Putin Ukraynanın hərbi sənaye və logistika obyektlərinə zərbələrin davam etdirilməsi barədə göstəriş verib
Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinə Ukraynanın hərbi sənaye kompleksi obyektlərinə və logistika mərkəzlərinə qarşı genişmiqyaslı və qrup halında zərbələrin davam etdirilməsi barədə göstəriş verib.
Aktual.ge xəbər verir ki, Rusiya lideri bu barədə Birləşmiş Qoşun Qruplaşmasının yardımçı idarəetmə məntəqəsinə səfəri zamanı danışıb.
Putin Ukraynanın Donetsk vilayətinin bütün ərazisi üzərində nəzarətin ələ keçirilməsini Rusiya ordusunun əsas hərbi hədəflərindən biri kimi təqdim edib.
Onun sözlərinə görə, Rusiyanın “Mərkəz” qoşun qruplaşmasının Dobropolye şəhərini nəzarətə götürməsi bu məqsədə nail olunması istiqamətində mühüm addımdır.
Rusiya Prezidenti, həmçinin Ukrayna qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra Rusiya ordusuna verilən tapşırıqlara toxunub. O bildirib ki, əsas məqsəd Ukrayna hərbçilərinin Rusiya ərazisindən çıxarılması və sərhədyanı bölgələrin təhlükəsizliyini təmin etmək üçün qonşu ərazilərdə təhlükəsizlik zonasının yaradılmasıdır.
“Məqsədimiz gələcəkdə Rusiyanın sərhədyanı ərazilərinin tam təhlükəsizliyini təmin etməkdir. Biz bunu Ukrayna ilə mümkün sülh danışıqlarının müzakirə predmetinə çevirməyi planlaşdırmırıq”, – deyə Putin vurğulayıb.
Rusiya lideri çıxışında Luqansk vilayətindəki vəziyyətə də münasibət bildirib. O, vilayətin bütün ərazisinin hazırda Rusiya qüvvələrinin nəzarəti altında olduğunu iddia edib.
Qeyd edək ki, Putinin Donetsk və Luqansk vilayətlərindəki hərbi vəziyyətlə bağlı açıqlamaları Rusiya tərəfinin mövqeyini əks etdirir. Sözügedən ərazilərdə nəzarət vəziyyətinə dair iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
