Rusiyanın İstanbulda Ukraynaya təklif etdiyi memorandumun müddəları məlum olub
Rusiya Federasiyasının Ukrayna ilə bağlı təqdim etdiyi nizamlanma memorandumu Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın tərkib hissəsi kimi beynəlxalq miqyasda tanınmasını əsas şərtlərdən biri kimi irəli sürür.
“Dalğatv” “APA”-ya istinadən xəbər verir ki, sənəd ümumilikdə 31 maddədən ibarət olub, üç əsas bölməni və atəşkəslə bağlı iki fərqli yanaşmanı əhatə edir.
Memorandumun birinci atəşkəs variantına əsasən, Ukrayna Silahlı Qüvvələri Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tamamilə tərk etməlidir. Bu qüvvələrin Donbass və “Novorossiya” adlandırılan ərazilər də daxil olmaqla, Rusiya hesab edilən bölgələrdən çıxarılması 30 gün ərzində həyata keçirilməlidir.
Sənəddə həmçinin Ukraynanın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalardan tamamilə imtina etməsi və gələcəkdə yeni sanksiyalar tətbiq etməyəcəyi öhdəliyi də yer alır.
Memorandum Ukraynada hərbi vəziyyətin aradan qaldırılmasından sonra 100 gün ərzində prezident və Ali Rada seçkilərinin tarixinin elan olunmasını və sonda sülh sazişinin imzalanmasını nəzərdə tutur. Qeyd olunur ki, Ukrayna ordusunun hərəkətləri yalnız əvvəlcədən razılaşdırılmış məsafəyə qoşunların çəkilməsi məqsədi ilə icazə verilə bilər.
Həmçinin, Ukrayna ərazisində nüvə silahlarının qəbulu və yerləşdirilməsi qadağan edilməli, Qərb ölkələrinin Ukraynaya silah, texnika və kəşfiyyat məlumatları ilə hərbi dəstəyinə son qoyulmalıdır.
Sülh sazişi əldə olunacağı təqdirdə, bu razılaşmanın BMT Təhlükəsizlik Şurası tərəfindən hüquqi qüvvəyə malik bir qətnamə ilə təsdiqlənməsi təklif olunur.
Memorandum, həmçinin Ukrayna tərəfindən siyasi məhbuslara amnistiya verilməsini, müharibə ilə əlaqəli saxlanılan hərbçilər və mülki şəxslərin azad olunmasını tələb edir. Sonda isə Ukraynadakı rusdilli əhalinin hüquqlarının və azadlıqlarının təmin edilməsi yekun siyasi nizamlanma üçün vacib element kimi qeyd olunur.
Sənəddə əlavə olaraq, hərbi əməliyyatlar nəticəsində tərəflərin bir-birinə qarşı iddialardan imtina etmələrinin zəruriliyi də vurğulanır. Bu təkliflər İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti tərəfindən Ukraynaya təqdim edilib.