David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məhkəmə prosesi davam edir
Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində müharibə və insanlıq əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərlə bağlı açıq məhkəmə prosesi davam etdirilib. Məhkəməyə hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır. Təqsirləndirilənlərə tərcüməçilər və vəkillər təyin olunub, prosesdə zərərçəkmişlər və dövlət ittihamçıları da iştirak edib.
İclasda Ermənistan vətəndaşı, general-mayor David Manukyan dindirilərək Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etdiyini, “Daşnak taboru”nda və sonradan “Şuşa taboru”nda müxtəlif vəzifələrdə çalışdığını etiraf edib. O, 44 günlük müharibə zamanı “qondarma rejimin ordusu”nda “komandanın 1-ci müavini” olub, döyüş əmrlərini “müdafiə naziri” Cəlal Harutyunyandan aldığını bildirib.
Manukyan qondarma rejimin hərbi rəhbərliyinin və təyinatlarının Ermənistan tərəfindən həyata keçirildiyini, silah və şəxsi heyətin də Ermənistandan göndərildiyini təsdiqləyib. O, həmçinin 7-ci müdafiə xəttinə rəhbərlik etdiyini, Goranboyun Gülüstan kəndi istiqamətində PMN-1 minaları basdırıldığını etiraf edib.
O, həmçinin Ruben Vardanyanın 2023-cü il sentyabrın 27-də onun avtomobilində Azərbaycanı tərk etməyə çalışarkən saxlanıldığını bildirib. Məhkəmə prosesində cinayət işi üzrə sənədlər də tədqiq olunub.