Kaxa Kaladze: Gürcüstan mürəkkəb regional vəziyyətə baxmayaraq, iqtisadi inkişafını davam etdirir
“Dünyada, xüsusilə Avropa və Yaxın Şərqdə siyasi gərginliyin artmasına baxmayaraq, Gürcüstanda müsbət iqtisadi tendensiyalar müşahidə olunur”.
Bunu Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə Gürcüstan iqtisadiyyatında artım qeydə alınır, yerli biznes inkişaf edir və ölkənin iqtisadi göstəricilərində müsbət dinamika müşahidə olunur.
Kaladze bu nəticələri hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının həyata keçirdiyi siyasətlə əlaqələndirib.
“Avropada, Yaxın Şərqdə və bütövlükdə dünyada mürəkkəb siyasi vəziyyət hökm sürür. Belə bir şəraitdə Gürcüstanın iqtisadi inkişafını davam etdirməsi təsadüfi deyil. Bu, hakim komandanın yürütdüyü siyasətin nəticəsidir. Müxtəlif təzyiqlərə, təhdidlərə və ədalətsiz münasibətə baxmayaraq, prinsipial mövqeyimizi qoruyuruq. Əsas məqsədimiz ölkədə sülh və sabitliyin təmin edilməsidir”, – deyə o vurğulayıb.
Tbilisi meri bildirib ki, hökumətin əsas prioritetlərindən biri iqtisadi artımın davamlılığını təmin etmək və əldə olunan nəticələrin vətəndaşların rifahına müsbət təsir göstərməsinə nail olmaqdır.
