Ankarada Azərbaycan, Türkiyə və Gürcüstanın liderliyi ilə gerçəkləşən layihələr yüksək dəyərləndirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Ankarada birgə mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, konfransda Türkiyə-Gürcüstan münasibətlərinin dinamik inkişafı yüksək dəyərləndirilib. Qeyd olunub ki, iki ölkə arasında strateji əməkdaşlıq yalnız iqtisadi sferanı deyil, bütün sahələri əhatə edir. Azərbaycan, Türkiyə və Gürcüstanın liderliyi ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu (TANAP) qaz boru kəmərlərinin gerçəkləşməsinin beynəlxalq əhəmiyyətli iqtisadi nailiyyət olduğu diqqətə çatdırılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Gürcüstanın siyasi müstəqilliyini və ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcək. Tərəflər terrorla mübarizədə ortaq mövqe sərgiləyirlər.
Baş Nazir Giorgi Qaxariya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Gürcüstana səfərə dəvət edib.