Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili Həbsxanada dindirilib
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili Rustavi şəhərində yerləşən 12 saylı penitensiar müəssisədə istintaq çərçivəsində dindirilib.
24News.ge xəbər verir ki, Gürcüstan Prokurorluğu və Daxili İşlər Nazirliyinin nümayəndələri Qaribaşvilidən ifadə almaq məqsədilə penitensiar müəssisəyə gediblər.
Dindirilmə keçmiş Baş nazirin həbsxanadan yaydığı son məktubunda hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümü ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar aparılıb.
Dindirilmədən sonra açıqlama verən prokuror Medea Tsiramuanın sözlərinə görə, Qaribaşvili Lazare Corbenadzenin ölümü ilə bağlı konkret məlumata və ya ayrıca məlumat mənbəyinə malik olmadığını bildirib.
“İrakli Qaribaşvili açıq şəkildə bildirdi ki, Lazare Corbenadzenin intiharı ilə bağlı hər hansı məlumata malik deyil. Məktubunda səsləndirdiyi fikirlər yalnız müxtəlif media nəşrlərində yayılan məlumatlara əsaslanıb və konkret mənbəyə söykənmir”, – prokuror bildirib.
Tsiramua qeyd edib ki, Qaribaşvili vəkillərinin iştirakı ilə və qanunvericiliyin tələblərinə uyğun şəkildə dindirilib. İstintaqın maraqlandığı suallar ona təqdim olunub və əlavə məlumat verməsi üçün imkan yaradılıb.
Prokuror istintaqın gedişindən asılı olaraq digər şəxslərin də dindirilməsinin mümkün olduğunu bildirib. Baş nazir İrakli Kobaxidze və “Gürcü Arzusu”nun keçmiş liderlərindən Mamuka Mdinaradzenin ifadəyə çağırılıb-çağırılmayacağı ilə bağlı suala cavabında o qeyd edib ki, zərurət yaranacağı təqdirdə istintaq üçün əhəmiyyət kəsb edən digər şəxslər də prosesə cəlb edilə bilər.
Qeyd edək ki, Qaribaşvili həbsxanadan yaydığı son məktubunda “hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümünün əsl səbəbi nə olub?” sualını qaldırıb. Keçmiş Baş nazir, həmçinin Kobaxidze-Mdinaradze hakimiyyəti dövründə baş verdiyini bildirdiyi bir sıra intihar halları ilə bağlı cəmiyyətdə cavabsız sualların qaldığını qeyd edib.
Gürcüstan Prokurorluğu bu gün Lazare Corbenadzenin intihar etdiyini açıqlayıb. Qurumun məlumatına görə, Qaribaşvili və digər şəxslərin məsələ ilə bağlı ictimai açıqlamalarından sonra Daxili İşlər Nazirliyində, Prokurorluğun nəzarəti altında aparılan istintaq çərçivəsində bir sıra şəxslərin dindirilməsi nəzərdə tutulur.
İfadəsi alınması planlaşdırılan şəxslər arasında Nika Qvaramiya, İrma İnşvili, Nanuka Jorjoliani, Xatia Dekanoidze, Tazo Datunaşvili, Gia Xuxaşvili, Giorgi Liluşvili, Zaza Davitaya, Ermile Nemsadze və Giorgi Gigauri də var.
