Fransa 24 oktyabra hazırlaşır: Polis qüvvələri artırılır, hərbçilər səfərbər edilir
Fransa hökuməti oktyabrın 24-də “Sarı jiletlilər” hərəkatının planlaşdırdığı etiraz aksiyaları ilə əlaqədar ölkə üzrə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb. İctimai asayişin qorunması məqsədilə polis qüvvələrinin sayının artırılması və əlavə təhlükəsizlik bölmələrinin cəlb edilməsi nəzərdə tutulur.
“ Dalğatv “xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, Fransanın Baş naziri Sebastyen Lekornu etiraz aksiyaları zamanı ictimai təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlərin görüləcəyini bildirib.
Baş nazirin sözlərinə görə, bəzi ərazilərdə tətbiq olunan qismən hərəkət məhdudiyyətlərinin qüvvədə saxlanılması planlaşdırılır. O, əvvəlki nümayişlər zamanı qeydə alınan iğtişaşların və ticarət obyektlərinə qarşı hücumların təkrarlanmasının qarşısının alınmasının hökumətin əsas prioritetlərindən olduğunu vurğulayıb.
Lekornu oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı bəzi şəhərlərdə təhlükəsizlik qüvvələrinin vəziyyətə nəzarət etməkdə çətinlik çəkdiyini xatırladıb. Bununla belə, onun sözlərinə görə, etirazçı qrupların Yelisey sarayına və Baş nazirliyin yerləşdiyi əraziyə irəliləməsinin qarşısı alınıb.
Fransanın daxili işlər naziri Loran Nunes də oktyabrın 24-nə planlaşdırılan aksiyalarla bağlı polis qüvvələrinin sayının və əməliyyat imkanlarının artırılacağını bəyan edib.
Məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində “Sentinelle” antiterror əməliyyatında iştirak edən hərbi qulluqçuların da səfərbər edilməsi nəzərdə tutulur.
Fransa hakimiyyəti görülən tədbirlərin əsas məqsədinin ictimai asayişi qorumaq, mümkün zorakılıq hallarının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək olduğunu bildirir.
