş 4 “Ohayo” sinifli qayıq və 20 ədəd D5 ballistik raket daşıya bilən 14 strateji “Ohayo” sinifli sualtı qayıq da fəaliyyət göstərir.