Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstanda yaşayan azərbaycanlılara müraciət etdi
Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.
Müraciətdə Azərbaycan dövləti və Silahlı Qüvvələrinin onların qarşısında duran vəzifənin öhdəsindən gəlmək üçün bütün lazımi imkanlara malik olduğu bildirilib.
Qeyd olunub ki, bu baxımdan, ölkə kənarından könüllülərin cəlb olunmasına, eyni zamanda, əşya və əmtəə timsalında humanitar yardım və ianələrə də ehtiyac duyulmur.
Müraciəti olduğu kimi sizə təqdim edirik:
“Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində işğalçı Ermənistan Azərbaycana qarşı növbəti məkrli təcavüzə əl atdı. Qəsdən və məqsədli şəkildə törədilən bu hərbi təxribat nəticəsində mülki əhali və hərbi heyət arasında həlak olan və yaralananlar var.
Ermənistanın məqsədi hər vəchlə işğal olunmuş ərazilərdə mövcud status-kvonu uzatmaq, həmçinin ölkənin öz əhalisinin diqqətini çox ciddi sosial və iqtisadi problemlərdən yayındırmaqdan ibarətdir.
Azərbaycan isə, öz ərazi bütövlüyünü müdafiə edir və siyasətini şəffaf və ədalətli şəkildə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində vurğulayıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bütün dünya onu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ərazi bütövlüyümüz beynəlxalq müstəvidə dəstəklənir.
Ölkəmizin yaxın qonşusu və strateji tərəfdaşı olan Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir.
Azərbaycan xalqı bütün dünya ictimaiyyəti qarşısında torpaqlarının işğalı ilə heç vaxt barışmayacağını və bu işğala mütləq şəkildə son qoyacağını qətiyyətlə bəyan edirdi. Təəssüf ki, ərazilərin sülh yolu ilə qaytarılması üzrə uzun illər davam edən danışıqlar işğalçı Ermənistanın mövqeyi səbəbindən müsbət nəticə vermədi. Ermənistanın əməlləri sülh prosesini iflic vəziyyətinə salıb, onun əl atdığı son təcavüz aktı isə Azərbaycana BMT-nin Nizamnaməsinə uyğun olaraq qanuni özünümüdafiə hüququndan istifadə etməkdən başqa bir seçim qoymadı.
Hal-hazırda rəşadətli Azərbaycan Ordusu öz müqəddəs borcunu yerinə yetirərək, Vətən torpaqları uğrunda şərəflə vuruşur, düşmənə, işğalçı orduya sarsıdıcı zərbələr endirir.
Bu hadisələrin cərəyan etdiyi son taleyüklü günlərdə Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən Səfirliyə çoxlu sayda müxtəlif cür yardım və ianə təklifləri, könüllü olmaq istəkləri barədə müraciətlər daxil olur.
Səfirlik Gürcüstan ərazisindəki soydaşlarımıza, onların təşkilatlarına üz tutaraq, göstərilən vətənpərvərliyə, fədakarlığa və həmrəyliyə görə dərin minnətdarlığını bildirir. Bununla belə, aşağıdakıları bildirməyi vacib hesab edir.
Azərbaycan dövləti və Silahlı Qüvvələri onların qarşısında duran vəzifənin öhdəsindən gəlmək üçün bütün lazımi imkanlara malikdir. Bu baxımdan, ölkə kənarından könüllülərin cəlb olunmasına ehtiyac duyulmur.
Eyni zamanda, əşya və əmtəə timsalında humanitar yardım və ianələrə də ehtiyac yoxdur.
Maliyyə ianələri etmək istəyən şəxslər isə onu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu vasitəsilə həyata keçirə bilərlər. Fondun bank rekvizitləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytında https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/ link üzrə əldə oluna bilər.
Bununla bağlı Səfirlik həmçinin nəzərə çatdırır ki, yerlərdə onun adından və ya Azərbaycan Respublikasının digər dövlət qurumları adından pul vəsaitinin toplaması həyata keçirilmir və bu səpkidə səsləndirilə biləcək kimi çağırışlar əsasızdır.
Əziz soydaşlarımız!
Mövcud şəraitdə sizi vəziyyətə anlayışla yanaşmağa, ayıq-sayıq olmağa, mümkün təxribatlara uymamağa və Gürcüstanın qəbul olunmuş norma və qanunları çərçivəsində fəaliyyət göstərməyə çağırırıq. Sizin mənəvi dəstəyiniz, bu günlərdə də həmişə olduğu kimi, Azərbaycanla birgə durmağınız göz qabağındadır.
Səfirlik şəhid olan hərbçilərin və mülki şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir. Vətəninin qurtuluşu uğrunda şəhid olan qəhrəmanlara əbədi xatirə, torpaqları behişt olsun”, – deyə səfirliyin müraciətində bildirilir.