Gürcüstan Prezidenti Qaxda gürcü icması ilə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonuna səfəri çərçivəsində “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü icması ilə görüşüb.

“Report” xəbər verir ki, Gürcüstanın dövlət başçısı ölkəmizə, o cümlədən Qax rayonuna səfərinin zəngin təəssüratlarından danışdı, səfərinin çox uğurlu olduğunu bildirib. Azərbaycan Prezidenti ilə görüşdə çox vacib məsələlərin müzakirə olunduğunu deyən Salome Zurabişvili səmimi qarşılandıqlarını məmnunluqla vurğulayıb.

O, səfərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafına daha da təkan verəcəyini qeyd edib. Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş və dost ölkə olduğunu deyən Salome Zurabişvili bildirib ki, birgə həyata keçirilən mühüm layihələr xalqlarımızın rifahına xidmət edir.

“Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar öz milli identikliyini qoruyub saxlayıblar”, – deyən Salome Zurabişvili ölkəmizdə gürcü mədəniyyətinə göstərilən diqqəti də məmnunluqla vurğulayıb.

Görüşdən sonra ali qonağa “El Resort” otelində yaradılan müasir şərait barədə məlumat verilib. Bildirilib ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində dövlət səviyyəsində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ildə istifadəyə verilən “El Resort” oteli də belə turizm obyektlərindən biridir.

Bununla da Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb. Zaqatala Beynəlxalq Aeroportundan Gürcüstanın dövlət başçısını rəsmi şəxslər yola salıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey