Gürcüstan və Azərbaycan Milli Muzeyləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Tbilisidə Gürcüstan Milli Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində keçirilən tədbir zamanı imzalanıb.
Memorandum iki ölkə muzeyləri arasında sərgilərin təşkili, ustad dərsləri, eləcə də xalçaçılıq və tekstil sahəsində konservasiya və restavrasiya üzrə təcrübə mübadiləsini nəzərdə tutur.
Tərəflər yaxın gələcəkdə Azərbaycan və Gürcüstan muzeylərində xalçaçılıq və tekstil mədəniyyətinə həsr olunmuş sərgilər, interaktiv tədbirlər və təlim proqramları keçirməyi planlaşdırırlar.
Bu əməkdaşlıq Azərbaycan və Gürcüstanın mədəni irsinin qorunması və təbliği baxımından mühüm addım kimi qiymətləndirilir.
