ABŞ Konqres üzvləri Marko Rubiodan Gürcüstan hökumətinə qarşı sərt mövqe tələb ediblər
ABŞ Konqresmenləri və senatorları Dövlət katibi Marko Rubiodan Gürcüstan hökumətinə qarşı daha sərt mövqe sərgiləməyə çağırıblar.
Dalğatv xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yaydığı mətbuat relizində bildirilir. Qanunvericilər iki partiyanın dəstəyini alan məktubla dövlət katibinə müraciət edərək, Gürcüstanda anti-Amerika ritorikasının artdığı bir vaxtda, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş əməkdaşlarının və digər ABŞ tərəfindən işə götürülmüş şəxslərin qorunmasını tələb ediblər.
Məktubda Rubiodan Gürcüstan hökumətindən təminat alması istənilir ki, bu şəxslər böhtan kampaniyalarının və hədəf alınmaların qurbanına çevrilməsinlər. Qanunvericilər həmçinin Dövlət Departamentini “Gürcü Arzusu” partiyasının yaydığı və ABŞ əməkdaşlarını təhlükə altına salan “təhlükəli yalanlara” sərt cavab verməyə çağırıblar.
Sənəddə vurğulanır ki, Gürcüstan hakimiyyəti ABŞ-la münasibətləri bərpa etmək istədiyini bəyan etsə də, onun addımları bu bəyanatlarla ziddiyyət təşkil edir.
Məktubu imzalayanlar arasında senatorlar Jean Shaheen, Roger Wicker, John Curtis, Sheldon Whitehouse, eləcə də konqresmenlər Joe Wilson və Steve Cohen yer alıblar.
