Marneulidə din rəhbərlərinin və hökumət nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı, TİKA Tiflis Koordinatorluğunun və Türkiyənin Gürcüstandakı səfirliyinin Din İşləri Müşavirliyinin dəstəyi ilə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Marneulidəki ofisində iftar süfrəsi təşkil olunub.

Tədbirdə din rəhbərləri, Azərbaycan və Türkiyənin ölkəmizdəki səfirləri və hökumət nümayəndələri iştirak ediblər.

Təşkil olunmuş iftar süfrəsində məclisin aparıcısı Hacı Bəkiroğlu qonaqları salamladıqdan sonra Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Mushafları İncələmə və Qiraət Şurasının rəhbəri Hafiz Osman Şahin Qurani Kərim tilavət edib. Sonra isə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov çıxış edərək Ramazan ayının əhəmiyyətindən, fəzilətindən və Ramazan məktəbinin verdiyi dərslərdən söz açıb. Müfti, həmçinin İdarənin fəaliyyəti haqqında da qonaqlara məlumat verib.

Daha sonra idarənin şeyxi Ramin İgidov da çıxışı zamanı Ramazanın rəhmət və bərəkət ayı olmasından, ramazanda edilməsi lazım olan əməllərdən danışıb.

Mərasimdə Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze, Marneuli və Qardabani Rayonları üzrə majoritar deputat Zaur Darğallı, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Türkiyənin Gürcüstandakı səfiri xanım Fatma Ceren Yazqan, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyə prezidentinin baş müşaviri Doktor İsrafil Kışla, TİKA-nın Orta Asiya və Qafqaz Dairə Başqanı Ali Özgün Öztürk, Türkiyənin Gürcüstandakı səfirliyinin Din İşləri müşaviri Əhməd Ərdəm çıxış ediblər.

Tədbirə Gürcüstan Müsəlmanları İdarəsinin Bölgə Müftiləri, imamlar, din xadimləri, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, ziyalılar,Türkiyənin və Azərbaycanın Gürcüstandakı səfirliklərinin məsul işçiləri və Türkiyədən gəlmiş bir sıra rəsmi şəxslər də qatılıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey