Tbilisidə “İqlim diplomatiyası: COP29 mirası” adlı tədbir keçirilib

Tbilisidə “İqlim diplomatiyası: COP29 mirası” mövzusunda tədbir keçirilib.
“Dalğatv” “Azərtac”a istinadən xəbər verir ki , bu görüş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və Gürcüstanda fəaliyyət göstərən “Yaşıl Ay Gürcüstan” QHT-nin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca COP29-a həsr olunmuş sənədli film nümayiş etdirilib.

Çıxış edən “Yaşıl Ay Gürcüstan” təşkilatının təmsilçisi Həcər Mustafayeva və “Gənclərin Töhfəsi” İB-dən Məshəti Hüseynova layihə çərçivəsində görülən işlər, qarşıya qoyulan məqsədlər və əldə olunmuş nəticələr haqqında məlumat veriblər. Bildirilib ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 konfransı zamanı mühüm qlobal məsələlər müzakirə olunub və əhəmiyyətli qərarlar qəbul edilib.

Konfransın əsas mesajlarına uyğun olaraq, iqlim diplomatiyasının inkişaf etdirilməsi, iqlim dəyişikliklərinə qarşı yeni strategiyaların təşviqi, ictimai sektorun fəallığının artırılması və regional əməkdaşlığın genişləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib. Azərbaycan və Gürcüstanın qeyri-hökumət təşkilatları da bu istiqamətdə əməkdaşlığa sadiq olduqlarını bildiriblər. Tbilisidə bu mövzuda konfransın keçirilməsi, həm də Gürcüstanda yaşayan azərbaycanlı icmanın ətraf mühitin qorunması məsələlərində fəallığının artırılması məqsədi daşıyır.

Tədbirdə iştirakçılar çıxış edərək COP29-un əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsi beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunub. Konfransda BMT Baş katibi başda olmaqla nüfuzlu beynəlxalq qurumların rəhbərləri və 80-dən artıq ölkədən nümayəndələrin iştirakı bu fikrin bariz nümunəsidir.

Tədbirin ikinci hissəsi panel müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Sonda ətraf mühitin qorunması və iqlim mövzusunda fəallıq göstərən iştirakçılara plaket və sertifikatlar təqdim olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey