Kobaxidze və Pezeşkian İrəvanda görüşüblər: İkitərəfli əlaqələr və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə İran Prezidenti Məsud Pezeşkian arasında Ermənistanın paytaxtı İrəvanda görüş keçirilib. Görüşdə iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafı, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Yaxın Şərqdə mövcud vəziyyət müzakirə olunub.
Dalğatv xəbər verir ki, görüş BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində baş tutub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, tərəflər Gürcüstan-İran münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin Yaxın Şərqdə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Kobaxidze Gürcüstanın regionda mövcud münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş diplomatik təşəbbüsləri qətiyyətlə dəstəklədiyini vurğulayıb.
İran Prezidentinin Administrasiyasının yaydığı məlumata əsasən, Məsud Pezeşkian iki ölkə arasında iqtisadi, mədəni və turizm əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. O, mövcud potensialın konkret əməkdaşlıq layihələrinə çevrilməsi üçün aydın və şəffaf mexanizmlərin yaradılmasının, eləcə də birgə fəaliyyət planının hazırlanmasının zəruriliyini bildirib.
Görüş zamanı İran Prezidenti ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara da toxunub. Pezeşkian bu məhdudiyyətləri humanitar prinsiplərə zidd hesab etdiyini bildirib, İrana qarşı həyata keçirilən son hücumları isə əsassız və qeyri-insani addımlar kimi qiymətləndirib.
İran lideri ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edərək, bunun əksini iddia edən məlumatları rədd edib. O, Tehranın dialoq və danışıqlara açıq olduğunu, lakin xarici təzyiqlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb.
İran Prezidentinin Administrasiyasının məlumatında qeyd olunub ki, İrakli Kobaxidze Gürcüstanın qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməmək prinsiplərinə önəm verdiyini bildirib.
Baş nazir Gürcüstan və İran arasında mövcud coğrafi və mədəni yaxınlığa diqqət çəkərək, ikitərəfli əlaqələrin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Kobaxidze, həmçinin iki ölkənin xarici işlər nazirlikləri və diplomatik nümayəndəlikləri arasında əlaqələndirmənin gücləndirilməsinin iqtisadiyyat və turizm sahələrində yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Məsud Pezeşkian da görüşün yekunlarına dair sosial şəbəkə hesabında paylaşım edərək, Gürcüstan və İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün konkret, şəffaf və qarşılıqlı razılaşdırılmış əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyini qeyd edib.
