Baş nazirin iştirakı ilə Tbilisidə iftar süfrəsi təşkil edilib

 

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ramazan ayı münasibətilə müsəlman icması ilə iftar süfrəsində görüşüb. “Dalğatv” xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Baş nazir çıxışı zamanı Gürcüstanın tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayış məkanı olduğunu qeyd edib. O, ölkədəki dini müxtəlifliyin Gürcüstanın ən qiymətli sərvətlərindən biri olduğunu vurğulayaraq bildirib:

“Biz Gürcüstandakı mövcud tolerantlıq və qardaşlıq mühitindən qürur duyuruq. Ölkəmizin gələcəyini birlikdə qururuq və bu prosesdə müsəlman icmasının rolu əvəzsizdir. Xüsusilə 2014-cü ildən etibarən hökumət müsəlman icmasına hərtərəfli dəstək göstərməkdədir və bu dəstək gələcəkdə də davam edəcək. Gürcüstandakı müsəlman icması ölkəmizin ayrılmaz hissəsidir və onun inkişafına mühüm töhfələr verir. Qardaşlıq münasibətlərimizin dərin tarixi var. Gürcüstan nadir ölkələrdəndir ki, burada gürcülər və azərbaycanlılar, həmçinin şiə və sünni müsəlmanlar eyni məsciddə ibadət edirlər. Bu dinc birgəyaşayış və qardaşlıq ənənəsi bizim üçün çox qiymətlidir və biz bunu yalnız sözlə deyil, əməli addımlarla da sübut edirik. Son 10 il ərzində 250-dən artıq məscid müsəlman icmasının istifadəsinə verilib və hökumət tərəfindən icmaya ümumilikdə 35 milyon lari məbləğində maliyyə yardımı ayrılıb. Bütün bunlar Gürcüstan hökumətinin müsəlman icmasına və onun ölkənin inkişafına verdiyi töhfəyə yüksək qiymət verdiyinin göstəricisidir”, – deyə baş nazir bildirib. Tədbirdə qanunverici orqanların və diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey