Tbilisidə genişmiqyaslı yürüş mitinqi başlayıb
Paytaxt Tbilisidə “Gürcüstan Avropa İttifaqını seçir!” adlı genişmiqyaslı yürüş mitinqi başlayıb.
Mitinq “Mənim səsim Avropa İttifaqına” hərəkatı tərəfindən təşkil edilib.
Təşkilatçılar bildiriblər ki, 26 oktyabr parlament seçkiləri tarixi bir şansdır və bu şansı Gürcüstan xalqı əldən verməyəcək və Avropa İttifaqı ilə parlaq gələcəyi seçəcək.
Hazırda vətəndaşlar paytaxtın beş müxtəlif meydanından Azadlıq Meydana doğru yürüş edirlər.
Aksiya iştirakçılarının əllərində Avropa İttifaqının bayraqları, üzərində “Gürcüstan Avropa İttifaqını seçir” yazısı olan pankart və Avropa İttifaqını dəstəkləyən müxtəlif məzmunlu plakatlar var.
Qeyd edək ki, Azadlıq meydanında səhnə qurulub, burada siyasi çıxışlar planlaşdırılır. Əldə olan məlumata görə, prezident Salome Zurabişvili vətəndaşlara müraciət edəcək.