Fransada etiraz aksiyalarından sonra təhlükəsizlik tədbirləri gücləndirilir

Fransada oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qeydə alınan zorakılıq və qarət hadisələrindən sonra ölkənin bir sıra şəhərlərində əlavə təhlükəsizlik tədbirlərinin tətbiqi qərara alınıb.

Dalğatv ‘AZƏRTAC’- a istinadən xəbər verir ki, Paris Polis Prefekturasının qərarına əsasən, oktyabrın 19-da saat 23:00-dan 06:00-dək Respublika meydanı və Halles ərazisində komendant saatının tətbiqi nəzərdə tutulur. Paytaxtda saat 20:00-dan 06:00-dək nümayişlərin keçirilməsi də qadağan ediləcək.

Fransanın şimalındakı Lill, Duen, Vattinyi və Denen şəhərlərinin bəzi məhəllələrində növbəti iki gün ərzində yetkinlik yaşına çatmayanların hərəkəti saat 20:00-dan 06:00-dək məhdudlaşdırılacaq. Nitsa şəhərinin meri Erik Siotti isə bazar ertəsi axşamından etibarən şəhər mərkəzində azyaşlılar üçün saat 21:00-dan 06:00-dək komendant saatının tətbiq olunacağını açıqlayıb.

Fransa Ümumi Əmək Konfederasiyası hökumətin böhranla bağlı siyasətini tənqid edərək, işçiləri dinc etiraz aksiyalarında iştirak etməyə çağırıb.

Ölkənin ticarət naziri Serj Papen isə aksiyalar zamanı qarət edilmiş məhsulların internet platformalarında satışının qarşısının alınması üçün tədbirlər görüləcəyini bildirib. Nazir qanunsuz satış elanlarının dərhal silinməsini tələb edib.

Bununla yanaşı, “Sarı jiletlilər” hərəkatının koordinasiya qrupu oktyabrın 24-də növbəti etiraz aksiyalarının keçirilməsini planlaşdırdığını açıqlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey